Metyu Brayza ilə YAP-da görüş keçirilib

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt
Dünən ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza ilə Hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında bu qurumun sədr müavini Əli Əhmədovla görüş keçirilib. ABŞ səfirliyindən “Həftə içi“nə verilən məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında mövcud əməkdaşlıq münasibətlərindən bəhs edilib, bu əlaqələrin inkişaf perspektivləri barədə hərtərəfli fikir mübadiləsi aparılıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin ABŞ-ın bölgə ilə bağlı xarici siyasətində prioritet məsələ olduğunu vurğulayan M.Brayza rəsmi Vaşinqtonun bu istiqamətdə mühüm irəliləyişlərə nail olmaq üçün ciddi səylər göstərdiyini nəzərə çatdırıb. Bu gün Azərbaycanda islahatların həyata keçirildiyini qeyd edən səfir iqtisadi sahədə ciddi irəliləyişin əldə olduğunu bildirilib. Ə.Əhmədov Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllində ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın oynadığı rolun yüksək dəyərləndirildiyini bildirib və bu istiqamətdə ABŞ Administrasiyasının səylərini daha da artıracağına əminliyini ifadə edib. Bu gün Azərbaycanda həyata keçirilən islahatlara toxunan YAP rəsmisi qeyd edib ki, bu, uğurlu nəticələri olan islahatlardır və bu istiqamətdə atılan addımlar xalq tərəfindən böyük dəstəyə malikdir. Ə.Əhmədov görüşdə daha sonra ABŞ diplomatına YAP-nın hazırkı fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat verib.
Vüsal