ABŞ öz hərbçilərini Suriyadan İraqa çəkib

14:06 21.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Amerikalı hərbçilər qrupu Suriya sərhədini keçərək İraqın şimalında yerləşən Dahuk əyalətinə yollanıb.

İraqa, həmçinin 100-ə yaxın zirehli texnika da göndərilib.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında terrorçulardan təmizlənmiş bufer zonasının yaradılması məqsədilə “Sülh çeşməsi” əməliyyatının başladığını elan edib. Həmçinin Ankara bu sərhədyanı ərazilərdə suriyalı qaçqınları yerləşdirmək fikrindədir.

Oktyabrın 13-də Pentaqon rəhbəri Mark Esper Türkiyənin keçirdiyi hərbi əməliyyatlar səbəbindən Suriyanın şimalından minə yaxın hərbçinin çıxarılması prosesinə başlandığını bildirib. Oktyabrın 16-da ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Ayn-əl-Ərəb (Kobani) şəhəri rayonunda yerləşən hərbi bazasını tamamilə ləğv edib. Elə həmin gün koalisiya qüvvələri Suriyanın şimal-şərqində yerləşən Rakka və Tabku şəhərlərindən də çıxıb.

Suriyanın şimal-şərqində hərbi əməliyyatların müvəqqəti olaraq dayandırılması ilə bağlı oktyabrın 17-də ABŞ və Türkiyə arasında razılaşma əldə olunub. Sazişin şərtinə əsasən, terrorçular 120 saat ərzində Suriya-Türkiyə sərhədindən geri çəkməlidir.