“İlham Əliyev “XXI əsrin sərkərdəsi” adına layiqdir...” – Müsahibə

11:32 26.11.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Kəlbəcərin azad olunması ilə bağlı “Həftə içi”nə müsahibə verən, vaxtilə Kəlbəcərdə  Kənd Təsərrüfatı İdarəsinin rəisi, “Aqroprom”un sədri işləmiş, Bakıda “Azərsu” Səhmdar Cəmiyyətində məsul vəzifədə, 1998-ci il Prezident seçkilərində eks-prezident Heydər Əliyevin Qarabağ regionu üzrə səlahiyyətli nümayəndəsi kimi  çalışmış, eyni zamanda, şair-publisist kimi tanınan 77 yaşlı Vəliyəddin İsmayılov duyğusal fikirlər  səsləndirib.

- Vəliyəddin müəllim, Kəlbəcərin azad olunması ilə bağlı xəbəri eşitdikdə xəyalınıza ilk gələn nə oldu?

- Kəlbəcərin azad olunması  xəbərini eşitdiyim ilk anlarda öncə mənə elə gəldi ki, dünyaya yenidən doğulduq, göbəyimizi yenicə kəsdilər, qaçqınlıq, köçkünlük adı üzərimizdən götürüldü və sanki bizə yenidən ad qoydular. İşğaldan azad olunan digər bölgələrimizin sakinləri kimi, kəlbəcərlilərin də  o vüqarlı, şərəfli, qürurlu adı özlərinə qayıtdı. Bütün Azərbaycan xalqının qüruru, şərəfi özünə qayıtdı...

Xəyalıma o zirvələrdə, yaylaqlarda, yaşıl çəmənlərdə, gül-çiçəklər arasında yürüyən balaca Vəliyəddin gəldi. Anamın laylası qulağıma gəldi, onun bizi şirin-şirin yatızdırdığı beşik  gözümün önündə canlandı. Bir daha Kəlbəcərsiz ötən son 27 il  7 aylıq, ruhi-mənəvi baxımdam məşəqqətli, əzablı dövr gözlərim qarşısından keçdi  və rəhmətlik Şücaətin şeiri yadıma düşdü:

Sücaət, neyləyək, baxt belə baxtdı,
Darıxma, hər şeyi həll edən vaxtdı.
Bir gün gülə-gülə qayıdacaqdı,
Ağlaya-ağlaya köçən Kəlbəcər...

Şükür etdim ki, Kəlbəcərin gülə-gülə özünə döndüyü günlərini yaşamaq bizlərə də qismət oldu...

Bir daha Ali Baş Komandana, ordu rəhbərliyinə, son 44 günlük Vətən müharibəsinə qatılmış hər bir hərbçimizə təşəkkür edir, şəhidlərimizin qarşısında baş əyir, yaralılara şəfa diləyirəm. Ali Baş Komandan, Prezident İlham Əliyevin mahir xarici, diplomatik siyasəti sayəsində Azərbaycan xalqı qarşısında mislli görünməmiş bir zəfər, səadət yolu açıldı. Azərbaycan Prezidenti o dəmir yumruğunu sıxmaqla 30 il torpaqlarımızda kök atmış məkrli, hiyləgər düşməni cəmi 1 ay yarımda susdurdu. Bu, adi bir yumruq deyil, həmin yumruğun arxasında xalqımızın sarsılmaz birliyi, ordumuzun gücü, Ulu Öndər Heydər Əliyevin amal və ideyaları, tövsiyə, nəsihət və vəsiyyətləri dayanır. Eyni zamanda həmin yumruğun arxasında İlham Əliyev kimi bir Azərbaycan oğlunun cəsur ürəyi var.  Şuşanı, Kəlbəcəri və digər bölgələrimizi qısa müddətdə işğaldan azad etməklə İlham Əliyev tariximizə adını qızıl hərflərlə XXI əsrin böyük türk, müsəlman sərkərdəsi kimi yazdırdı. Bu ad ona anasının südü kimi halaldır... Təklif edərdim ki,  tezliklə Kəlbəcərin Murov aşırımında Ali Baş Komandan İlham Əliyev və Ulu Öndər Heydər Əliyevin qoşa heykəlləri ucaldılsın. Onlar bu xalqın,  Azərbaycanın qızıl tarixini yazdılar.

- Öncə kimi təbrik etdiniz?

- Mənim böyük qardaşım vardı, didərginlik illərində “Kəlbəcər! Kəlbəcər”, – deyə-deyə dünyadan köçdü. İlk olaraq onun oğluna, yəni qardaşım oğluna zəng edib təbrik etdim ki, şükür Allaha, atanın, qardaşımın ruhu şad oldu – Kəlbəcər, nəhayət, azad olundu...

- Bəs özünüz ilk təbriki kimdən eşitdiniz?

- Mənim üçün çox-çox sevindirici oldu ki, Kəlbəcərin azadlığı ilə bağlı ilk canlı təbriki səhər tezdən oyanıb yanıma yüyürən  öz adımı daşıyan 7 yaşlı nəvəmdən eşitdim...

- Kəlbəcərsiz keçən bu uzun illərdə sizin üçün ən ağrılı məqam nə oldu?

- Bu 27 il 7 aylıq dövr çox ağrılı və ağır keçdi.  O illər ərzində  həmişə dua edirdim ki, ya Allah, Xudaya, sən Özün qismət et, torpaqlarımıza  qayıdaq, o yurdlarımızı görək, sonra dünyadan köçək və doğulduğumuz o torpaqlara qismət olaq. Daim  rəhmətlik Şücaətin əmisi olan mərhum jurnalist və şair  Həbib Əhmədovun bir şeiri xəyalımdan keçirdi:

Əgər ölərəmsə, əmanət qoyun,

Bir gün apararsız  Vətənə məni...

Orda yoğurarsız qara torpağa-

Bükməzsiz pambığa, kəfənə məni...

Deyirdim, ya Rəbbim, qoy bizim kəfənimiz Murovun, Dəlidağın çiçəyi-gülü olsun. Bu gün  çox şükürlər olsun ki, doğma yurda - Kəlbəcərə qovuşmaqdayıq...

- İnşallah, Kəlbəcərə yetişəndə ilk dəfə ziyarət edəcəyiniz məkan hara olacaq?..

- Kəlbəcərə qədəm qoyan kimi öncə əyilib onun torpağını öpəcəyəm. Onun xırda daşlarını cibimə yığacağam ki, uşaqlıqda o daşlarla oynamışam. Sonra isə doğma kəndim Mozqaraçanlı kəndində ata-anamın  məzarlarını ziyarət edəcəyəm...

- Vaxtilə rayonunuzda, Bakıda rəhbər vəzifələrdə də çalışmısınız. İnşallah, Kəlbəcərdəki quruculuq işləri ilə bağlı hansı planlarınız, təklifləriniz var?

- Bəli, mən rayonda işlədiyim dövrlərdə də bir sıra quruculuq işləri görmüşdük.  O zaman yeni Kəlbəcər salındı. İnqilab Nadirovun, Qənbər Şəmşiroğlunun, Telman Xanlarovun, Sahib Əkbərovun və s. zəhmətləri sayəsində rayonda bir sıra işlər görüldü. 1984-cü ildə, artıq kəndimizə telefon çəkdirdik və özüm Moskvadan avtomat telefonla zəng edib  evimizlə danışdım. Bizim kənddən Kəlbəcərə getmək üçün 46 km-lik məsafə qət etmək lazım idi. Mən  Qoçdağ deyilən ərazidən kəsmə yol çəkdirdim. Həmin yolla Kəlbəcərə cəmi 14 km məsafə qət edirdik. Yay-qış rahat gedib-gəlirdik.  Heyf ki,  mənfur və vandal ermənilər Kəlbəcərdə çəkdiyimiz bütün əziyyətimizi heç etdilər. İnşallah, o torpağa gedək çıxaq – planlar, ideyalar çoxdur.

Kəlbəcərin öncə yolları, infrastrukturu, sonra qədim abidələri, məscidləri bərpa edilməlidir. İstisu sanatoriyası dünya standartlarına uyğun şəkildə bərpa olunmalıdır  Kəlbəcərdə yüksək səviyyədə turizmi inkişaf etdirmək üçün orada təyyarə limanı tikilməsi haqda düşünmək gərəkdir. Bir sözlə,  Kəlbəcər dünyanın ən zəngin diyarlarından biridir və onun hər cəhətdən potensialı çox böyükdür. Allah təki dövlətimizi, xalqımızı, ordumuzu var eləsin! İrəlidə bizləri xoşbəxt günlər, illər gözləyir...

Oxunma sayı 1911