20 Yanvar faciəsi qurbanlarının xatirəsi Metropolitendə ehtiramla yad edilib

14:11 20.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vətənimizin azadlığı, müstəqilliyi yolunda canlarını qurban vermiş, xalqımızın qürur mənbəyinə çevrilmiş şəhidlərimizin əziz xatirəsini “Bakı Metropoliteni” QSC-nin kollektivi daim dərin ehtiramla yad edir.

Hafta.az xəbər verir ki, Qanlı Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Bakı Metropoliteni” QSC-də anım mərasimi keçirilib. Təsdiq edilmiş tədbirlər planına əsasən, Bakı Metropoliteni, xüsusən də "28 May", "Elmlər Akademiyası" və "20 Yanvar" stansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Gücləndirilmiş iş rejimi şəraitinə uyğun olaraq, “Nərimanov” elektrik deposunda ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılıb və zərurət yaranacağı təqdirdə xəttə buraxılacaq. Ümumxalq Hüzn Günü ilə əlaqədar səhər 06:00-dan bütün stansiyalarda mərkəzləşmiş radio şəbəkəsi ilə hüznlü musiqi parçaları səsləndirilir. Stansiyalara daxil olan qatarlarda elanları maşinistlər səsləndirirlər. 1990-cı il 20 Yanvar gecəsinin əsas hadisələrinin cərəyan etdiyi ərazidə yerləşən “20 Yanvar” stansiyasının platformasının sütunlarında xüsusi eskizlər əsasında hazırlanmış güllərdən ibarət bədii kompozisiya qurulub. Platformanın hər iki tərəfdən giriş hissəsində metropolitenin güllərdən hazırlanmış loqotipi və hüzn gününün ildönümünü əks etdirən “30” rəqəmi, tam mərkəzdə isə səkkizguşəli ulduz qurulub. Gün ərzində şəhidlərin əziz xatirəsinə əbədi ehtiramın ifadəsi olan, stansiya platformasında metropolitençilərdən ibarət fəxri qarovul dayanır. Saat 12:00-da ölkə ərazisinin, bütün nəqliyyat vasitələrində olduğu kimi, Metropolitendə də qatarların fasiləsiz fit səsi ilə müşayiət olunan anım dəqiqəsi keçirilib. “Bakı Metropoliteni” QSC-nin rəhbər heyəti, kollektivin nümayəndələri, sərnişinlər, eləcə də bu hüzn anını bu stansiyada qarşılamaq üçün gələnlərlə birlikdə fit səsinin müşayiət etdiyi sükut dəqiqəsini “20 Yanvar” stansiyasının platformasında qeyd ediblər. “Bakı Metropoliteni” QSC-nin kollektivi Şəhidlər xiyabanında o müdhiş gecənin qurbanlarının, habelə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə qərənfillər düzüblər. Metropolitençi şəhidlər İlqar Qarayevin və Əflatun Kazımovun da xatirəsi yad edilib, bütün şəhidlərimizin ruhlarına dualar oxunub.

Həmin gün vəzifə borcunu yerinə yetirən “Bakı Metropoliteni” QSC-nin veteran işçiləri - təlimatçı-maşinistlər Cahil Həsənov və Vilayət Əsgərov o müdhiş gecə ilə bağlı xatirələrini bölüşüblər. Bildiriblər ki, həmin gecə maşinistlər səhərədək işlədilər. Keçmiş sovet ordusu 20 Yanvar gecəsi daha çox qırğın törədə bilərdi. Metropolitenin kollektivi bunun qarşısını müəyyən qədər aldı. Yaralılar daşındı və onlara kömək edildi. İnsanlar atılan güllələrdən yayınmaq üçün sığınacaq yeri kimi Bakı metrosuna üz tuturdular. Həmin gün Azərbaycan xalqı öz azadlığını və suverenliyini bərpa etmək üçün meydanlara çıxmışdı. Bu gün hamımız çox şadıq ki, itkilərimiz boşa getmədi və biz Azərbaycan kimi azad bir dövlətdə yaşayırıq. Bu müstəqilliyi və azadlığı neçə-neçə günahsız oğul və qızlarımızın qanı bahasına qazanmışıq. Ona görə Azərbaycanın müstəqilliyini, suverenliyini, istiqlaliyyətini qorumaq və respublikamızı daha da inkişaf etdirmək üçün hamımız dövlətimizin başçısının ətrafında sıx birləşməliyik. Bu faciənin hər il yad edilməsi və kütləvi tədbirlərlə qeyd olunması tam qətiyyətlə deməyə əsas verir ki, Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.