16 dekabr – Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

10:34 16.12.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Təbii fəlakətlərdən, fövqəladə hallardan heç bir ölkə sığortalanmayıb. Hazırda fövqəladə halların qarşısının alınması, əhalinin mülki müdafiəsinin təmin edilməsi dünya dövlətləri üçün əsas prioritetlərdəndir.

Qeyd edək ki, ölkəmizdə də bu məsələyə xüsusi önəm verilir və Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2005-ci il dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin (FHN)  yaradılması bunun bariz nümunəsidir. Sözsüz ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ötən 14 il ərzində Fövqəladə Hallar Nazirliyinin vahid idarəçilik sistemində insan təhlükəsizliyi ilə məşğul olan qurumlarının əlaqəli şəkildə, koordinasiya olunaraq daha çevik formada fəaliyyət göstərməsi üçün çox ciddi addımlar atılıb. Nəticədə nazirliyin maddi-texniki bazası möhkəmləndirilib və adıçəkilən qurumun üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək məqsədilə 9 regional mərkəzin fəaliyyəti təmin olunub.

Vurğulamaq yerinə düşər ki, Azərbaycan vətəndaşlarının təhlükəsiz yaşayışını, onların mülki müdafiəsinin yüksək səviyyədə təşkil edilməsini ali məqsəd sayan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ötən illər ərzində dəfələrlə çətin sınaqlardan layiqincə çıxdılar. Məsələn, 2010-cu ilin yazında Kür çayında baş vermiş daşqının fəsadlarının aradan qaldırılması, Mingəçevir Su Elektrik Stansiyasının ərazisində baş vermiş torpaq sürüşməsi zamanı yaranmış təhlükənin operativ şəkildə aradan qaldırılması, Bakı şəhərindəki Naxçıvani və Murtuza Muxtarov küçələrinin kəsişməsində tikilən 16 mərtəbəli yaşayış binasının uçması nəticəsində əmələ gəlmiş dağıntılar altından insanların xilas edilməsi, sürüşməyə məruz qalmış ərazilərdə zərərçəkmiş əhali üçün yeni yaşayış qəsəbələrinin salınması, Neft Emalı Zavodunda yanğının söndürülməsi zamanı böyük peşəkarlıq nümayiş olundu. Eyni zamanda, Xəzər dənizində yerləşən "Bulla-dəniz" yatağında baş vermiş qəzanın aradan qaldırılması, Binəqədi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında dəhşətli yanğının söndürülməsi, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın və "Azneft" İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması, Nizami rayonunda fəaliyyət göstərən “Diqlas ” ticarət mərkəzində, bir neçə gün öncə isə Binəqədi rayonu ərazisində yerləşən “Eurohome” ticarət mərkəzində baş verən yanğın hadisəsinin aradan qaldırılması istiqamətində və digər əməliyyatlarda əsl şücayət göstərildi. Bundan başqa sözügedən qurum tərəfindən 2012-ci ilin yazında ölkənin şimal-qərb bölgəsində, bu ilin fevralında isə Şamaxı-Ağsu istiqamətində baş verən zəlzələnin nəticələrinin aradan qaldırılmasında əsl fədakarlıq nümayiş olundu, bölgədə minlərlə fərdi evlər, yaşayış binaları, onlarla məktəblər, uşaq bağçaları tikildi, əhali yeni müasir evlərlə təmin edildi.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin xüsusi beynəlxalq axtarış-xilasetmə dəstəsinin müxtəlif ölkələrdə baş vermiş fəlakətlərin nəticələrinin aradan qaldırılması, həmçinin, humanitar yardımların çatdırılması işində nümayiş etdirdikləri peşəkarlığı da yaddan çıxarmaq olmaz. Məsələn, ölkə başçısının tapşırığına əsasən, 2010-cu ildə Rusiya Federasiyasında, 2010-cu və 2016-cı illərdə İsrail Dövlətində, 2017-ci ildə Gürcüstanda baş vermiş meşə yanğınları, 2010-cu ildə Pakistan İslam Respublikasındakı daşqınlar, 2011-ci ildə Türkiyə Respublikasının Van vilayətində zəlzələ, 2012-ci ildə Rusiya Federasiyasının Krasnodar diyarında və Dağıstan Respublikasındakı daşqınlar, həmin il İran İslam Respublikasında baş vermiş zəlzələ, 2014-cü ildə Əfqanıstan İslam Respublikasının şimalında baş vermiş leysan yağışlarının törətdiyi fəsadların, həmçinin, Serbiya Respublikası və Bosniya və Hersoqovinada daşqınların nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq köməklik göstərilib. Bundan başqa,  Azərbaycan Respublikasının hökuməti səviyyəsində 2010-cu ildə Haitidə baş vermiş zəlzələnin, 2013-cü ildə Filippində baş vermiş qarsırğanın fəsadlarının aradan qaldırılması məqsədilə və Somalidə aclıqdan əziyyət çəkən insanlar üçün maddi yardımlar edilib. Eyni zamanda, 2013-cü ildə Misirdəki iğtişaşlarla əlaqədar burada yaşayan azərbaycanlıların, 2015-ci ildə Nepalda baş vermiş dağıdıcı zəlzələ nəticəsində fəlakət zonasında olan soydaşlarımızın və xarici ölkə vətəndaşlarının Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə ilə təcili təxliyəsi həyata keçirilib. 2017-ci ildə Azərbaycan Hökuməti adından Cibuti Respublikasına, həmçinin Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə humanitar yardımlar çatdırılıb və s.

Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli Fərmanı isə Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının üzərinə daha bir məsuliyyətli vəzifə qoydu. Belə ki, həmin Fərmana əsasən, adıçəkilən qurum çoxmənzilli binaların dayanıqlığı, texniki cəhətdən istismara tam hazır olması ilə bağlı rəy verməlidir. Hazırda Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən bu istiqamətdə zəruri tədbirlər davam etdirilir. Görülmüş tədbirlər nəticəsində ötən 8 ay ərzində ümumi sahəsi 3434051 m2 olan 34103 mənzilli, ümumilikdə 620 girişli 203 binaya (kompleksə) dair müsbət rəy verilib. 194-ü Bakı şəhəri, 5-i Abşeron rayonu, 3-ü Gəncə şəhəri, 1-i isə Zərdab rayonunda yerləşən bu binalara dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada onların istismara hazır olması barədə tərtib edilmiş rəy aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Gəncə Şəhər, Abşeron və Zərdab Rayon İcra hakimiyyətlərinə təqdim olunub. Aparılmış müayinələr nəticəsində aşkar edilən çatışmazlıqların aradan qaldırılması üzrə işlərin Fərmanla müəyyən olunmuş vaxtda başa çatdırılmasının təmin edilməsi, bu istiqamətdə qarşıya çıxan məsələlərin operativ həlli üçün birgə fikir mübadiləsinin aparılması məqsədi ilə cari ilin 19 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinin inzibati binasında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib. İclasda Fərmandan irəli gələn məsələlərin icra vəziyyəti müzakirə olunub, ötən dövr ərzində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bu gün FHN əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması da xüsusi diqqət mərkəzindədir. Bununla bağlı ən önəmli hadisə isə Prezident İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması ilə bağlı imzaladığı sərəncam oldu. Məhz Akademiyanın yaradılması əməkdaşların peşə ixtisaslarının artırılması, potensialının genişlənməsi və xüsusi ixtisaslı kadrların yetişməsi ilə bərabər, fövqəladə hallar, mülki müdafiə sisteminin ahəngdar inkişafı yolunda atılan mühüm addımlardandır. Lakin nazirlik bununla kifayətlənmir və fövqəladə halların idarə olunması üzrə böyük təcrübəyə malik bir çox nüfuzlu beynəlxalq və regional təşkilatlarla, o cümlədən xarici ölkələrin müvafiq dövlət qurumları ilə əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi diqqət yetirilir. Nazirliyin təşkilatçılığı ilə ötən illər ərzində mülki müdafiə sahəsində bir sıra regional və beynəlxaq əhəmiyyətli tədbirlər Azərbaycanda keçirilib. Bütün bunlar isə əməkdaşların bilik və bacarıqlarının, peşə hazırlıqlarının daha da artırılması, təcrübə mübadiləsinin həyata keçirilməsi baxımından əhəmiyyətli rol oynayıb.