Perunun paytaxtı Limanın yaranmasının 490-cı ildönümü ötən gün mərasimlərlə qeyd olunub. İspan konkistadoru Fransisko Pizarronun 20 ildən çox əvvəl götürülən heykəli Limanın ən mərkəzi meydanı olan Plaza de Armasa qaytarılıb.
Hafta.az-ın yazdığına görə, bürünc heykəlin açılışında Lima meri Rafael Lopez, həmçinin Madrid Muxtar Administrasiyasının prezidenti İzabel Diaz Ayuso və Pizarronun İspaniyadan gələn varisləri iştirak ediblər.
Diaz Ayuso bu mərasimlə "təkcə bir şəhərin doğulmasını deyil, həm də dünyanı əbədi olaraq dəyişdirən tarixi görüşün başlanğıcını" qeyd etdiklərini söyləyib. Amma buna rəğmən, yaxınlıqda onlarla perulu etiraz nümayişi keçirib. Adının açıqlanmasını istəməyən fəallardan biri "Bu cinayətdir, Peruda, Latın Amerikasında və bütün dünyada yerli əhalinin hüquqlarına qarşı cinayətdir" deyib.
Qalib mənasını verən "konkistador" sözü Latın Amerikasını müstəmləkə edən ispan tədqiqatçılar, əsgərlər və ya macəraçılar üçün istifadə olunur.
İspaniya Krallığı İnka İmperiyasını məğlub edib bölgəni ələ keçirəndə Pizarro Lima şəhərini qurub.
Yerli sakinlər onun mədəniyyətini məhv edən kütləvi qatil olduğunu vurğulayırlar. Heykəli dəstəkləyənlər Perunun öz tarixini silməməli olduğunu bildirirlər.
Amerikalı Çarlz Rumsi tərəfindən hazırlanmış və qılıncı ilə at üzərində Pizarronu göstərən heykəl mərhum heykəltəraşın həyat yoldaşı tərəfindən şəhərin yaranmasının 400-cü ildönümündə Peruya hədiyyə edilib. Artan tənqidlərdən sonra konkistador heykəli 2003-cü ildə şəhər mərkəzindən kənarda, qatar relslərinin yanındakı parka köçürülüb.
Tarixi şəhər mərkəzinin bərpası ilə məşğul olan Luis Boqdanoviç qatarların yaratdığı vibrasiyanın heykəli zədələdiyini vurğulayır.