İsveçli 76 yaşlı keşiş müsəlman oldu – Günün təzadları

18:14 12.03.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İsveçli 76 yaşlı Leif Skjetne adlı keşişin 2015-ci ildə 18 yaşlı bir miqrant uşağı himayəsinə götürməsindən sonra həyatının dəyişdiyi üzə çıxdı.

Hafta.az Deyerler.org-a istinadla xəbər verir ki, İsveçin Yönköpinq şəhərində 30 il keşişlik edən Leif Skjetne  müsəlman olduğunu elan edib.

İsveçin “Dagens” qəzetinə açıqlama verən Skjetne belə deyib: “2 il əvvəl Mərakeşdə məskunlaşaraq, adımı Əhməd olaraq dəyişdirmişdim. Keçən ay da müsəlman olmağa qərar verdim”.

İsveç Kilsə İttifaqına istefasını təqdim etdiyini bildirən Skjetne, 2015-ci ildə 18 yaşlı bir miqrant uşağı himayəsinə götürməsindən sonra həyatının dəyişdiyini bildirib.

Mərakeşli miqrant uşağın 2018-ci ildə deportasiya edildiyini və onun arxasınca Mərakeşə köçməyə qərar verdiyini vurğulayan Skjetne bunları deyib: “İsveçdəki bütün malımı, mülkümü satıb həyatımın geri qalan hissəsini Mərakeşdə yaşamağa qərar verdim”.

 

Moskva Tarixi məscidinin müəzzini namaz zamanı dünyasını dəyişdi

Rusiya paytaxtında Tarixi Məscidin müəzzini(azan verən) Rais Hanefeyev iş başında dünyasını dəyişdi.

Hafta.az bu haqda Rusiya mediasına istinadla xəbər verir.

Məlumata görə,  20 il bu məsciddə hər gün 5 dəfə azan oxuyan 60 yaşlı din xadimi  martın 10-da həmin ibadətgahda da haqq dərgahına qovuşub.

Məscid  nümayəndəsinin sözlərinə görə, çərşənbə axşamı Hanefeyev, hər zaman olduğu kimi, saat 12: 45-də başlayan zöhr(günorta) namazından öncə məscidə gəlib.

"O gün heç bir şeydən şikayət etmədi. Amma, yəqin ki, özünü pis hiss edirdi. Çünki azanı oxuya  bilmədi. İnsanlar nəsə olduğundan şübhələnərək namazdan sonra Raisi axtardılar, ancaq, təəssüf ki, yalnız cansız  cəsədini tapa bildilər"- deyə nümayəndə bildirib. 

Məscid əhlinin sözlərinə görə, müəzzin Rais Hanefeyev xeyirxah və fədakar bir insan olub. 

"Hamımız Allaha məxsusuq və hamımız onun hüzuruna qayıdacağıq... Yaxşı insan idi, yumşaq, mehriban adam idi. Hamınız onun üçün dua edin” -deyə möminlərdən biri çağırış edib.

Qeyd edilir ki, Moskvada Tarixi məscid kimi tanınan müsəlman ibadətgahı 1823-cü ildə Böyük Tatar küçəsində - Zamoskvoreçye Tatar icmasının tarixi mərkəzində inşa edilib.

 

İTV-nin əməkdaşı 6-cı mərtəbədən yıxıldı 

İctimai Televiziya və Radio Yayımları Şirkətinin eşitmə və danışma qüsurlu əməkdaşı Rasim Babayev qurumun inzibati binasının altıncı mərtəbəsindən yerə yıxıldı.

Hafta.az yazır ki, bu gün- martın 12-i təxminən saat 12:40 radələrində baş vermiş hadisə barədə "Report"a şirkətdən məlumat verilib.

Bildirilib ki, şirkət əməkdaşları tərəfindən dərhal Təcili Tibbi yardım çağırılıb: "Rasim Babayev xəstəxanaya aparılıb. Hazırda o, həkimlərin nəzarətindədir".

Məlumatda qeyd edilib ki, hadisə əməkdaşın birbaşa əmək funksiyalarını yerinə yetirən zaman yaşanmayıb: "Bununla bağlı aidiyyəti orqanlara məlumat verilib".

 

Dünyada bu heyvandan yalnız biri qaldı

Afrikanın Keniya ölkəsində 2 ağ zürafə öldürüldü.

Hafta.az Musavat.com-a istinadla  xəbər verir ki, bunu İşakbini Hirola qoruğunun rəhbərliyi açıqlayıb. Məlumata görə, qoruqda yalnız 1 erkək ağ zürafə qalıb.

Heyvanları brakonyerlərin öldürdüyü bildirilir.

Bundan başqa, həmin heyvanların albinos olmadığı vurğulanır. Onların rəngi mutasiya (leykizm) ilə əlaqədardır. Bu proses nəticəsində heyvanların dəri hüceyrələri piqmentasiyanı itirməyə başlayır.

Qeyd edək ki, ötən il Keniyanın Vəhşi Təbiət Mühafizəsi Xidməti dünyada ağ zürafələrin yalnız İşakbini Hirola qoruğunda yaşadıqlarını açıqlamışdı.

 

Salyana  meyit aparan təcili yardım maşını qəzaya düşdü

Təcili Tibbi Yardım maşını qəzaya uğradı. Hafta.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Bakı-Salyan şosesində  fevralın 12-i səhər saatlarında baş verib.

Ötən gün Ağciyər Xəstəlikləri İnstitutunda ölən şəxsin meyitini rayona aparan Təcili Tibbi Yardım maşını qəzaya uğrayıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Meyit hadisə yerinə çağırılmış başqa Təcili Tibbi Yardım maşını ilə rayona göndərilib.

Araşdırma aparılır.

 

Daha bir nazir koronavirusa yoluxdu

İspaniyanın bərabərlik naziri İrene Monteroda koronavirus aşkarlandı.

Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, bu hadisədən sonra ölkənin bütün nazirlərinin koronavirus testindən keçəcəyi bildirilib.

İspaniyanın baş naziri Pedro Sançez nazirlərlə iclasın videokonfrans şəklində olacağını açıqlayıb.

Qeyd edək ki, İspaniyada indiyədək 2 277 nəfər koronavirusa yoluxub. 55 nəfər virusun qurbanı olub.