81 yaşlı kişi “Volvo” ilə ana və 2 yaşlı oğlunu öldürdü - Günün təzadları  

18:24 05.11.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verdi.  Hafta.az-ın yazdığına görə, BAKU.WS xəbər verir ki, hadisə Sumqayıt-Novxanı yolunda qeydə alınıb. Bakı şəhər sakini, 81 yaşlı Əliyev Şamil Əlihüseyn oğlunun idarə etdiyi “Volvo” markalı avtomobillə 55 yaşlı Quliyev Mehman Dadaş oğlunun idarə etdiyi “Hyundai” markalı maşın toqquşub. Hadisə zamanı hər iki avtomobil deformasiyaya uğrayıb, “Hyundai”da olan sərnişinlər, 25 yaşlı Rüstəmova Türkanə Məmməd qızı və onun övladı, iki yaşlı Quliyev Yusif Orxan oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hər iki yaralı xəstəxanada vəfat edib. Faktla bağlı cinayət işi başlanıb.

 

Paraşütlə atlanan müsəlman qız ABŞ-da öldürüldü

Nyu-Yorkun Staten adasındakı Bluminqdeyl parkında  tanınmış gənc  müsəlman fəalı Olya Salemin cəsədi aşkar edildi. Hafta.az-ın  xarici İslam saytlarına istinadla  verdiyi xəbərdə  cəsədin yarpaqlarla örtüldüyü və qızın  tam geyinmiş formada həlak olduğu bildirilir. 25 yaşlı O.Salemin bədənində ciddi xəsarət izləri olmayıb, yalnız süründürmə izləri müəyyən edilib.  Tanıyanlar deyir ki, o, qorxmaz, cəsur bir qız olub. Olya hələ yeniyetmə vaxtlarında hicab geyinmə hüququnu pozmağa çalışdıqları zaman böyüklərlə mübahisələrə girərdi. Bu müsəlman qız könüllü olaraq işlədiyi sığınacaqda məişət zorakılığı qurbanlarına kömək edər və boş vaxtlarında paraşütlə atlanardı. "O, fiziki cəhətdən çox güclü idi"- deyə  mərhum müsəlman fəal  haqqında danışan rəfiqəsi Daniya Darviş təəccüblənir: "Bu, bir qətldirsə, onu kim öldürə bilərdi - axı o, çox kişilərdən də güclü idi". Müsəlman bir qadın və ictimai fəalın ölümündəki şübhəli hallara baxmayaraq Amerika polis bu cinayətlə bağlı cinayət işi açmayıb və heç kim həbs olunmayıb.  Amma yaxınları  Olyanın şəxsi həyatında da hər şeyin yaxşı olmadığını söyləyib.  Ölümündən bir il öncə əri ilə münasibətləri pozlub və ayrılıblar. Onlar hər ikisi mühafizə orderinə müraciət ediblər.  Olyanın atası Kabari Salemin dediyinə görə, bu yaxınlarda qızı tanımadığı bir avtomobilin onu necə təqib etməsindən danışıb. O, son vaxtlar nədənsə izlənilmədən qorxub...

 

Türkiyə Suriyada 125 mln. pulsuz çörək payladı

Türkiyənin İnsan Hüquqları və Azadlıqlarını Müdafiə Humanitar Yardım Fondunun (İHH)  Suriyada sutkada 400-500 min çörək payladığı bilindi. Hafta.az Moderator.az-a istinadla xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə İHH rəhbəri Səlim Tosun danışıb. Onun sözlərinə görə, təşkilat suriyalı ailələr arasında çörək paylamaqda davam edir. Fondun rəhbəri bu humanitar təşkilatın Suriyadakı çörəkbişirmə sexlərində həftədə 6 gün çörək bişirildiyini söyləyib. S.Tosun  çörəkbişirmə sexlərində 80 adamın çalışdığını və Suriyadakı məcburi köçkün düşərgələrində hər gün 400-500 min çörək paylandığını bildirib.  Onun sözlərinə görə, Suriyada 10 ay ərzində İHH xətti ilə 125 milyon çörək paylanıb. Araşdırmadan bəlli olub ki,  bu türk təşkilatı 2018-ci ildə Suriyada 270 milyon çörək paylayıb. 

Xatırladaq ki, 1992-ci ildə qurulan Türkiyənin İnsan Hüquqları və İnsan Azadlıqlarını Müdafiə və Humanitar Yardım Fondu (İHH) dini və irqindən asılı olmayaraq dünyada ehtiyacı olanlara kömək edir. Fond 5 qitədə, 135 ölkədə fəaliyyət göstərir, müharibə, aclıq, su, ərzaq qıtlığı və təbii fəlakətlərdən əziyyət çəkənlərə yardım edir.

 

Mingəçevirdə qəbir daşı ustanın üstünə aşdı

Mingəçevirdə daş ustası yonduğu qəbir daşının onun üzərinə aşması nəticəsində xəsarət aldı. Hafta.az xəbər verir ki,  APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Samux küçəsində yerləşən qəbir daşları sexində baş verib. 1962-ci il təvəllüdlü Elman Osmanov material kimi daşı yonan zaman ehtiyatsızlıqdan qəbir daşı onun üzərinə aşıb. Nəticədə qol və ayaq nahiyəsindən müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

 

Mərcə 41 yumurta yeyən şəxs öldü

Hindistanın Uttar Pradeş ştatının Jaunpur bölgəsində ardıcıl olaraq 41 yumurta yeyən şəxs həyatını itirdi. Hafta.az xəbər verir ki, bu barədə "Dailymail" məlumat yayıb. Məlumata görə, 42 yaşlı Subhash Yadav və dostu 2 min hind rupisindən (161 manat) mərcə giriblər. Onlar öz aralarında 50 yumurtanı tez yeyən şəxsin qalib gələcəyini bildiriblər. Yadav 42-ci yumurtanı yeyərkən huşunu itirib xəstəxanaya aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Xəstəxana rəhbərliyi Yadavın həddindən artıq yeməkdən öldüyünü açıqlayıb.