Timoşenko günahkar bilindi

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt
Kiyevin Peçora məhkəməsi keçmiş baş nazir Yuliya Timoşenkonu “qaz işi“ ilə bağlı günahkar sayıb. Hakim Rodion Kireyev bildirib ki, Timoşenko 2009-cu ildə Rusiya ilə qaz sazişi imzalayan zaman səlahiyyətlərini aşıb. Bünunla da keçmiş baş nazir ölkəsinə 200 milyon dollar dəyərində maddi ziyan vurub. Onun sözlərinə görə, 2009-cu ildə Timoşenko Moskva ilə qaz danışıqlarındakı direktivləri şəxsən təsdiqləyib. Həmin sazişləri isə hökumət təsdiqləməkdən imtina edib. Bununla da Timoşenko səlahiyyətlərini aşmış olub.
Timoşenkonun özü isə hökm elan olunmamışdan jurnalistlərə bildirib: “Bu qərar mənim həyatımda və mübarizəmdə heç nəyi dəyişməyəcək. Yaxşı oldu ki, qərarı hakim Kireyev yox, prezident Yanukoviç verir“. “İnterfaks“ xəbər verir ki, o, zala daxil olarkən jurnalistlərə gülümsəyib və “Yaşasın Ukrayna“ şüarını səsləndirib. Bu dəfə də o, qərarı ayaqüstə yox, oturaraq dinləyib. Həmçinin Timoşenko hakim qərarı elan edən zaman kompyuterdə xəbərləri oxuyub.
Hökmün elan olunması üç dəfə dayandırılıb. Qeyd edək ki, ittiham tərəfi Timoşenkonun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyir. Vəkillər isə Timoşenkonun günahının olmadığını iddia edir. Baş nazirin özü isə həbsinin tam olaraq siyasi motivlərlə bağlı olduğunu söyləyir. Timoşenko fasilə zamanı jurnalistlərə bildirib ki, dünyada və Ukraynada heç kim buradakı əsassız ittihamlara inanmır. Bu səbəbdən heç kim, hətta Yanukoviç də onun təmiz adını ləkələyə bilməz: “Mən Ukraynanın xeyri naminə işləmişəm. Bundan sonra da belə olacaq. Əgər siz qorxsanız, sizin də həyatınızda Ukraynanı indiki günə salan kimi hesablaşacaqlar. Mənim sağlamlığımla hər şey qaydasındadır. Mən özümdə güc və qüvvə, xüsusilə də Ukraynanı və xalqımı müdafiə etmək məsuliyyəti tapıram. Bu məsuliyyətimdən heç zaman geri çəkilməyəcəm“. O, ittiham aktını prezident Viktor Yanukoviçin hakimiyyətinin zəifliyi kimi qiymətləndirib: “Bu gün Yanukoviçin elan etdiyi bu hökm ukraynalılara bir daha xatırladır ki, diktatorlar özləri getmir, onları devirirlər. Açığını desəm, Yanukoviçə yazığım gəlir. O hesab edir ki, bu yolla öz gücünü göstərir. Bu cür siyasi qərarlar verməklə güclü lider obrazı yaratmağa çalışır. Həqiqətdə isə o, özünü alçaldır“. Qeyd edək ki, Timoşenko 2011-ci ilin avqustun 5-də həbs edilib. Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi isə məhkəməni alçaltması ilə bağlıdır. Müşahidəçilər bildirir ki, qaz məsələsi ilə bağlı məhkəmə qərarı Qərb tərəfindən diqqətlə izlənilir. Bu qərar Timoşenkonun gələcək siyasi taleyini, Avropa Birliyi ilə Kiyev arasındakı münasibətlərin gələcəyini müəyyənləşdirəcək. Əgər qərar həbslə yekunlaşsa, Timoşenko nə qarşıdakı parlament, nə də prezident seçkilərində iştirak edə bilməyəcək.
Məhkəmə qərarı elan edən zaman binanın qarşısına 2 minədək Timoşenkonun tərəfdarları ilə əleyhdarları toplaşıblar. Bununla əlaqədar Kiyevdə təhlükəsizlik tədbirləri gücləndirilib. Bir neçə gün əvvəl isə xüsusi xidmət orqanları qərar elan edilən zaman məhkəmə binasında terror aktının törədilə biləcəyinə dair də xəbərdarlıq etmişdi. Əraziyə onlarla milis avtobusu gətirilib. Həmin avtobuslar bir-birinə elə şəkildə birləşdirilib ki, aralarından keçmək mümkün olmasın. Məsələyə Rusiya tərəfinin də mövqeyi birmənalıdır. Moskva bir neçə bəyan edib ki, Timoşenko baş nazir olanda bağlanılan bütün sazişlər tam olaraq qanunidir. İndi isə Kiyev Moskvanı inandırmağa çalışır ki, həmin sazişlərdə nəzərdə tutulan qiymətlər həddən artıq bahadır. Yanukoviç özü bəyan edib ki, bu sazişlərə yenidən baxılmalıdır. Moskva isə zərurət olacağı təqdirdə Ukrayna ilə sazişlərin qanuniliyini məhkəmədə çəkişməyə hazır olduğunu açıqlayıb.
Müşahidəçilər onu da vurğulayır ki, əgər Timoşenko həbs edilərsə, qarşıdakı parlament seçkilərində Yanukoviç tam şəkildə qələbə qazanacaq. Çünki hazırda ona əsas müxalif qüvvə məhz Timoşenkonun partiyası sayılır. Barəsində həbs qərarı çıxarılacağı təqdirdə isə Timoşenkonun 2012-ci il parlament, 2015-ci il prezident seçkilərində iştirak etmək planları birdəfəlik olaraq dəfn ediləcək.
Azad Əliyev