"Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır" - Millət vəkili

12:55 21.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən 27 il ərzində böyük və şərəfli yol keçib. Azərbaycanın çətin sınaqlarla, təhlükələrlə üz-üzə qaldığı bir dövrdə yaranmış partiya Ulu Öndər Heydər Əliyevin timsalında xalqın istək və arzularını özündə əks etdirirdi. Məhz bu səbəbdəndir ki, təsis olunduqdan qısa müddət ərzində təşkilatlanaraq möhtəşəm bir siyasi gücə çevrildi”.

Bu fikirləri hafta.az-a Milli Məclisin deputatı Sona Əliyeva deyib. Sona Əliyeva bildirib ki, 1990-cı illərin əvvəlində Azərbaycanda xaos, anarxiya hökm sürürdü, müstəqilliyimiz elan olunsa da bu, yalnız kağız üzərində idi. Onun sözlərinə görə, belə bir şəraitdə insanların sabaha ümidi yox idi. Buna görə də, ölkənizin gələcəyini düşünən ziyalılar yeni bir siyasi partiyasının yaradılması ilə bağlı Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Ulu Öndərimiz bu müraciətə müsbət cavab verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda görkəmli siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yaradıldı. Millət vəkili deyib ki, yarandığı vaxtdan qısa müddət sonra hakimiyyətə gələn partiyamız Ulu Öndərimizin rəhbərliyi ilə böyük uğurlara imza atdı. “Xüsusilə vurğulamalıyıq ki, Yeni Azərbaycan Partiyası siyasi sistemin lokomotivi və güc mərkəzidir. Başqa sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır. Partiyanın fundamental resursları sırasına onun öz ətrafında cəmiyyətin ən nüfuzlu ictimai-siyasi fiqurlarını birləşdirməsi, üzvlərinin sayının 750 min nəfərə yaxın olması, güclü siyasi idarəçilik təcrübəsinə malik olması kimi kəmiyyət və keyfiyyət göstəriciləri daxildir. Partiyamızın çoxminli üzvləri Heydər Əliyev ideyalarına sadiq qalaraq bu ideyaların təbliğində, partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin siyasətinin təşviqində aktiv mövqeyə malikdirlər. Bütövlükdə, Azərbaycan cəmiyyətinin intellektual potensialı YAP-ın sıralarında cəmləşib, gənclərimiz və qadınların partiyanın həyatında fəal iştirak edirlər. Beləliklə, 27 ildir fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır. Məhz bunun nəticəsidir ki, YAP bütövlükdə Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsinə çevrilib”-deyə, deputat qeyd edib.

Siyasət rubrikasından digər xəbərlər