20 Yanvar faciəsinin 30-cu ildönümü Səudiyyə Ərəbistanında qeyd edilib

13:21 20.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyirmi Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində anım mərasimi keçirilib.

Səfirlikdən hafta.az-a bildiriblər ki, tədbirdə çıxış edən səfir Şahin Abdullayev Azərbaycan xalqının azadlıq mübarizəsi tarixindən danışıb, 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşında şanlı səhifələrdən biri olduğunu bildirib. Səfir 1990-cı ilin 20 yanvar tarixində sovet ordusu tərəfindən Azərbaycanda törədilmiş faciə və azadlığı uğrunda küçələrə çıxmış dinc sakinlərə qarşı törədilmiş cinayətlər haqqında geniş məlumat verib. O, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığı barədə danışaraq, 1985-ci ildə SSRİ-yə rəhbərlik edən M.Qorbaçovun Dağlıq Qarabağı Azərbaycandan ayırmaq və “böyük Ermənistan” qurmaq xəyalı ilə yaşayan erməni şovinistlərinə dəstək göstərdiyini bildirib. Bütün bunların keçmiş sovet imperiyasının sonuncu rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinin nəticəsi olduğunu diqqətə çatdıran səfir Qanlı Yanvar hadisələrində şəhid olanlar və yaralananlar arasında azyaşlı uşaqların, qocaların və qadınların olması, əhaliyə qarşı qadağan edilmiş silahlardan istifadə edilməsi faktları barədə məlumat verib. Diplomat həmin vaxt heç bir vəzifə sahibi olmayan, adi vətəndaş statusuna malik olan ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək keçmiş SSRİ rəhbərliyini Bakıda qan tökdüyünə görə ittiham etdiyini və 20 Yanvar qırğınının Azərbaycan xalqının iradəsini qıra bilmədiyini sübut etdiyini diqqətə çatdırıb. O vurğulayıb ki, bu gün ziyarət yerinə çevrilmiş Şəhidlər xiyabanı Azərbaycanın hər bir vətəndaşının qürur duyduğu müqəddəs bir məkandır.

Sonda tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr olunmuş “Qanlı yanvara aparan yol” qısametrajlı filmini izləyiblər.