İranın Araz boyu hərbi təlimləri beynəlxalq hüquqa zidd deyil – Hərbi ekspert

17:45 21.09.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın sərhəd təhlükəsizliyinin beynəlxalq hüquq normaları çərçivəsində təmin olunması ən mühüm məsələlərdən biridir.  Vətən müharibəsindən sonra erməni silahlı dəstələrinin hələ də bölgədə qalması, sülhməramlıların nəzarəti altında olan Laçın dəhlizi vasitəsi ilə Ermənistandan və İrandan Qarabağa hansısa yüklərin daşınması ilə bağlı faktlar birmənalı qarşılanmır.

Eləcə də Görus-Qafan yolundan Ermənistana gedən İran yük maşınlarının yoxlanılması, bir çox hallarda saxlanması ilə bağlı mübahisəli məsələlərin fonunda bu gün İranın Araz boyu keçirdiyi hərbi təlimlərin məqsədi də təhlillərin obyektindədir. İranın məhz Azərbaycanla sərhəd ərazidə belə təlimlərə başlaması nəyə işarədir?

Bu barədə hafta.az-a açıqlama verən hərbi ekspert Şair Ramaldanov bildirib ki, bütün hərbi təlimlər planlı şəkildə keçirilir.

“İranın hansı plana əsasən təlimlər keçirdiyini bilmirik. Lakin təbii ki,  bu təlimlər də döyüş hazırlığı proqramına uyğun aparılır. Eləcə də, bizim Naxçıvanda Türkiyə ilə birlikdə keçirdiyimiz təlimlər də planlı təlimlərdir. Çünki müəyyən bir təlimləri planlaşdıranda onun tərkibi, şəxsi heyətin, texnikanın sayı, təlimlərin harda keçiriləcəyi müəyyənləşdirilir. O təlimlərə hazırlıq gedir”.

Ş.Ramaldanov bildirib ki, İranla sərhəddə qaçaqmalçılıqla bağlı çoxlu problemlər olur. Sərhəddən narkotiklərin keçirilməsi intensiv hal alıb və cənub bölgəsində sərhədlər o qədər də sakit deyil.

“Ola bilsin ki, onlar öz təlimlərinə qaçaqmalçılıqla və yaxud terrorla mübarizə adı verə bilərlər. Yəni bizim təlimlərlə bağlı tam məlumatımız olmasa da, sadəcə münasibətimizi bildirsək, o təlimlər heç nəyi pozmur. Hər yerdə olduğu kimi təlimlər hər bir ordunun, təşkilatın döyüş hazırlığını yüksəklətmək, döyüş bacarığını yoxlamaq məqsədi güdür.

Məsələn, biz də təlimlər keçiririk və ərazini özümüz seçirik. Bu yaxınlarda bilirsiz ki, Laçın ərazisində təlimlər keçirdik. Azərbaycanda keçirilən təlimlər heç də İrana qarşı deyil. Düşünmürəm ki, İranda keçirilən təlimər Azərbaycana qarşıdır. Təlimlər plan üzrə qarşıda qoyulan hədəflərə yönəlib.

O ki qaldı dronlara, bu saat dronlar hər yerdə istifadə edilir. Təlimlərdə dronların qaldırılması həm təlimlərin gedişini, həm də hədəfləri bizə göstərir. Dronlar fərqli təyinata malikdir və təbii ki, müasir dövrdə dronsuz heç nə keçirmir”.

Ş.Ramaldanov eyni zamanda bildirib ki, Azərbaycanda gedən təlimlər, Azərbaycan -Türkiyə birgə təlimləri iki qardaş ölkənin döyüş hazırlığının və əlaqələndirmə məsələlərinin uzlaşdırma məqsədini yerinə yetirir. Burda məqsəd bir yerdə fəaliyyət göstərərək, qarşıda qoyulan hədəflərə çatmaqdır. Ona görə də təlimlər intensiv xarakter daşıyır.

Ekspert bildirib ki, burda siyasi amillər də var.

“Biz dostlarımıza və düşmən mövqedə olanlara göstəririk ki, Azərbaycan Türkiyənin yanındadır, Türkiyə də Azərbaycanın.  Əlbəttə bunun siyasi əhəmiyyəti də çox böyükdür. Dostlarımız  buna sevinir, düşmən üçün bir mesajdır ki, əgər hansısa dövlət regionda stabilliyi pozmaq istəyərsə, revanşist çıxışlar edib Azərbaycanın maraqlarına zidd addım atarsa Türkiyə yanımızda olacaq”.

Ekspert hesab edir ki, bu gün İranın Araz boyu ərazidə keçirdiyi təlimləri heç bir beynəlxalq hüquq normalarına zidd deyil. Bu, İranın daxili işidir.

“İranda keçirilən təlimər İranın daxili işləridir, Azərbaycana qarşı əks niyyət görmürəm. İran qonşudur, dostluq, qonşuluq əlaqələrimiz var. Bütün mübahisəli məsələləri, o cümlədən Görus-Qafan yolunda baş verənləri İranla sivil həll edə bilmişik. Ona görə də hesab etmirəm ki,   bu təlimlər Gorus -Qafan yolu ilə bağlı keçirilən təlimlərdir və yaxud Azərbaycana hansısa təzyiq formasını daşıyır. Azərbaycana heç kim təzyiq edə bilməz. Ona görə ki, Azərbaycan bütün addımları beynəlxalq hüquq normaları çərçivəsində atır. Maraqları özünün sərhədləri çərçivəsindən kənara çıxmır.  Azərbaycanda atılan bütün addımlar bu regionda stabilliyin saxlanması sülhün bərqərar ediləmsi, artıq düşmənçilikdən, hərbdən, müharibədən yox iqtisadi inkişafa yol açan xətt götürüb”.

Oxunma sayı 70
Siyasət rubrikasından digər xəbərlər