MDB-də ən mükəmməl ümumi tarazlıq modeli...

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt

“Ölkə iqtisadiyyatını uzunmüddətli dövr üçün proqnozlaşdırmağa imkan verəcək“

Azərbaycanda sosial-iqtisadi göstəricilərin proqnozlaşdırılması üçün ümumi tarazlıq modelinin işlənməsi 8 ay ərzində başa çatacaq. Bu barədə İqtisadi İnkişaf Nazirliyi nəzdində İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev məlumat verib.

Belə ki, Bakıda İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu ilə ABŞ-ın “EcoMod“ Araşdırmalar Mərkəzi arasında ölkənin sosial-iqtisadi göstəricilərinin proqnozlaşdırılması üçün ümumi tarazlıq modeli işlənməsi haqqında müqavilə imzalanıb.
“2006-cı ildə Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə ümumi tarazlıq modelinin hazırlanması üzrə layihənin həyata keçirilməsi başlayıb və işlər 2008-ci ilin əvvəlinə qədər davam edib. Belə ki, modelin hazırlanması üçün informasiya və mütəxəssis çatışmazlığı ilə əlaqədar layihə dayandırılmışdı. 2009-cu ilin sonuna biz bu istiqamətdə işlərə yenidən başladıq və məlum oldu ki, layihə özünün əhəmiyyətini saxlayıb“, - Vəliyev bildirib. Onun sözlərinə görə, instituta belə işlərin aparılmasına təxminən üç il vaxt lazım olardı, ancaq ilkin işlənmələrin olması ilə əlaqədar layihənin reallaşdırılması müddətini səkkiz aya qədər azaltmaq mümkün olub: “Yaradılacaq model MDB ölkələrində ən mükəmməlidir və onun istifadəsi üçün daha çox imkan var. Bu model sahələrarası qarşılıqlı əlaqələri, regional münasibətlərin səviyyəsini araşdırmağa, sosial-iqtisadi göstəriciləri hesablamağa, orta və uzunmüddətli proqnozlar verməyə imkan verir“.
Onun sözlərinə görə, layihənin maliyyələşdirilməsi institutun daxili imkanları hesabına həyata keçirilir.
Modelin hazırlanması 2006-cı ildə Asiya İnkişaf Bankının təşəbbüsü ilə olub. Layihə AİB-in qrantı çərçivəsində 600 min dollara həyata keçirilib və iki ilə hesablanıb. AİB-in texniki köməyi çərçivəsində treninqlərin keçirilməsi üçün ABŞ-ın “ECOMOD Network“ şirkəti və London “Business University“dən məsləhətçilər cəlb olunub.
Ekspertlər hesab edir ki, adıçəkilən modelin tətbiq olunması mütəxəssislər tərəfindən təşkil olunarsa, müsbət nəticə əldə etmək olar. İqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, ölkəmizin iqtisadi gücünü artırmaq məqsədilə bu cür modellər son zamanlar geniş tətbiq olunur: “Məsələn, büdcə tərtib olunarkən vergi gəlirləri proqnozlaşdırılır. Bu da təbii olaraq müəyyən mənada müsbət irəliləyişlər əldə etmək üçün geniş imkanlar açır. Ümumiyyətlə isə belə modellər ekonometrik tiplərə aid edilir. Bu modelin Azərbaycanda tətbiq olunması isə təbii ki, iqtisadiyyatın real qiymətləndirilməsinə və adıçəkilən sahədə müəyyən problemlərin aradan qaldırılması üçün konkret olaraq mexanizimlərin yaradılmasına imkan verəcək“.
İqtisadçı-ekspert Vüqar Bayramov isə bildirdi ki, belə bir modelin hazırlanmasına ehtiyac böyükdür: “Ümumiyyətlə, istənilən halda dünyanın bütün ölkələrində iqtisadiyyatın proqnozlaşdırılması və inkişafın əldə ediləməsi ilə bağlı müəyyən modellər tətbiq edilməlidir. Onu da deyim ki, son zamanlar ölkənin iqtisadiyyatı sürətlə inkişaf etsə də, mövcud inkişafın göstəriciləri ilə bağlı xüsusi model yoxdur. Lakin iqtisadi göstəricilərin proqnozlaşdırılması, müəyyən balansların tapılması və hesablanması vacibdir“. Ekspert qeyd edir ki, bütün hallarda iqtisadi modellərin tətbiqi reallığı əks etdirən və daha dolğun iqtisadi göstəricilər əsasında mümkündür: “Əgər modelin tətbiqi Azərbaycanda öz müsbət həllini taparsa, bu, ölkə iqtisadiyyatını uzunmüddətli dövr üçün proqnozlaşdırmağa imkan verəcək“.
Sevda Zahidqızı