20 Yanvar faciəsinin 30-cu ildönümü Birləşmiş Ərəb Əmirliklərində də qeyd edilib - FOTO

20:55 20.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyirmi Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyində anım mərasimi keçirilib. Bu barədə səfirlikdən məlumat verilib.

Tədbirdə çıxış edən səfir Mahir Əliyev Azərbaycanın azadlıq mübarizəsinin tarixi haqqında məlumat verərək, 20 Yanvar faciəsinin xalqımızın tarixi yaddaşında şanlı səhifələrdən biri olduğunu bildirib. O, 30 il öncə müstəqillik və suverenlik uğrunda mübarizəyə qalxmış xalqımızın başına gətirilən faciə, Sovet İttifaqının müstəqillik uğrunda mübarizəyə qalxmış millətlərin azadlıq arzusunu boğmaq cəhdinin mahiyyəti barədə danışıb.

Səfir yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilən hərbçilər tərəfindən 147 nəfərin vəhşicəsinə qətlə yetirildiyini, 744 nəfərin ağır yaralandığını bildirərək, bu hadisədən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedən ümummilli lider Heydər Əliyevin bəyanatla çıxış etdiyini bildirib. O, məhz Heydər Əliyevin bəyanatından sonra dünya ictimaiyyətinin Bakıda baş verən qanlı hadisələrdən xəbər tutduğunu diqqətə çatdırıb.

Hadisələrin baş verdiyi dövrə nəzər salan səfir həmin dövrün gərgin ictimai-siyasi proseslərindən, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarından söz açıb, faciəni törədənlərin məqsədinin Azərbaycan xalqının iradəsini qırmaq, azadlıq eşqini məhv etmək istəyi olduğunu vurğulayıb.

Səfir bu gün ölkəmizin cənab İlham Əliyev kimi güclü Prezidentinin olduğunu vurğulayaraq, onun rəhbərliyi ilə dünyada respublikamızın mövqeyinin gündən-günə möhkəmləndiyini və öz sözünü demək imkanlarının olduğunu diqqətə çatdırıb.

Səfirliyin ticarət nümayəndəsi Elnur Alıyev 20 Yanvar faciəsinin 1920-ci ildə sovet ordusu tərəfindən Azərbaycanın işğal olunması ilə oxşar ssenari olduğunu bildirib. O, 1990-cı illərdə sovet ordusunun buna nail ola bilmədiyini, çünki artıq Azərbaycan xalqının Heydər Əliyev kimi liderinin olduğunu qeyd edib.

Anım mərasiminin iştirakçıları səfirliyin foyesində təşkil olunmuş, 20 Yanvar faciəsini özündə əks etdirən fotosərgi ilə tanış olublar. Tədbirin sonunda ehsan süfrəsi açılıb.

Qeyd edək ki, 20 Yanvar faciəsi ilə əlaqədar səfirlik tərəfindən hazırlanmış press-reliz BƏƏ Xarici İşlər Nazirliyinə və ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə göndərilib.

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar BƏƏ mətbuatında geniş yazılar dərc olunub.