İran və Gürcüstanda baş verənlər iqtisadiyyatımıza necə təsir edəcək? - Müzakirə

11:54 19.11.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Son günlər qonşu ölkələrdə etiraz aksiyaları geniş vüsət alıb. Belə ki, cənub qonşumuz İranda yanacağın qiymətinin qalxması ilə razılaşmayan vətəndaşlar küçələrə üz tutdular. Şimal-qərb qonşumuz Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası qarşısında növbəti etiraz aksiyası keçirilir. Yəni, birində sosial problemlə bağlı tələblər irəli sürüldüsə, digər qonşumuzda isə növbədənkənar parlament seçkilərin gündəmə gəlməsi məsələ oldu. Sözügedən dövlətlərlə Azərbaycan iqtisadi sahədə sıx əməkdaşlıq edir. Bəs baş verən hadisələrin Azərbaycan üçün iqtisadi sahədə hansı təzahürləri olacaq?

Mövzu ilə bağlı hafta.az-a danışan iqtisadçı ekspert İlham Əzizov dedi ki, hər bir dövlətdə etirazlar olub və olacaq. Bu etirazlar səviyyəsinə görə iqtisadiyyata müxtəlif cür təsir edir:

“Hal- hazırda yanacağın 3 dəfə qalxmasıyla baglı İran İslam Respublikasını bürüyən etirazlar daha ciddi xarakter almaqdadır. Bunun kökləri çoxdan qoyulub və mənə elə gəlir ki, hazırki vəziyyət davam etdikcə güclənəcək. İqtisadi embarqolar, ölkə xaricində gedən müharibələrə  maddi dəstək İran iqtisadiyyatına mənfi təsir göstərir. Böyük şirkətlərin ölkədən getməsi, yeni texnologiyaların əldə olunmasında çətinliklər aydın məsələdir ki, problemlər yaradır. 3000 illik dövlətçilik tarixi olan bir ölkə də bu vəziyyətdə çox davam edə bilməz. Valyutaları günü gündən dəyərini itirir, bankların başqa ölkələrlə əlaqələri dayanıb, xarici ticarət iflic vəziyyətə düşür. Bu qonşu ölkə kimi bizi də narahat edir və etməlidir. Çünki iqtisadi əlaqələrimiz bizim milli valyutaya təzyiqi artırır. O cümlədən vəziyyət kəskinləşdikcə ölkəmizə insan axını güclənəcək və humanitar, miqrasiya problemləri qaçılmaz olacaqdır. İranın imkanlı adamlarının bizim ölkədə daşınmaz əmlak almasının artması bu bazarda tarazlıgı poza bilər. Amma bütün bunlarla yanaşı İran kimi nəhəng ölkənin bu vəziyyətin fərqində olmagına tam əminəm. Gürcüstanda baş verənlərə gəldikdə isə, bu hələ ciddi iqtisadi fəlakətə gətirib çıxarmaz . Çünki Gürcüstanın iqtisadiyyatı artım tempini qoruyur. Orda olan hazırki durum ölkəmiz üçün ciddi problem yarada bilməz”.

İqtisadçı Natiq Cəfərlinin fikrincə isə, Gürcüstanda və İranda baş verən hadisələrin fərqli səbəbləri və fərqli ssenariləri var:

“Gürcüstanda əsas məsələ hakim partiyanın öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməməsidir. Yəni, qanun layihəsi parlamentə təqdim olunan kimi hakim partiyanın deputatları bunun əlehinə səs verdilər. Həmin qanun layihəsi səsvermədən keçmədi. Bu da əhali tərəfindən ciddi etirazlara səbəb oldu. Baş verən aksiyalar siyasi xarakter daşıdığı üçün Gürcüstanda ciddi problemlərin yaradacağını düşünmürəm. Digər dövlətlərlə iqtisadi əlaqələrinin pisləşəcəyi ağıla batan deyil. Hansı partiyanın Gürcüstanda möhkəmlənməsindən asılı olmayaraq, Azərbaycana ciddi ehtiyacı var. Çünki Gürcüstan faktiki olaraq Azərbaycanının bir uzantısıdır. Gürcüstanın Azərbaycandan çox ciddi şəkildə iqtisadi asıllığı var. Eləcə də Azərbaycanın Gürcüstanla olan iqtisadi əlaqələri genişdir. Buna görə də oradakı proseslərin hər iki tərəf üçün iqtisadi əlaqələrə təsir edəcəyi görünmür. Ola bilər ki, qısa bir müddət ərzində turizmlə bağlı problemlər yaşansın. Təbii ki, gərginlik anlarında turistlər belə ölkələrə səfər etməkdən çəkinirlər. Gürcüstandan Azərbaycana gələn türistlərin sayında azalma müşahidə olunacaq, Ancaq, bu, çox qısa bir vaxt çəkəcək. İranda isə vəziyyət tamam başqadır. Əsasən də son iki ildə İranın iqtisadi göstəriciləri geriləməyə başlayıb. Neft hasilatının azalması, ixracatın azalması eləcə də dövlətə tətbiq edilən sanksiyalar İranın gəlirlərinin azalmasına səbəb olub. Bu, o deməkdir ki, İranın sosial problemləri artıb. Dünyada ən çox dəyərdən düşən valyutalardan biri rialdır. Satılacaq qidaların qiymətinin artması etirazlara səbəb olur. Hətta deyərdim ki, bu gərginliyin getdikcə artması ehtimalı da var. İranda vəziyyətin hansı istiqamətdə yönəlməsini yaxından izləmək lazımdır. Bu baş verənlərin təsiri Azərbaycandan yan keçməyəcək. Çünki İranla Azərbaycanın sıx tərəfdaşlıq əlaqələri var. Həmçinin azərbaycanlıların ən çox getdiyi ölkələrdən biridir. Keçən ilə Azərbaycandan xaricə gedən insanların 41 faizi İrana səfər edib. Ona görə də müəyyən təsirləri olacaq”.  

Sosial rubrikasından digər xəbərlər