İranın anti-Azərbaycan xarakterli hərəkətləri, ölkəmizə qarşı ikili münasibət nümayiş etdirməsi ictimaiyyət arasında da birmənalı qarşılanmır. İranda azərbaycanlıların üstünlük təşkil etməsinə, qarşılıqlı münasibətlərdə bu əhalinin başlıca amil kimi mühüm rol oynamasına, ölkəmizin əlverişli geosiyasi mövqeyə və zəngin resurslara malik olmasına, Transqafqaz yolunun Azərbaycandan keçməsinə, onun iqtisadi və siyasi təsir gücünün artmasına və respublikamızın hər zaman mehriban qonşuluq münasibətlərinə üstünlük verməsinə baxmayaraq, İranın rəsmi şəkildə "Ermənistanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir", - deməsi bu ölkənin anti-Azərbaycan mövqeyinin nümayişidir.
Bu istiqamətdə hafta.az-a açıqlama verən AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı bildirib ki, birinci Qarabağ müharibəsində Azərbaycan xalqının ümid etməsinə baxmayaraq, İranın vasitəçiliyinin uğursuz olması, münaqişə dövründə ölkəmizə hərtərəfli dəstək göstərməməsi, Azərbaycana müharibənin ilk dövrlərində humanitar yardım etsə də, Ermənistana enerji, neft məhsulları, iqtisadi yardımlar etməsi, işğal olunmuş Azərbaycan ərazilərinə sərmayə qoyuluşu, ermənilərin İranda Azərbaycan əleyhinə fəaliyyəti, İranın Ermənistanı rəsmi şəkildə təcavüzkar dövlət adlandırmaması və s. Azərbaycan ictimaiyyətinə yaxşı bəllidir.
“İkinci Qarabağ müharibəsində də Birinci Qarabağ müharibəsində olduğu kimi, İran siyasi rəhbərliyinin susqunluğu, gözləmə mövqeyində durması, yalnız Azərbaycan Prezidentinin hərbi diplomatiyasının uğur qazanmasına yaxın ölkəmizi "müdafiə etməsi" İranın Azərbaycana qarşı ikili münasibətinin göstəricisi idi. Hətta İkinci Qarabağ savaşında Şərqi Azərbaycan əyalətinin kəndi - Culfa şəhərinin Siyahrud (Qaraçay) bölgəsindəki Dizəl kəndi yaxınlığında yerləşən, 1995-ci ilin sentyabrında İranla Ermənistan arasında açılmış Nurdüz sərhəd körpüsündə Ermənistana gedən yük maşınlarının artması, qida, tikinti, energetika ilə yanaşı, hərbi ləvazimatların daşınması da cənubi azərbaycanlılarda ciddi narazılığa səbəb olmuşdur. Bu, İranın Ermənistana növbəti dəstəyi, təcavüzkar, terrorçu ölkəyə açıq-aşkar yardımı idi. Halbuki, bütün sənəd, fakt, mənbə, elmi ədəbiyyat və arxiv sənədlərinə istinad edəndə bütün dünyaya bəlli olduğu kimi, müsəlman İran İslam Respublikasına da məlumdur ki, bir çox dövlətlərin də dəstəklədiyi uydurma "qondarma erməni soyqırımı", "erməni problemi", "erməni məsələsi" Osmanlı dövlətinə, Türkiyə Respublikasına, Azərbaycan Respublikasına, eləcə də türk-müsəlman xalqlarına qarşı hazırlanmış bir plandır. İranın isə təcavüzkar Ermənistana dəstəyi, İran Konstitusiyasına, eyni zamanda İslam prinsiplərinə tamamilə ziddir”.
S.Talıbli qeyd edib ki, İranın coğrafi mövqeyindən asılı olaraq Tehran Azərbaycan Respublikası ilə nəqliyyatın müxtəlif sahələrindən istifadə etməklə iqtisadi əlaqələr yaratmaq imkanlarına malikdir. Azərbaycan Respublikasının İranla dəniz nəqliyyatı, Bakı-Təbriz-Tehran dəmir yolu, Bakı-Astara-İran avtomobil yolu mövcuddur.
“Bu gün iqtisadi münasibətlər Azərbaycan-İran əməkdaslığının mühüm istiqamətlərindən biridir. Ölkələrimiz arasında iqtisadi-texniki və ticarət əlaqələrinin inkişafına təkan verən amillərdən biri də əlverişli kommunikasiya xətləri vasitəsilə neft emalı, birgə neft daşınması sahəsində əməkdaşlığın olmasıdır. Eyni zamanda, hər iki ölkənin əlverişli nəqliyyat sisteminə malik olması, iqtisadi əlaqələrin formalaşmasına təkan verə bilən müxtəlif istehsal sahələrinin mövcudluğu mühüm iqtisadi əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası 2005-ci ildə "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Saziş"ə qoşulub. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa-Cənubi Asiya-Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək. 2014-cü ilin dekabrından isə Bolaşakdan keçərək Qazaxıstandan birbaşa Türkmənistana, Etrek-Qorqan (Akayla) keçidi ilə isə İran dəmir yoluna birləşən yeni dəmir yolu xətti istifadəyə verilib.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Qərb marşrutu (Həştərxan-Mahaçqala (Rusiya)-Samur-Astara (Azərbaycan)-Astara-Rəşt-Qəzvin (İran) bu dəhlizin strateji hədəfi, məqsədləri baxımından ən optimal olanıdır. Amma ən ucuz və daha tez başa gələn, daha az resurs tələb edən Qərb marşrutunun tam gücü ilə işləməsi 14 ildir ki, ləngiyir. Halbuki, bu marşrutla dəmir yol daşımaları Şərq marşrutu ilə müqayisəyəgəlməz dərəcədə üstünlüklərə malikdir. Dəhlizin Qərb marşrutu ilə Cənub-Şərqi Asiyadan Avropaya yüklərin daşınması 10-15 faiz ucuz başa gələcək. Yüklərin Süveyş kanalı vasitəsilə daşınmasında 800 km daha az məsafə qət ediləcək. Eyni zamanda, daşıma müddəti 20 gün azalacaq və yüklər daha etibarlı yolla mənzilbaşına çatdırılacaqdır.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan üzərindən keçən Qərb marşrutunun reallaşmasının zəruriliyi İran Prezidenti Həsən Ruhaninin 2014-cü ildə Azərbaycana səfəri zamanı bir daha gündəliyə gəldi. Prezident İlham Əliyev və Həsən Ruhani Bakıda iki il əvvəl birgə bəyanatla çıxış etdilər. Dövlət başçıları Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasının hər iki tərəfin marağında olmasını, nəqliyyat dəhlizinin bütün bölgə üçün əhəmiyyətini, İranın Qara dənizə və Avropaya, Rusiyaya çıxışını təmin edəcəyini açıqladılar. Bu bəyanatın Bakıda verilməsi də mühüm mesaj idi və Azərbaycanın Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin işləməsi üçün uzun illərdən bəri göstərdiyi səylərin ilk bəhrəsi sayıla bilərdi.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi həm də çox mühüm geosiyasi layihədir və Cənubi Qafqaz regionunda, Xəzər bölgəsində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır, Ermənistanın beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı planlarının üzərindən xətt çəkir. Azərbaycan Rusiyanın Cənuba, İranın isə Şimala önünü açmaqla region üçün geosiyasi sabitliyin təmin edilməsi və risklərin aradan qaldırılmasında mühüm rol oynayır.
Azərbaycan İranla nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlığı müsbət qarşılamış, bunları imzaladığı sənədlərdə, əməli fəaliyyətdə də sübut etmişdir. Lakin digər sahələrdə olduğu kimi, nəqliyyat və kommunikasiya sahəsində də İran tərəfi yenə də ambisiya nümayiş etdirmiş, münasibətlərin üstündən xətt çəkərək Azərbaycanın regional güc mənbəyi rolu oynamasını həzm edə bilməmişdir. Demək ki, İran tərəfi üçün imzalanmış müqavilələrin hüquqi tərəfi və etibarlılığı yoxdur. Təbii ki, regiondan təcrid olunan İran üçün Azərbaycanla əməkdaşlıq daha vacibdir. Çünki Azərbaycan Respublikası İranla münasibətlərə hər hansı ideoloji, irqçi, təzyiq və s. amildən deyil, regional əməkdaşlıq, mehriban qonşuluq prizmasından yanaşmışdır”.