“İki əsrlik əmək və səylər gələcəyə daha nikbin baxmağa şərait yaradıb” – Kolumbiya səfiri

12:20 03.08.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kolumbiya dövlətinin müstəqilliyinin 210-cu ili tamam olur. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da koronavirus pandemiyası səbəbilə karantin rejimi hökm sürdüyündən, Səfirlik bayram münasibətilə rəsmi qəbul təşkil edə bilməsə də, Kolumbiyanın ölkəmizdəki səfiri Luis Antonio Dimate Kardenas Milli Günü münasibətilə müraciət yayıb.

Səfirin müraciətində deyilir: “1810-cu ilin 20 iyul tarixində başlayan və 9 il sonra Boyaka döyüşü ilə ölkəmizin azadlığının əbədi olaraq möhürləndiyi bu mötəbər tarixdə sizləri salamlamaqdan böyük şərəf hissi duyuram. Məhz bu gün azadlığı bizə qazandıran, əvəzində isə özlərini qurban verərək böyük və suveren bir dövlətin əsaslarını yaradan qəhrəmanlarımızı yad edirik. Həmin o qəhrəmanlıq şücaətlərinin göstərildiyi zamandan düz iki əsr keçir. O iki əsrlik əmək və səylər bizlərə bu gün gələcəyə daha nikbin baxmağa şərait yaradır”.

Səfir Kardenas deyib ki, bu gün Kolumbiya güclü və sabit iqtisadiyyatı olan, sülhə, demokratiyaya, insan hüquqlarına və dayanıqlı inkişafa sadiq, öz xalqının rifahı və tərəqqisi üçün Prezident İvan Duke tərəfindən irəli sürülən qanunçuluq, təşəbbüskarlıq və bərabərlik prinsiplərini rəhbər tutaraq bütün öhdəlikləri layiqincə həyata keçirən dövlətdr.

“Bu gün Kolumbiya beynəlxalq arenada get-gedə daha da fəal rol oynayan, əməkdaşlığa öz tohfəsini verir və təşviq edir, digər ölkələrlə dostluq və həmrəylik əlaqələrini daha da möhkəmləndirməyə çalışır. O cümlədən, dost ölkə olan Azərbaycanla mükəmməl siyasi dialoqdan əlavə, ticarət, mədəni, təhsil və digər sahələrdə getdikcə dərinləşən münasibətlərimizdə son illərdə qazandığımız uğurlu nailliyətlərimiz buna bariz nümunədir”, - deyib Kolumbiyanın ölkəmizdəki səfiri.

Kolumbiyanın Azərbaycanda ilk səfiri olaraq, dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənməsinə qətiyyətlə çalışacağını deyən diplomat əlavə edib ki, səfirlikdə çalışan həmkarları, eyni zamanda, Azərbaycanın inkişafına öz fəaliyyəti və zəhməti ilə xidmət göstərən, burada yaşayan kolumbiyalılar bu uğurlu yolda onu müşayiət edirlər.

“Builki milli yubileyimizi fiziki olaraq həyata keçirə bilməsək də, mövcud sağlıq böhranının tam içində qeyd edirik. Buna baxmayaraq, əminəm ki, çətinliklərdə daha çox qüvvə ilə ortaya çıxan həmrəylik ruhu ilə qardaş xalqlar olaraq daha güclü və möhkəm şəkildə bu vəziyyətdən çıxmağa nail olacağıq”, - diplomat qeyd edib.

Səfir müraciətini bu sözlərlə bitirib: “Kolumbiya Prezidenti İvan Duke və Xarici işlər naziri Klaudia Blumun Azərbaycan xalqının tərəqqisi və rifahı, həmçinin, ölkələrimizi bir-birinə daha da yaxınlaşdıran dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə dair ən xoş arzularını Azərbaycan hökumətinə bir daha çatdırıram”.

Bir az da Azərbaycanla Kolumbiya dövləti arasında əlaqələrin müasir vəziyyətindən söz açaq:

Kolumbiya ilə Azərbaycan arasında münasibətlər sürətlə inkişaf etməkdədir. İki ölkə arasında diplomatik əlaqələr 13 sentyabr 1994-cü ildə qurulub. İki ölkə rəhbər şəxslərinin, o cümlədən Xarici işlər nazirlərinin dəfələrlə qarşılıqlı səfərləri həyata keçirilib ki, bu da iqtisadi-siyasi, elmi-mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə stimul verib.

Ölkələrimizin bir-birinə hörmətinin başlıca təzahürü kimi qarşılıqlı olaraq ərazi bütövlüyünü tanıma, ölkələrimizin suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına sayğı və dəstəyi göstərə bilərik. Hər iki ölkə güc yolu ilə ərazilərin tutulmasının qəbuledilməz olduğunu qıbul edir.

Kolumbiya dövləti ilk gündən Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan ordusu tərəfindən işğal edilməsi faktına qarşı ciddi etirazını ortaya qoymaqdadır. Rəsmi Kolombo hökuməti bu fikirdədir ki, Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll olunmalıdır. Bunun üçün isə BMT nizamnaməsinin məqsədləri, prinsipləri və müddəalarına, beynəlxalq hüququn qaydalarına və BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş qətnamələrinə əməl edilməlidir.

Bu yerdə xatırlatmaq vacibdir ki, Kolumbiya Senatının II konstitusional daimi komitəsində “Azərbaycan Respublikasının ərazisinin qanunsuz işğal edilməsi” adlı qətnamə, həmçinin Senatın Xarici Əlaqələr Komissiyası Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar sənəd qəbul edib.

Ölkələrimiz arasında iqtisadi-ticarət, təhsil, turizm, kənd-təsərrüfatı, enerji, logistika, sərmayələrin qoyuluşu və humanitar sahələrdə qarşılqılı faydalı əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Təhsil sahəsində əməkdaşlıq çərçivəsində tələbə və tədqiqatçıların mübadiləsi xüsusilə diqqət çəkir. Hazırda iki ölkənin müvafiq diplomatik tədris və təlim müəssisələri arasında əməkdaşlıq mövcuddur. Kolumbiya XİN-nin dəstəyi ilə Azərbaycan XİN-in əməkdaşları üçün ispan dili kursları təşkil edilir.

Təəssüf ki, ölkələrarası ticarətin həcmi çox aşağıdır, bu da mövcud iqtisadi potensiala qətiyyən cavab vermir. Ona görə də ticarətin həcmini artırmaq üçün iki ölkənin biznes icmaları arasında birbaşa təmaslar qurmaq vacibdir. Ticarətdə əlaqələrin şaxələndirilməsi məqsədilə Qafqaz regionuna yad olan yeni tropik meyvələrin gətirilməsi üçün xüsusi layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Yeri gəlmişkən, Kolumbiya tərəfi Göyçay, Kürdəmir, Zaqatala və Hacıqabul kimi Azərbaycan rayonlarında nar və fındıq istehsalında əməkdaşlıq etmək istəyini açıq şəkildə bildirməkdədir. “Red Valley” Azərbaycan şirkətinin Kolumbiyaya bəxş etdiyi 1200 nar ağacı artıq Kolumbiyanın Kauka Cayl vadisində yetişdirilməkdədir.

Bu gün ölkələrimizin parlamentləri arasında da geniş əməkdaşlıq mövcuddur. Milli Məclisdə Azərbaycan-Kolumbiya Parlamentlərarası Dostluq Qrupu fəaliyyət göstərir.

Ölkələrimiz arasında humanitar sahədə də ciddi əlaqələr mövcuddur. Məsələn, Kolumbiyanın Eksternado Universitetində yaradılan Türkiyə-Azərbaycan Araşdırmalar Mərkəzinin qarşılıqlı əlaqələrin gücləndirilməsində böyük rolu var..

Ölkələrimiz arasında 5 sənəd imzalanıb.

Oxunma sayı 4068
Siyasət rubrikasından digər xəbərlər