İkinci əl paltarlar Azərbaycanda 15-20 dəfə baha satılır – Eyyub Hüseynov

18:11 28.01.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

İkinci əl mallar bütün dünyada istehlakçı hüquqlarını pozan ciddi məsələlərdən biridir. Burada avtomobillər və evlər ilk sıralarda dayanır. İkinci əl geyimlərlə bağlı şikayətlər ildən-ilə azalır.

Bu fikirləri hafta.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib:

“Avropa ölkələrində ikinci əl paltarların hansı şəraitdə toplanmasına öz gözlərimlə şahid olmuşam. Müxtəlif müqavilələr əsasında belə paltarlar həm də Azərbaycana gətirilir. Həmin paltarlar alış qiymətindən 15-20 dəfə baha satılır. Apardığımız araşdırmalara görə, həmin paltarların içərisində 5 yaşından kiçik uşaqlar üçün geyimlər olmamalıdır. Biz isə görürük ki, bu yaş kateqoriyası üçün geyimlər satışda mövcuddur. Belə məhsullar başqa ölkələrə xas olan dəri xəstəliklərinin ölkəmizə gəlməsinə səbəb olan ilkin amillər sırasındadır”.

Ekspertin sözlərinə görə, daxil olan şikayətlərin əksəriyyəti alınan paltarların qaytarılması və dəyişdirilməsi ilə bağlıdır. E.Hüseynov daha sonra vətəndaşlara satıcının təmizlik vədlərinə inanmamağı tövsiyə etdi. O bildirdi ki, ikinci əl geyim alan hər kəs onu  yuduqdan və ütülədikdən sonra istifadə etməlidir.

Oxunma sayı 56