Kuba və Venesueladan Suriyaya dəstək

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt
Suriya ətrafında yaşanan gərginlik durmadan artır. Suriya prezidenti Bəşər Əsəd paytaxt Dəməşqdə Latın Amerikasından olan ALBA blokunun nümayəndə heyətini qəbul edib. Suriya ilə həmrəyliyini nümayiş etdirmək məqsədilə Suriyaya səfər etmiş nümayəndə heyətinə Venesuela və Kubanın xarici işlər nazirləri başçılıq edib. Dövlət kanalı SƏNA-nın verdiyi məlumata görə, Bəşər Əsəd qonaqları öz iqamətgahında qəbul edib. Prezident görüş əsnasında Suriyadakı hazırkı durumun xarici ölkələrin sui-qəsdinin nəticəsi olduğunu qeyd edərək, ölkədəki qarşıdurmanın məhz müxalifyönümlü silahlı dəstələr və ekstremistlər tərəfindən yaradıldığını qonaqların diqqətinə çatdırıb. Venesuelanın xarici işlər naziri Nikolas Maduro prezidentin sözünə qüvvət olaraq, Qərb ölkələrinin ölkənin daxili siyasətinə qarışdığını və ölkəni nüfuzuna xələl qataraq, onu məhv etməyə çalışdığını təsdiq edib.
Suriya rəhbərliyi müxalifətin Milli Şurasını tanıyan istənilən dövlətə qarşı sərt sanksiyalar tətbiq edəcək. Bunu Suriyanın xarici işlər naziri Valid Müəllim keçirdiyi mətbuat konfransında bəyan edib. Suriyada Milli Şura oktyabrın 2-də yaradılıb. Onun tərkibinə prezident Bəşər Əsədin əleyhdarı olan bütün partiyalar daxil edilib. Müxalifət liderləri bəyan edib ki, şura bütün suriyalıların üzünə açıqdır. Suriyanın müdafiə naziri Daud Raca ölkəsinin regionda aparıcı demokratik ölkə olması üçün islahatlar aparmaq niyyətində olduğunu bəyan edib. Nazir Suriyadakı vəziyyəti daha da gərginləşdirmək üçün müxalifətçilərin terror qruplaşmalarını öz planlarına daxil etdiklərini bildirib. Bəşər Əsəd əleyhinə etiraz dalğası isə səngimək bilmir.
Suriya təhlükəsizlik qüvvələri kürd müxalifət liderinin prezident Bəşar Əl-Əsədə qarşı böyük nümayişə çevrilmiş dəfn mərasimində atəş açaraq iki nəfəri qətlə yetirib. Şahidlərin bildirdiyinə görə, atışma Qamışlı şəhərində 50 min insanın ölkənin tanınmış müxalifət liderlərindən biri olan Maşal Tammonu son mənzilə yola salmaq üçün küçələrdə nümayişə çıxdığı vaxt baş verib.
Nümayişçilər prezident Bəşar Əl-Əsəd hökumətini hakimiyyətdən getməyə çağıraraq “gedin, gedin!“ şüarları ilə bağırıblar. Maşal Tammo cümə günü onun evinə hücum edən maskalı silahlı şəxslər tərəfindən öldürülüb. Hücuma görə kimin məsuliyyət daşıdığı aydın deyil.
Ölkənin aparıcı müxalifətçilərindən biri olan Tammo Suriya Milli Şurasının üzvü və Kürd Gələcək Partiyasının təsisçisi idi. Fəalların sözlərinə görə, ölkənin digər şəhərlərində də hökumət əleyhinə nümayişlər keçirilib.
Ölkənin şimal-şərqində, Haseke şəhəri yaxınlığındakı Amuda rayonunda Bəşər Əsədin atası Hafiz Əsədin heykəli müxalifət tərəfdarları tərəfindən yerlə-yeksan edilib. Əsəd əleyhdarları Suriyanın öndə gedən müxalifət nümayəndələrindən birinin təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsindən sonra belə addım atmağa qərar veriblər. Müxalifət tərəfdarlarından biri heykəlin dağıdılmasını həvəskar kameraya çəkib. Almaniyadakı Suriya səfirliyi isə hücuma məruz qalıb. Piket keçirən 30-a yaxın naməlum şəxs səfir binada olarkən zorla oraya daxil olub. Hadisə yerinə gələn asayiş keşikçiləri onların hamısını həbs edib. Qeyd edək ki, etiraz aksiyaları və vandalizm aktları bu yaxınlarda Suriyanın Avstriyadakı və Böyük Britaniyadakı səfirliklərinin də önündə baş verib. Analoji insident Cenevrədə, Suriyanın BMT-dəki nümayəndəliyinin binası önündə də baş vermişdi. Liviyada isə Milli Keçid Şurasının hərbi birləşmələri Bəni Valid şəhərində aeroportu nəzarətə götürüb. Sirt şəhərində isə Qəzzafi qüvvələrinin güclü müqaviməti davam edir.
Liviyanın Milli Keçid Şurasının hərbi qüvvələri Müəmmar Qəzzafinin son dayaq məntəqələrindən biri sayılan Bəni Valid şəhərindəki aeroportda nəzarəti tamamilə ələ alıblar. Şəhər küçələrində isə döyüşlər davam edir. Buna baxmayaraq, Bəni Valid şəhəri hələ də Qəzzafi tərəfdarlarının nəzarətindədir. Milli Keçid Şurası isə bəyan edib ki, qələbə Sirt şəhəri Qəzzafi tərəfdarlarından tam təmizləndikdən sonra qeyd olunacaq. Bu arada Milli Keçid Şurasının qüvvələri Qəzzafinin doğma şəhəri olan Sirtin “Uaqaduqu“ konfrans-mərkəzini ələ keçiriblər. Bu binada Qəzzafinin qoşunlarının mərkəzi qərargahı yerləşirdi. Bundan başqa, Sirtdəki universiteti və şəhərin mərkəzi hospitalı da Milli Keçid Şurasının nəzarətinə keçib. Bu hospitalın həyətindən Qəzzafi tərəfdarları Milli Keçid Şurasının hərbçilərini minaatanlardan atəşə tuturdular. Bu məntəqələr ələ keçirildikdən sonra şəhərə yol tam açılıb. Buna baxmayaraq, Qəzzafi tərəfdarları Sirtin bəzi rayonlarında hələ də müqavimət göstərməkdə davam edirlər. Son günlər ərzində Sirt uğrunda döyüşlərdə yaralananların sayı isə yüzlərlədir. Həlak olanlar barədə dəqiq məlumat verilmir.
Azad Əliyev