İKT-nin inkişafında yeni Agentliklər hansı rolu oynayacaq? – Müsahbə

10:52 14.10.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, oktyabrın 11-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərman imzalayıb.Sözügedən sənədlə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb. Fərmana əsasən, yeni nazirliyin tərkibində 4 publik hüquqi şəxs fəaliyyət göstərəcək. Bunlardan ikisi İKT sektoru ilə bağlı qurumlardır. Belə ki, nazirliyin tərkibində Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyi və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi yaradılacaq. Bəs, görəsən, yeni yaradılacaq qurumlardan gözləntilər nədən ibarətdir? Yeni Agentliklər İKT-nin inkişafında hansı rolu oynayacaq? Bu və digər məsələlər ətrafında hafta.az-ın müsahibi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın sədr müavini, “Azərbaycan İnternet Cəmiyyəti”nin sədri Qalib Qurbanovdur.

-Qalib müəllim, ölkə başçısının müvafiq fərmanına əsasən, Azərbaycanda İKT sektorunda fəaliyyətin təkmilləşdirilməsi nəzərdə tutulur. Bu məqsədlə yaradılacaq yeni agentliklərdən gözləntiləriniz nədən ibarətdir?

-İndiyə qədər nazirlik həm dövlət siyasəti, həm tənzimləmə, həm də təsərrüfat fəaliyyəti ilə də məşğul idi. Çünki onun tərkibində “Aztelecom”, “Teleradio”, “Azərpoçt” və s. kimi qurumlar var idi. Bu isə həm yerli qanunlarla uzlaşmırdı, həm də beynəlxalq praktikaya uyğun gəlmirdi. Beynəlxalq praktika belədir ki, nazirlik öz fəaliyyətində ancaq dövlət siyasətini həyata keçirməklə kifayətlənməlidir. Yəni, Nazirliyin vəzifəsi bu sahədə dövlət siyasətini həyata keçirmək olmalıdır. Dünyada əksər ölkələrdə tənzimləmə siyasəti ilə tamamilə başqa bir qurum məşğul olur. Bəzi ölkələrdə bu müstəqil, bəzilərində müəyyən nazirliklərin tabeliyində olan qurumlardır. Bu mənada, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi informasiya kommunikasiya texnologiyaları və rabitə sahəsində sertifikatlaşdırmanı, uçotu, tənzimləməni və nəzarəti (keyfiyyətə nəzarət daxil olmaqla), o cümlədən telekommunikasiya operatorları arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsini və radiospektr idarəçiliyini həyata keçirəcək. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi isə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkilini, əlaqələndirilməsini, həyata keçirilməsini (o cümlədən nəzarət və tənzimləməni) təmin edən, yüksək texnologiyalar, nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirləri, elmi, elmi-texniki, innovasiya fəaliyyətini və müvafiq sınaq təcrübələrini həyata keçirən, fiziki və hüquqi şəxslərə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərən, innovasiya yönümlü elmi tədqiqatları və innovativ layihələri (o cümlədən startapları) təşviq edən, onlara maliyyə dəstəyi verən və innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquq kimi çıxış edəcək. Təəssüflər olsun ki, biz hələ yeni texnologiyaların inkişafına tam nail ola bilməmişik. Məsələn, yeni tətbiqlər, 5 G-nin tətbiqi, əşyalar interneti qabaqcıl ölkələrdə geniş şəkildə tətbiq olunur. Bizdə bu məsələlərdə müəyyən dərəcədə gerilik var. Bundan başqa, bilirsiniz ki, ölkə Prezidenti işğaldan azad olunmuş ərazilərdə yeni texnologiyaların tətbiqi ilə bağlı tapşırıqlar verib. Hazırda həmin ərazilərdə yeni texnologiyalara əsaslanan ağıllı kənd, ağıllı şəhər, ağıllı ev kimi müasir layihələr həyata keçirilir və bu proses davam etdiriləcək. Ona görə də biz rəqamsal nöqteyi nəzərdən bu sahədə tamamilə dönüş yaratmalıyıq. Yəni, proseslərin uzaqdan idarə olunmasında heç bir problem olmamalıdır. Rəqəmsal sahədə dönüş insan resurslarında yaradılmalıdır. Bu proses təhsildən başlamalıdır, orta, ali məktəblərdə  İKT istiqamətində təhsilin səviyyəsi artırılmalıdır. Bununla paralel olaraq elektron xidmətlərin səviyyəsi yüksəldilməlidir. Yəni, elə bir mühit yaratmaq lazımdır ki, hər bir insan evdən cıxmadan öz işlərinin 60-70 faizini kompüter vasitəsilə təmin edə bilsin.

-Bu gün ölkəmizdə İKT-nin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Amma buna baxmayaq, Azərbaycanda hələ də internetin keyfiyyəti ilə bağlı problemlər var. Eyni zamanda, internetlə təmin olunmayan yaşayış məntəqələri mövcuddur. Rəsmi qurumlar da ölkədə kifayət qədər insanın internetə çıxışı olmadığını etiraf edirlər və bildirilir ki, 2024-cü ildə bütün Azərbaycanda, ən ucqar kəndində belə internetə əlçatanlıq təmin olunacaq. Necə düşünürsünüz, sizcə, bu prosesi 2024-cü ilə kimi başa çatdırmaq mümkün olacaqmı?

- Bu istiqamətdəki problemləri ancaq bir yolla həll etmək mümkündür, o da dövlət və özəl sektorun birgə fəaliyyətidir. Bu yolla internet xidmətinin keyfiyyətinin artırılması,əhatə dairəsinin genişləndirilməsi, ən əsası isə internetin sürəti, əlçatımlığı, dayanıqlığı mümkündür. Hazırda bu istiqamətdə cənab nazir Rəşad Nəbiyevin rəhbərliyi altında çox ciddi işlər görülür. Belə ki, nazirin təşəbbüsü ilə “Aztelekom” və “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyində provayderlərin birgə fəaliyyət planı üçün təkliflər hazırlanır. Artıq Bakı şəhərində və respublikanın rayonlarında müəyyən ərazilər provayderlərin fəaliyyəti üçün ayrılıb. Bu mənada hesab edirəm ki, cənab nazirin vurğuladığı kimi 2024-cü ildə bütün Azərbaycanda, ən ucqar kəndində belə internetə əlçatanlıq təmin olunacaq. Çünki mən naziri 2004-cü ildən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində şöbə müdiri vəzifəsinə təyin olunandan tanıyıram. O, yüksək səviyyəli peşəkar, işgüzar insandır və nazirlikdə də qısa müddətdə çox böyük işlər görüb. Eyni zamanda, bilirəm ki, nazir Rəşad Nəbiyev verdiyi sözə əməl edən insandır və 2024-cü ildə Azərbaycanın ən ucqar kəndində belə internetə əlçatanlğın təmin olunması üçün bütün imkanlardan istifadə edəcək.

- Bu yaxınlarda internet provayderlərlə keçirilən görüşdə qeyd etdiyiniz məsələlərə toxunuldumu?

- Həmin görüşdə əsas məruzəçi elə mən idim. Mən öz çıxışımda da qeyd etdim ki, internetin Azərbaycanda ilk tətbiqi və yayılmasını özəl şirkətlər təmin ediblər. Sonradan isə “Aztelekom”, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi kimi qurumlar da bu proseslə məşğul olmağa başladılar. Bu gün internetin əsas infrastrukturu dövlət şirkətlərinin əlindədir. Çünki bu qurumlar sovet dövründən qalmış varislərdir. Yəni, bunlar inhisarçıdırlar. Ancaq bu inhisarçılıq məqsədli şəkildə yaradılmayıb. Bu təbii şəkildə yaranmış inhisarçılıqdır. Hazırda internet bu şəbəkələrin üzərindən yaşayış məntəqələrinə çatdırılır və “son mil” isə provayderlərdir. Özəl sektorun xahişi və tələbi bundan ibarətdir ki, həmin şəbəkələrə şəffaf girişləri olsun. Eyni zamanda, sərbəst, qanun çərçivəsində, dövlət tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq yeraltı kabel qurğularından istifadə edə bilsinlər, hava xətləri ilə “son mil”in çəkilişini təmin edə bilsinlər və.s. Ona görə bu sahədə əsas problemlərdən biri tənzimləyici qurumun, eləcə də tənzimləyici sənədin olmamasıdır. Çünki “Telekommunikasiya haqqında” indiki qanun zamanın tələblərinə cavab vermir və mövcud qanunvericilikdə tənzimləmə problemləri çox deklorativ olaraq göstərilib. Telekommunikasiya operatorları ilə internet servis provayderləri arasında məsələləri tənzimləyən konkret sənəd yoxdur. Eyni zamanda, internet istifadəçilərinin hüquqlarının qorunması praktik olaraq mümkün deyil. Halbuki əksər ölkələrdə bununla bağlı tənzimləyici sənədlər qəbul olunub. Bununla bağlı xüsusi qaydalar olmalıdır. Həmin qaydalar əsasında da tərəflər arasında qarşılıqlı öhdəlik və vəzifələr müəyyənləşdirilməlidir. Məsələn, provayder lazım olan sürəti təmin etməlidir, hansısa çətinliklər olanda isə qarşı tərəfə ya müəyyən ödənişlər olunmalı, ya da internetdən istifadə üçün əlavə günlər hesablanmalıdır. İnternet istifadəçilərinin üzərinə isə hansısa zərərverici trafik ötürməməsi, yəni digər istifadəçilərin işinə problem yaratmaması ilə bağlı məsuliyyət qoyulmalıdır. Burada xüsusilə xakerlik fəaliyyəti nəzərdə tutulur. Yəqin ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi bu istiqamətdə konkret addımlar atacaq. Hesab edirəm ki, qurum ilk növbədə tənzimləyici sənədlərdən başlamalıdır. Çünki konkret normativ hüquqi baza olmadan sürətli inkişafdan, keyfiyyətli internetdən danışmaq qeyri-mümkündür.

-Azərbaycanda internet tariflərinin digər ölkələrlə müqayisə baha olması ilə bağlı fikirlər var. Bu barədə siz nə düşünürsünüz? Azərbaycanda internet xidməti ilə bağlı tariflər baha yoxsa, ucuzdur?

- Fərdi istifadəçilərə gələndə mən hesab etmirəm ki, Azərbaycanda internet xidmətlərinin qiymətləri bahadır. Burada əsas söhbət sürət və keyfiyyətdən gedir. Məsələn, tutaq ki, müştəri və provayder arasında bağlanan müqavilədə göstərilir ki, müştəri 10 meqabit sürətində internetlə təmin olunacaq. Amma çox vaxtı heç 2 meqabitə də çatmır. Əsas problem də budur. Korporativ müştərilərə göstərilən internet xidmətlərinin isə digər ölkələrlə müqayisədə baha olması hiss olunur.       

Oxunma sayı 128