İŞİD süni intellektə nəzarəti də ələ keçirib

09:50 23.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Washington Post” qəzeti məqaləsində İŞİD-in martın 22-də Rusiyanın paytaxtı Moskvada Crocus City Hall konsert zalına hücumdan sonra yayımladığı xəbər videosuna diqqət çəkilib.

Hafta.az-ın yazdığına görə, İŞİD-in Xorasan qolunun üzərinə götürdüyü hücumda azı 145 nəfər ölüb, 500 nəfər yaralanıb.

Hücumdan 4 gün sonra - martın 26-da İŞİD hadisə ilə bağlı xəbər videosunu yayıb.

Radikal qrupların internetdəki fəaliyyətlərini izləyən Amerika konsaltinq şirkəti SITE Intelligence Group-un paylaşdığı məlumata görə, canlı xəbər bülleteni videosu kimi təqdim edilən görüntülər süni intellektlə yaradılıb.

Şirkətin mütəxəssisləri İŞİD-in süni intellektlə dəstəklənən “News Harvest” adlı video platforma quraraq təbliğat apardığını bildiriblər. 92 saniyəlik videoda dəbilqə və avadanlıq geyinmiş xəbər aparıcısı deyir ki, Moskva hücumu terror əməliyyatı deyil, İŞİD-lə İslama qarşı mübarizə aparan ölkələr arasında gedən şiddətli müharibənin bir hissəsidir.

Süni intellektlə yaradılan xəbər aparıcıları bülletenlərdə İŞİD-in “Al Naba” və “Amak” media platformaları tərəfindən hazırlanan mətnləri oxuyurlar.

SITE Intelligence Group-un qurucularından Rita Katz, İŞİD-in mart ayından etibarən hər həftə süni intellektlə yaratdığı xəbər bülleteni videolarını paylaşdığını ifadə edərək deyib: “Süni intellekt İŞİD üçün oyun qaydalarını dəyişəcək. Bu, onlara qanlı hücumlarını genişləndirmək və demək olar ki, dünyanın hər tərəfinə çatmaq imkanı verəcək”.

Qəzet, “News Harvest”də mart ayından bu yana 6 videonun yayımlandığını, İŞİD-ə bağlı təşkilatların Niger, Kamerun, Nigeriya, İraq və Suriya kimi ölkələrdə həyata keçirdiyi əməliyyatlar haqqında məlumat verdiyini bildirib.

Xəbərdə deyilib ki, təşkilatın hansı süni intellekt proqramlarından istifadə etdiyini müəyyənləşdirmək mümkün olmayıb.

Digər tərəfdən, Vaşinqtonda yerləşən Yaxın Şərq Media Araşdırmaları İnstitutundan Steven Stalinski, bülletenlərin İŞİD-in rəsmi media qolu olan “Əl Həyat” tərəfindən hazırlanmadığını, lakin təşkilatın Suriyada xüsusi süni intellekt bölməsi yarada biləcəyini söyləyib.

SITE Intelligence Group-un təhlilinə əsasən, videolar “Hisad” adlı istifadəçi tərəfindən yayımlanıb. Bu şəxsin kim olduğu haqda məlumat paylaşılmayıb.

Stalinski İŞİD tərəfdarlarının “X” və Telegram kimi proqramlardan, eləcə də mesajlaşma platforması Rocket.Chat-dan təbliğat üçün yararlandığını bildirərək, şirkətlərin bu məzmunları nəşrdən silə bilmədiklərini deib.

Digər tərəfdən xəbərdə bəzi İŞİD tərəfdarlarının süni intellektlə insan fiquru yaradılmasına reaksiya verdiyi də bildirilib. Qeyd olunub ki, “Hamed 123” adlı istifadəçi adı açıqlanmayan gizli mesajlaşma proqramı vasitəsilə videoları hazırlayan “Hisad”a "Çizgilərdə və ya animasiyalarda üzünüzü göstərməyin, bu haramdır" sözlərini yazıb.

“Hisad”, "Bu məsələ ilə bağlı Şeyxlə danışdım və o, animasiya və ya süni intellektlə çəkilmiş rəsmlərin göstərilməsinin haram olduğunu bildirdi" deyə cavab verib.

Oxunma sayı 232