3-cü Qarabağ savaşına ehtiyac olmayacaq – Polkovnik

12:14 07.07.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün erməni separatçılarının nə deməyindən asılı olmayaraq, Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa edəcək və buna heç kəsin şübhəsi yoxdur, olmamalıdır. Separatçıların “Laçından çıxmayacağıq” sərsəm bəyanatlarına gəlincə, Laçın sənin dədənin torpağı deyil, Laçın Azərbaycan ərazisidir! Azərbaycan qanunları ilə yaşamalısız. Özünüzü Azərbaycan qanunlarından üstün sayacaqsınızsa, anti-terror əməliyyatlarını həyata keçirdib sizi qanunlarımıza tabe etdirəcəyik.

Bu fikirləri hafta.az-a ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib:

“Hazırki şəraitdə 3-cü Qarabağ savaşına ehtiyac olmayacaq. Bu gün Azərbaycan komando qüvvələri hazır vəziyyətdədir. Komando qüvvələri qısa zaman ərzində Laçını təmizləməyə qadirdir. Azərbaycan əhalisi də yaxın vaxtlarda həmin ərazilərdə yaşamağa başlamalıdırlar və başlayacaqlar. İndi bir iki erməni orda bir sıra infrastrukturu qurub yaşayırlar. Azərbaycanlılar da ora qayıtmalıdır.

Prosesin bu dərəcədə qəlizləşməsinə görə həmin ərazilərdə müvəqqəti yerləşən Rusiya sülhməramlıları böyük məsuliyyət daşıyır. Məhz sülhməramlıların öz vəzifə borclarına səhlənkar yanaşması bu problemin dərinləşməsinə gətirib çıxarıb.

Rusiya sülhməramlıları 2020-ci il 10 noyabr sazişindən sonra bu məsələləri paralel olaraq həll etməli idilər. Problemlər həll olunmadığına görə ermənilər başlarından yekə hərəkətlər edirlər. O ərazilər Azərbaycanındır və heç bir vaxt erməniyə imkan vermərik ki, qanunlarımızı tapdalasınlar. Biz öz torpaqlarımızda ermənilərin sifarişi ilə oturub- durmayacağıq. Əgər ermənilər işğal dövründə 28 il Laçında yaradılan şəraitdən şirniklənib bundan sonra da orda yaşayacaqlarını düşünürlərsə, səhv edirlər. Yeni yolun açılmasından sonra ermənilər başa düşməlidirlər ki, bundan sonra separatizmin inkişafı, genişlənməsi üçün imkanları məhdudlaşacaq. Yəni Ermənistandan hansısa qeyri-qanuni yüklərin daşınması və yaxud da Qarabağa kimlərinsə gedib-gəlməsi məsələlərinin qarşısı alınacaq.  Ona görə də ermənilər həm Kəlbəcər istiqamətində atəşkəsi pozur, həm Laçın istiqamətində belə təxribatçı hərəkətlər edirlər. Bunların heç bir perspektivi və nəticəsi yoxdur, olmayacaq. Azərbaycanın öz ərazilərini tam bərpa etmək üçün çox gözləmək lazım gəlməyəcək.

Rusiya sülhməramlılarının etmədiyini Azərbaycan əsgəri özü edir. Rus  sülhməramlıları çoxdan erməniləri çıxartmalı idi. Bunu etmədilər. Biz 28 il ərzində gördük ki, ərazidə olan ATƏT-i Minsk Qrupu və digər qurumlar heç bir iş görmədi və bir dəfə də olsun dillərinə “erməni işğalçıdır” sözünü gətirmədilər. Nəhayət, Azərbaycan işğalçını öz yerində oturtdu və indi də Azərbaycan oğulları kimin nə deməsindən asılı olmayaraq bu məsələni həll edəcəklər.

Laçında hər hansı geniş döyüş əməliyyatlarına ehtiyac olmayacaq. Həm daxili qoşunlar, həm də Müdafiə Nazirliyinin komando qüvvələri qısa müddətdə tam şəkildə hər şeyi öz nəzarəti altına alacaqlar. Sadəcə bunun üçün bir balaca qətiyyət göstərməliyik.  Vaxt keçdikcə ermənilərin ayaqları bir balaca “yer alıb”. 44 günlük savaşdan sonra səs-soraqları gəlmirdi. Son vaxtlar görürük ki, arutunyanlar, balasyanlar, balayanlar bu və ya digər şəkildə özlərini gözə soxurlar ki, onlar da var... Azərbaycan vaxtı uzatmamalıdır. Vaxtın uzadılması ermənilərə sərf edir. Müəyyən hazırlıqların qarşısını almaq üçün qısa müddətdə təsirli addımlar atılmalıdır.

Azərbaycan qarşı tərəfə- ermənilərə və Rusiya sülhməramlılarına xəbərdarlıq edib ki, Laçın yolunda hər hansı bir qanunazidd hərəkətlər olarsa, adekvatlar addımlar atılacaq. Bu da o deməkdir ki, əgər Azərbaycan əsgərinə atəş açılacaqsa biz durub baxmayacağıq.  Azərbaycan lazım olacaqsa bütün vasitələrdən istifadə edib həm separatçları, həm də Rusiya sülhməramlılarını başa salacaq ki, görməli olduğu işi sona qədər başa çatdıra bilər”.

Oxunma sayı 5116
Siyasət rubrikasından digər xəbərlər