Sina yarımadası nəzarətdədir

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt
Misirin hakim hərbi şurasının rəhbəri hakimiyyət başında uzun müddət qalmaq istəmədiyini bildirib. Misirin dövlət mediası Hüseyn Tantaviyə istinadən bildirib ki, şura xalqın tələbi yerinə yetirilənədək hakimiyyətdə qalacaq.

Şura fevral ayından, prezident Hüsnü Mübarəkin devrilməsindən sonra ölkəni idarə edir. ABŞ rəsmiləri Misirdə fövqəladə vəziyyətin ləğvinə və hakimiyyətin dünyəvi sistemə keçidinin təmin edilməsinə çağırıb. Misirdə parlament seçkiləri noyabr ayının sonunda keçirilməlidir. Prezident seçkiləri isə gələn ilin sonuna planlaşdırılıb.
Misir Sina yarımadasında tam nəzarəti bərqərar edib və bütün yarımadanın təhlükəsizliyini təmin edib. Bunu hakim silahlı qüvvələr ali şurasının rəhbəri Hüseyn Tantavi bildirib. Bu barədə Misirin MENA agentliyinə istinadən xəbər verir. Bundan əvvəl xəbər verilmişdi ki, Misirin hərbi komandanlığı silahlı ekstremistləri təqib etmək üçün Sina yarımadasının şimalına minə yaxın əsgər və zabit, onlarla tank və zirehli maşın göndərib. Fələstinin Qəzza sektoru ilə həmsərhəd olan Sina yarımadasının şimalı Misirin rayonlarının təhlükəsizliyi baxımından nisbətən daha əlverişsiz yerlərdən biri hesab edilir. Burada habelə gizli silah göndərilməsi ilə məşğul olan qaçaqmalçı bandaları fəaliyyət göstərir. Lakin 2011-ci ilin əvvəlində Misirdə təhlükəsizlik sisteminin dağılmasına gətirib çıxaran xalq həyəcanlarından sonra Sina yarımadasına Misir həbsxanalarından qaçan və ya Qəzza sektorundan göndərilən minlərlə ekstremist toplaşıb.
Misir hakimiyyəti qonşu İsraili qazla təchiz edən boru kəmərinin dəfələrlə partladılmasında, eləcə də Əl-Ərişdəki polis məntəqəsinə hücumda ekstremistlərin əli olduğunu güman edir. O zaman baş verən atışma nəticəsində beş nəfər, o cümlədən bir ordu zabiti və polis əməkdaşları həlak olmuşdu.

Azad Əliyev