İstehlak kreditlərinin çətinləşdirilmiş şərtləri - Problemin görünməyən tərəfləri

14:42 15.11.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda bankların problemli kredit portfeli mühüm bir fərmanla həllini tapdı. Ancaq bundan sonra da yeni problem ortaya çıxmağa başlayır. Daha banklardan asan şərtlərlə kredit almaq mümkün deyil. Eləcə də banklar istehlak kreditlərinin verilməsində maraqlı deyillər. Minimum əmək haqqı qaldırılsa da, vətəndaşa təklif edilən kredit məbləği onu qane etmir.  Bəs banklar hansı addımları atmalıdır ki, nə şiş yansın, nə də kabab?

Bank məsələləri üzrə eksper Əkrəm Həsəov hafta.az-a bildirdi ki, banklar hər bir halda ödəmə qabiliyyəti olan şəxslərə kredit verməlidir. Ekspertin fikrincə, vətəndaş aylıq ödənişi etdikdən sonra qalan məvacib onun dolanışığına çatmalıdır:

“Bu məsələdə hər bir bankın öz yanaşması ola bilər. Yəni, Maliyə Bazarlarına Nəzarət palatası 2016-ci ilin aprelində müəyyən edib ki, vətəndaşın gəliri yaşayış minimumundan üç qat çox olmalıdır. Bu, o deməkdir ki, yaşayış minimumu Azərbaycanda normaldır. Əgər vətəndaşa əlində olan pulla dolana bilmirsə, əvvəl-axır ödəmə qabiliyyətini itirəcək. Mimimum əmək haqqının artırılması o demək deyil ki, hamının əmək haqqı artdı və buna kredit vermək olar. Banklar əvvəl kredit verəndə qeyri rəsmi gəlirlərə üstünlük verirdilər. Bank orta məktəb müəllimini kredit verəndə baxırdı ki, hansı fənndən dərs deyir. Əgər idmandan dərs deyirsə ona yüksək məbləğdə kredit vermirdi. Amma, ingilis dili, riyaziyyatdan olan müəllimə istədiyi məbləği verirdi. Bilir o şəxs repititorluqla da məşğul olur, əlavə gəliri ola bilər. Təəssüf ki, Azərbaycanda kölgə iqtisadiyyatı hələ də qalır. Mən kredit şərtlərinin çətinləşdirilməsinin tərəfdarıyam. Çünki gələcəkdə ödəyə bilmədikdə vətəndaşlar üçün, sosial və psixoloji problemlərə çevrilir. Hətta banklar üçün də bu problemdir. Bizdə əmanətlər üzrə də faizlər çoxdur”.

İqtisadçı ekspert İlham Əzizovun məsələyə isə münasibəti belə oldu:

“Banklar ictimai məsuliyyəti olan biznes müəssisələridir. Qanunun imkan verdiyi qədər pul qazanmaq onların təbii haqqlarıdır. Hal-hazırda istehlak kreditlərinin həcmi əhəmiyyətli dərəcədə çoxdur. Bu onların qısa vaxtda və yüksək gəlirliliklə geri dönməsinin nəticəsidir ki, banklar da bu işdə maraqlıdırlar. Real sektora kredit qoyuluşunda banklar ona görə maraqlı deyillər ki, vəsait geri gec qayıdır və risklidir. Qaldı istehlak kreditlərini əhalinin götürə bilməməsinə. Bu kreditlərdə normalda əhali maraqlı olmamalıdır. Çünki, faizlər çox böyükdür. Amma qanunla qadağan edilmədiyi və rəqabət şansı olmadığından əhali krediti bu banklardan götürməyə məhkumdur. Faizlərin və şərtlərin normal olmadıgı zaman-zaman gündəmə gəlir. Hətta Milli Məclisdə də müzakirə mövzusuna çevrilir. Ümumən bu məsələlərdə bankları yox, qanunları və qərarları müzakirə etməliyik”.

Sosial rubrikasından digər xəbərlər