60 yaşlı şəxs “kəşfiyyatçı”, “hacı” adları altında dələduzluq etdi – Günün təzadları

19:34 20.05.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Özünü "kəşfiyyatçı", "din adamı" kimi tanıdıb dələduzluq edən 60 yaşlı şəxs hakim qarşısına çıxarıldı. Hafta.az xəbər verir ki, Səbail Rayon Məhkəmsinin qərarı ilə 1960-cı il təvəllüdlü Nazim Quliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Məhkəmənin qərarı ilə onun barəsində seçilmiş həbs müddəti daha 3 ay uzadılıb. Məlum olub ki, Nazim Quliyevə qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq; təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq; xeyli miqdarda törədildikdə) maddəlri ilə ittiham irəli sürülüb.

Nazim Quliyevin həbsi ilə bağlı maraqlı iddialar var.

N.Quliyevin dələduzluq əməli televiziya kanallarının birində yayımlanan proqramda açılıb. Məlum olub ki, N.Quliyev bir neçə rayonda məskunlaşaraq dələduzluq edib. Naxçıvanın Culfa rayonunun Əbrəqunus kəndində doğulan N.Quliyev bir neçə dəfə qeyri-rəsmi ailə qurub. Seçdiyi xanımlar, əsasən, evlilik yaşını ötmüş qadınlar olurmuş. O özünü dindar kimi tanıdaraq, insanlarda özünə qarşı güvən yaradıb. Hər dəfə evləndiyi kənddə əvvəlcə oranın məscidini təmir etdirib, sonra bir neçə nəfəri öz pulu ilə Məşhəd ziyarətinə göndərib, yas yerlərinə maddi yardım edib və sair.

Beləcə, dələduzluq məqsədilə məskən saldığı kəndlərdə insanların etimadını qazanıb və kənd sakinlərindən pul alıb. Aldatdığı şəxslərdən hərbi təqaüd düzəldəcəyinə, sosial evlərdən mənzil alacağına, nazirliklərdə vəzifəyə qoyacağına söz verərək 100 minə yaxın pul alıb.

İnsanlarda özünə qarşı mərhəmət yaratmaq üçün o, həyat yoldaşının Aprel döyüşlərində yaralandığını, sonra isə öldüyünü deyib. N.Quliyev adının başqa yerlərdə çəkilməməsi, haqqında danışılmaması üçün özünü həm də gizli kəşfiyyatçı kimi də təqdim edib. Məskunlaşdığı rayonlarda özünü müxtəlif adlarla təqdim edərək insanlardan işə düzəltmək adı ilə pul alıb.

 

Saatlıda qardaşına narkotik satan şəxs tutuldu

Saatlı rayon sakini, əvvəllər məhkum edilmiş Adəm Zeynalov öz qardaşına 10 manat müqabilində heroin satarkən saxlanılaraq Saatlı Rayon Polis Şöbəsinə gətirilib.

Hafta.az  yazır ki, DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə,  A.Zeynalov RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.  Şəxsi axtarış zamanı onun üzərindən 1 büküm heroin aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə A.Zeynalovun yaşadığı ünvana baxış keçirilən zaman oradan polietilen torbada təmiz çəkisi 3 kq 570 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar davam etdirilir.

 

Canlı yayımda AzTV əməkdaşının saçını kəsdilər

AzTV-də yayımlanan “Gün başladı” proqramının aparıcısı Xədicə Sənanqızı gözlənilməz sürprizlə qarşılaşdı.

Hafta.az-ın yazdığına  görə, sözügedən verilişdə qonaq olan dünyaca məşhur stilist və vizajist Anar Ağakişiyev əlinə qayçı alaraq aparıcının saçlarını kəsib. “Həyatım boyu başıma belə bir oyun gəlməmişdi. Veriliş gedə-gedə saçımı kəsdilər. Bu, sizə borc olsun. Saçlarımı neçə ildir uzadıram”, - deyə X.Sənanqızı bildirib. Öncə üzündən narahatlıq hiss olunan aparıcı güzgü qarşısına keçəndən sonra, A.Ağakişiyevin əl işini bəyəndiyini vurğulayıb.

 

ATV-nin əməkdaşı koronavirusa yoluxdu

“Əməkdaşımız istiliyi olduğu üçün həkimə müraciət edib. Bu zaman ondan test götürülüb. Testin ilkin nəticəsi pozitiv çıxıb”.

Hafta.az yazır ki, bu sözləri “Azad Azərbaycan”nın İcraçı direktoru İsmayıl Həsənov kanalın Xəbərlər Departamentinin müxbiri Mahmud Rövşənoğlunun koronavirusa yoluxması ilə bağlı “Qafqazinfo”ya açıqlamasında dedi. O bildirib ki, jurnalist hazırda karantin şəraitindədir.

“Bildiyiniz kimi, test bir neçə dəfə aparılır. Hazırda karantinə götürülüb. Vəziyyəti normaldır. Danışmışıq, səhhətində hər hansı bir ağırlaşma yoxdur. Testin ikinci cavabını gözləyirik və ümid edirik, əməkdaşımızın testinin ikinci nəticəsi neqativ çıxacaq. 

Virusa hansı şəraitdə yoluxduğu bilinmir. İnsanlar tək işdə olmur, şəhərdə, müxtəlif yerlərdə olur. Demək olmaz ki, iş başında yoluxub. Yalnız sözügedən əməkdaşımız karantinə yerləşdirilib".

 

82 yaşında 51 il eyni komandada  baş məşqçi olduğu bilindi

Rusiyanın qadın voleybolçulardan ibarət "Uraloçka" komandasının baş məşqçisi Nikolay Karpol dünya rekordu müəyyənləşdirdi.

Hafta.az yazır ki, əfsanəvi mütəxəssis 51 ildir Yekaterinburq komandasında çalışır. 82 yaşlı baş məşqçi adının "Ginnesin Rekordlar Kitabı"na salınması üçün hələ müraciət etmədiyini bildirib: "Mən artıq rekordu bir il keçmişəm. Eyni komandada 51 il işləmişəm. Amma hələ müvafiq ərizə verməmişik".

Karpol dünya rekordu müəyyənləşdirmək istədiyini hələ 2017-ci ildə açıqlamışdı. O, Ginnesin Rekordlar Kitabına düşmək üçün tarixi nailiyyəti təsdiqləyən lazımi sənəd və sübutları təqdim etməlidir. Ahıl yaşına rəğmən, o, gələn mövsüm də "Uraloçka"nın sükanı arxasında olacaq. Rusiyalı mütəxəssis bu komandaya 1969-cu ildən rəhbərlik edir.

Qeyd edək ki, Nikolay Karpol dünyada voleybol, Rusiyada isə oyun növləri üzrə ən titullu baş məşqçisidir. O, eyni zamanda çalışdığı SSRİ millisi ilə 2 dəfə (1980, 1988) olimpiya, bir dəfə (1990) dünya, 3 dəfə (1979, 1989, 1991) Avropa, Rusiya yığması ilə 4 dəfə (1993, 1997, 1999, 2001) Avropa çempionluğu əldə edib. "Uraloçka"da isə Karpol 11 dəfə SSRİ çempionu, 3 dəfə SSRİ Kuboku, 14 dəfə Rusiya çempionu, 8 dəfə Avropa Çempionlar Kuboku və 1 dəfə Kuboklar Kubokunun qalibi olub.

 

Meşədə 50 təzə “Toyota Camry” tapıldı

Rusiyanın Çelyabinsk vilayətində - Smolino gölünün yaxınlığındakı meşədə onlarca yeni “Toyota Camry” avtomobili aşkar edildi.  Hafta.az  Rusiya mediasına istinadən xəbər verir ki, şahidlər, təxminən, 50 bahalı avtomobil sayıblar.  Kortəbii park edilmiş qara biznes-sedanlarının fotoları yerli 74.ru. saytı tərəfindən yayımlanıb. Nəşrin yazdığına görə, avtomobillər, təxminən, altı ay ərzində ağaclar arasında boş dayanıblar. Onlar  əvvəlcə “ŞOS» və “BRİKS” sammitləri, eləcə də digər tədbirlər üçün nəzərdə tutulubmuş. Avtomobillər  kiçik konvoylarla sürülərək, Çelyabinsk regional reabilitasiya mərkəzinin ərazisində açıq havaya yerləşdiriliblər. “Toyota”lar  büdcəyə 120 milyon rubla başa gəlib.  Lakin bu günə qədər təyin olunmuş məqsədlər üçün istifadə edilməyib.

Oxunma sayı 237