İran qırmızı cizgiləri aşdı – Elxan Şahinoğlu

10:19 02.02.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Regionun geosiyasi mənzərəsi İranın qonşu dövlətlərlə qarşı yönələn aqresssiyası və İran-İsrail münasibətlərinin “istiləşməsi” müstəvisində daha da gərginləşib. Daxilində etiraz dalğası ilə çalxalanan İranın Azərbaycana yönəlik düşmən mövqeyi Tehranda Səfirliyimizə qarşı törədilən terror aktı ilə bird aha gün işığına çıxmış oldu. Politoloq Elxan Şahinoğlu ilə regionda İranın hansı missiyanı yürütməsinə, Azərbaycana qarşı münasibətinə dair söhbətləşdik:

 – İranda Azərbaycan Səfirliyində törədilən terror aktından hansı nəticəni çıxarmalıyıq?

- Azərbaycanın İrandakı Səfirliyinə hücum bu ölkənin rəsmilərinin, diplomatlarının, generallarının, din xadimlərinin, deputatlarının və ekspertlərinin anti-Azərbaycan isteriyasının nəticəsidir. İrandan Azərbaycan əleyhinə daim səslənin “Sərhədlərin dəyişdirilməsi qırmızı cizgimizdir”, “Zəngəzur dəhlizi olmamalıdır”, “Azərbaycan İsraillə əlaqələr qurmamalıdır” açıqlamaları qonşu ölkədəki fanatik dairələri azğınlaşdırıb.

Soyuqqanlılığımızı qorumaq şərtilə Tehrandan qatil və ya qatillərin arxasındakı güclərin və sifarişçilərin araşdırılması tələb olunmalı və bu proses nəzarət altında saxlanılmalıdır. Qırmızı cizgiləri aşan İran oldu.

Ötən ilin sentyabr ayında erməni fanatiklər Azərbaycanın Fransadakı Səfirliyinə hücum edəndə və Londona dini fanatik qrup Səfirliyimizi qısa müddətə ələ keçirəndə təklif etmişdim ki, indiki həssas məqamı nəzərə alaraq münasibətlərimizin gərgin və soyuq olan dövlətlərdəki səfirliklərimizin təhlükəsizlik tədbirlərini artıraq. Buna indi də ethiyac var. İranda Səfirliyimizə hücum edən qatilin başqa ölkələrdə ardıcılları tapıla bilər. Bu mərhələyə də hazır olmalıyıq. ASALA terrorçuları və bu qruplaşma ilə ittifaqda olanlar yenidən peyda olublar.

Səfirliklərə hücum və diplomatların öldürülməsi üzrə İran dünyanın “lider” dövlətlərindəndir. İrandakı fanatiklər yüzillər əvvəl Rusiya imperiyasının səfirini öldürməkdən tutmuş İslam inqilabı dövründə ABŞ Səfirliyinə hücuma və diplomatların girov götürülməsinə qədər uzun yol qət ediblər. İranın sözdə dost və tərəfdaş adlandırdığıı müsəlman ölkəsinin Tehrandakı səfirliyinə hücumu xatırlamıram. Qatillər və onların arxasındakı güc və güclər tapılsa belə, son hadisə iki ölkə arasındakı münasibətlərdə əlavə gərginlik mənbəyi olaraq qalacaq.

– Səfirliyə edilən hücumun məişət zəminində olması və yaxud “Erməni edib, bizlik deyil” kimi İran tərəfindən uydurulan nağılları faş edən hansı məqamlar ortadadır?

- Terrorçuların qurduğu plana əsasən kənardan saatlardır səfirliyin ətrafındakı maşında müşahidə aparır, Azərbaycan Səfirliyi əməkdaşlarının binaya daxil olmasını gözləyir. Bu müddətdə səfirliyin qarşısındakı İran polisi şübhəli maşına yaxınlaşıb, nədən saatlardır eyni yerdə dayandığını ondan soruşmur. Planda onun yoxlanılması olmamalıdır. Terrorçu özünə arxayındır, ətrafdakı polisin ona mane olmayacağını bilir. Bu anda Azərbaycan Səfirliyində çalışan əməkdaşların maşını binanın qarşısına yaxınlaşır. Terrorçu bilir ki, sürətlə maşınını səfirlik əməkdaşlarının maşının arxasına çırpsa, səsə reaksiya verən səfirlik əməkdaşları nəyin baş verdiyini öyrənmək üçün çölə çıxacaqlar, elə də olur. Terrorçu qapının açılmasından istifadə edərək İran polisinin susqunğulu fonunda, hətta polisə əl edərək “Sənlik bir iş yoxdur” deyərcəsinə “Kalaşnikov” avtomatı ilə səfirlik binasına daxil olur. Sonrası məlumdur. Bunun nəyi “məişət zəmini”ndə baş verən basqındır? Bu, yüksək peşəkarlıqla hazırlanan terror aksiyasıdır.

- Azərbaycan Səfirliyində törədilən terror aktından sonra İsrail-İran arasında vəziyyətin müharibə həddində gərginləşməsi hansı ssenarınin davamıdır?

– İsrail rəsmiləri İrana zərbə endirəcəklərini heç zaman istisna etməyiblər. Təl-Əviv arqumentini iki amillə izah edir. Birincisi, İran nüvə çalışmalarından əl çəkməyib. İkincisi, İran İsraili hədəf alan regional terrorçu qruplaşmaları maliyyələşdirir və silahlandırır. Bu iki amil İsrailin təhlükəsizliyi üçün ciddi təhdid mənbəyi sayılır. Bunun nəticəsi olaraq İsrail yanvarın 29-da gecə saatlarında İran ərazisinə zərbələr endirib. Bu zərbələr ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnsün İsrailə səfər ərəfəsinə təsadüf edib. Böyük ehtimalla bu zərbələr ABŞ-la razılaşdırılıb. Təsadüfi deyil ki, ABŞ Prezidenti Co Bayden son açıqlamalarında İranla qarşıdurmanın baş verəcəyini istisna etməyib.

İsrail Təbriz yaxınlığındakı dron zavodunu, İsfahandakı hərbi müəssisəni və Malard şəhərindəki hərbi təchizat anbarını vurub. Tehran İsrailə qarşı cavab aksiyası həyata keçirməyə çalışacaq. İsrail İran raketlərini havada neytrallaşdıracaq. İranın birbaşa İsrailə əli çatmayacaq. Ona görə yenə maliyyələşdirdiyi və silahlandırdığı qrupları hərəkətə gətirəcək. Aydındır ki, İsrail bu hücumdan sonra təhlükəsizlik tədbirlərini daha da artıracaq. Regional qarşıdurmanın yeni mərhələsinə qədəm qoyuruq.

Kremlə yaxın ekspertlər iddia edirlər ki, İsrailin İrana zərbə endirməsini Vaşinqton təşviq edib. Misal kimi, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uliyam Börnsün və ABŞ prezidentinin millət təhlükəsizlik üzrə müşaviri Cek Sallivanın İsrailə səfərlərini göstəriblər. Yəqin, Kremldə hesab ediblər ki, Vaşinqtonun əsas məqsədi İranın Rusiyaya pilotsuz uçuş aparatlarının ixracını durdurmaq olub. Həqiqətən İsrail İranda pilotsuz uçuş aparatları istehsal edən müəssisəyə də zərbə endirib. Bu Kremldə suallar doğurmamış deyil. İsrail İranın nüvə çalışmalarından narahatdır və normalda həmin mərkəzlər hədəf götürülməli idi. Nüvə mərkəzləri hücuma məruz qalmayıb, Rusiyanı dron və hərbi sursatla təhciz edən mərkəzlər hədəf götürülüb. Bu da Kremldə belə bir şübhə yaradıb ki, hücum ya Vaşinqtonun təlimatıyla həyata keçirilib, ya da elə hücum dronları Amerikaya məxsus olub.

Oxunma sayı 240