38 günahsız insanın ölümü unudulacaq bir hadisə deyil  - Aydın Hüseynov

16:55 13.02.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Rusiya ilə Azərbaycan arasında münasibətlərin tarixi var, bəzən rəvan, bəzən gərgin vaxtları ilə yadda qalıb. Bugünkü vəziyyətin yaranmasında da maraqlı tərəf Azərbaycan deyil”.

Bunu hafta.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib. Qeyd edib ki, Rusiyanın başının üzərini “qara buludlar” alanda, Qərbin təzyiqləri ilə üzləşəndə, Ukrayna “bataqlığı”na çəkiləndə müstəqil siyasət yürüdən Azərbaycan yalnız öz maraqlarından çıxış edərək 2022-ci il fevralın 22-də Moskvada Müttəfiqlik haqqında Bəyannamə imzaladı. Deputatın sözlərinə görə, bu sənədlə iki ölkə arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlər müttəfiqlik səviyyəsinə qaldırıldı. Yəni mehriban qonşuluq, dostluq üçün Azərbaycan tərəfindən bütün addımlar atıldı”.

Deputat qeyd edib ki, təyyarə qəzası ilə başlanan hadisələr təbii ki, münasibətlərə kölgə salır. Onun sözlərinə görə, rəsmi Moskva tərəfindən baş verən qəzaya adekvat cavab verilməsə, Azərbaycanın haqlı tələbləri yerinə yetirilməsə, böyük ehtimalla məsələyə beynəlxalq hüquq prizmasından baxılacaq:

“38 sərnişinin ölümündə günahkar olanlar cəzasız qalmamalıdırlar və inanırıq ki, qalmayacaqlar. Azərbaycan Prezidenti İlham Əliyev ilk gündən qəzanın baş verməsində kimin günahkar olduğunu açıqlamışdı və qarşı tərəfin lazımi addımlar atacağını gözləyirdi. Hətta hadisədən ay yarım sonra “qara qutu”dan çıxan məlumatlar günahkar tərəfin Rusiya olduğunu desə də, yenə Moskvadan xəbər yoxdur.

Yəqin ki, yadınızdadır, 44 günlük müharibədə Naxçıvan istiqamətində Rusiyanın helikopteri vuruldu. Baxmayaraq ki, həmin helikopter o kvadratda olmamalı idi, bu uçuşun təxribat xarakterli olduğu da bəlli idi. Amma Azərbaycan regionda onsuz da gərgin olan münasibətləri dərinləşdirməmək üçün lazımi tədbirləri gördü və Ermənistana bu hadisədən yararlanmaq fürsəti vermədi.

İkinci bir hadisə Azərbaycanın Qarabağ bölgəsində baş verdi, antiterror tədbirlərinin keçiriləcəyi barədə bütün tərəflərə xəbərdarlıqlar edilsə də, Xocalı aeroportunda müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlılarının bir qrupu əməliyyat zonasına daxil oldular və hədəfə çevrildilər. Əlbəttə, Azərbaycan hərbçilərinin əməliyyatın keçirildiyi ərazilərdə bütün silahlıları qanuni hədəf hesab etməsi təbii idi. Yenə də humanistlik nümayiş etdirən rəsmi Bakı hadisədən təəssüfləndiyini bildirdi və ölən sülhməramlıların ailələrinə kompensasiya ödədi.

Bizim üçün də maraqlıdır, Rusiya tərəfi niyə sərnişin təyyarəsinin vurulmasına görə üzr istəmir, cinayətkarları gizlədir, hadisəni ört-basdır etməyə, unutdurmağa çalışır? Amma 38 günahsız insanın ölümü unudulacaq bir hadisə deyil. İnanmaq istərdik ki, Rusiya-Azərbaycan münasibətləri fərqli müstəviyə keçməyəcək, Moskva lazımi addımları atacaq, cərnişinlərin həlak olmasında gühahı olanlar sərt şəkildə cəzalandırılacaqlar”.