10 yaşlı Zeynəb beynəlxalq karate turnirində qızıl medal aldı- Günün təzadları

18:48 16.10.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Milli Qəhrəmanı, Şuşa uğrunda  döyüşlərdə şəhid olmuş məşhur tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş karate üzrə “Olimpiya ümidləri” beynəlxalq uşaq turnirinin  qaliblərindən biri də Xətai rayonu 261 saylı liseyin 5-ci sinif şagirdi Nəbiyeva Zeynəb Anar qızı   oldu. Bu haqda Hafta.az-a qalibin valideynləri məlumat verib. 10 yaşlı Azərbaycan qızı “Sərhədçi” Olimpiya İdman Mərkəzində baş tutmuş  bəhs edilən yarış çərçivəsindəki müxtəlif nominasiyalar üzrə 1-ci və 2-ci yerləri qazanaraq qızıl və gümüş medallara, eləcə də müvafiq fəxri diplomlara layiq görülüb. 2018-ci ildən rayon ərazisindəki “Qara qaplan” karate klubunun (“Baku Maks” idman klubu) üzvü olan Z. Nəbiyevanın  məşqçisi Xudavediyev Seymur Rəşid oğludur. Zeynəbin ilk döyüşü 2018-ci ildə “Qara qaplan” və “Budo-kan” klublarının birgə hazırladığı Aprel şəhidlərinin xatirəsinə həsr edilmiş turnirdə olub. Həmin döyüşdə o, 10-11 yaşlılar arasında 2-ci yeri qazanaraq gümüş medala və fəxri diploma layiq görülüb.  5-ci sinif şagirdinin 2-ci döyüşü isə Heydər Əliyevin xatirəsinə həsr olunmuş karate-do üzrə turnirdə olub. Həmin yarışda da Z.Nəbiyeva 10 yaşlılar arasında 33 kq çəki dərəcəsində yüksək bacarıq nümayiş etdirərək  2-ci yeri tutub, gümüş medal və diplomla  təltif edilib. Qeyd edək ki, 10-dan artıq ölkədən 6-13 yaşlı 800 karateçinin qatıldığı iki gün davam edən beynəlxalq turnirdə birinci yeri məhz Zeynəb Nəbiyevanın üzvü  olduğu "Qara Qaplan" komandası tutub. İkinci pillədə "Zirvə" komandası qərarlaşıb. "Arpaçay" karate klubu isə yarışı üçüncü yerdə başa vurub.  Onu da xatırladaq ki, 10 yaşlı Zeynəbin son yarışındakı qələbəsi  barədə oktyabrın 9-da “Space” telekanalında yayımlanmış verilişdə də bəhs edilib.

 

53 yaşlı azərbaycanlı Almaniyada barrikada qurdu və...

Azərbaycandan olan 53 yaşlı miqrant Almaniyanın İzerlon şəhərində öz mənzilində barrikada qurub və məmurları intihar etməsi ilə hədələdi. Hafta.az Musavat.com-a istinadla bildirir ki, miqrant deportasiya qərarına hədələməklə etiraz edib. Bundan əvvəl məhkəmə ona Almaniyada sığınacaq verməkdən imtina edib. Miqrasiya idarəsinin rəsmiləri 53 yaşlı kişinin saxlanması üçün polis əməkdaşlarından kömək istəyib, bir müddət sonra o, saxlanılıb. Bildirilir ki, kişi saxlanıldıqdan özünə xəsarət yetirməyə nail olub və xəstəxanaya yerləşdirilib. Sağaldıqdan sonra onun deportasiyası məsələsi yenidən qaldırılacaq.

 

Bakıda 54 yaşlı kişi küçədə gedərkən öldü

Bakıda 54 yaşlı kişi vəfat edib. Hafta.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb. 1965-ci il təvəllüdlü Məmmədov Qadir Aydın oğlu rayon ərazisindəki küçələrin birində ölüb. Q.Məmmədovun ölüm səbəbinə hələ aydınlıq gətirilməyib. Meyit daxili və xarici müayinə üçün Tibbi-Ekspertiza Mərkəzinə təhvil verilib.

 

Yasamalda ağac budağı 3 qadını xəstəxanalıq etdi

Bakının Yasamal rayonunda ağacın budağının aşması nəticəsində 3 nəfər xəsarət aldı. Hafta.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Hüseyn Cavid prospektində, metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında baş verib. Ağacın aşması zamanı 1952-ci il təvəllüdlü Məmmədova Sərvinaz Əhməd qızı, 1980-ci il təvəllüdlü Leyla Abbasova və daha bir nəfər qadın (ad və soyadı hələlik məlum deyil) xəsarət alıb. Hər üç yaralı dərhal 1 saylı Xəstəxanaya yerləşdirilib. Onlardan S.Məmmədovaya ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Digər iki nəfərin vəziyyəti orta-ağırdır. Hadisə yerində olan APA-nın əməkdaşlarının məlumatına görə, həmin ağacın daha bir iri budağı da sınaraq avtobus dayanacağının yanına düşüb. Nəticədə xəsarət alan olmayıb. Hadisə zamanı dayanacağa heç bir zərər dəyməyib.

 

Bərdədə 33 yaşlı kişi pambıq tayasından yıxılıb öldü

Bərdə rayonunda 33 yaşlı kişi pambıq tayasından yıxılaraq dünyasını dəyişdi. Hafta.az yazır ki, bu barədə “Report” xəbər yayıb. Hadisə rayon ərazisində yerləşən “MTK-İK” MMC-nin pambıq zavodunda baş verib. Belə ki, 1986-cı il təvəllüdlü Siyavuş Bayramov işlədiyi şirkətin pambıq tayasının üzərindən yıxılaraq  vəfat edib. Faktla bağlı araşdırma aparılır.

 

Azərbaycan-İsveçrə oyunu zamanı yanğın oldu

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası ilə İsveçrə yığması arasında baş tutan Avropa çempionatının seçmə mərhələ oyunu zamanı yanğın baş verdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, yanğın "Kapital Bank Arena"nın inzibati otaqlarından birində elektrik naqillərində olub. Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri dərhal yanğının qarşısını almağı bacarıblar. Qeyd edək ki, bu, "Kapital Bank Arena"da ilk beynəlxalq rəsmi oyundur.