“Abşeron“niyə sökülür?

15:15 20.02.2009
Yazını böyüt
Yazını kiçilt
Təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da xeyli populyarlaşmış, uzaq və yaxın keçmişimizi özündə əks etdirən mədəni və tarixi-memarlıq abidələrinin sökülməsi, onların yerində “göydələn“ və digər obyektlərin inşası ictimaiyyətdə həmişə narazılıq doğurub.
Onların arasında əsas yer tutan mehmanxanalardan bəziləri bir neçə il öncəyə qədər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) balansında olub. Qonaq evlərinin özəlləşdirilməsinə məhdudiyyət qoyulmadığından özəlləşdirildikdən sonra mehmanxanalar acınacaqlı duruma düşüb.
Nəsimi rayonunda - Vaqif və Azadlıq prospektlərinin kəsişməsindəki “Muğan“ Bakıda ilk sökülən otellərdəndir. Onun yerində 21 mərtəbəli bina tikilib. Səbail rayonunda Neftçilər prospekti - 63-də yerləşən “Köhnə “İnturist“ 1979-cu ildə hazırlanmış və Nazirlər Kabinetinin təsdiqlədiyi Bakının qoruq hissəsinin siyahısına daxil olan 850 abidədən biridir.
Onu 1930-cu ildə memar Aleksey Susev tikib. Özəlləşdiriləndən sonra 2000-ci ildə baş vermiş zəlzələdən ciddi zərər çəkib. Əvvəllər bərpası üçün əsaslı təmir ediləcəyi söylənilsə də, 2005-ci ildə baş verən yanğın nəticəsində 400 kv.m sahə tamam yanaraq külə döndü. Qəzalı duruma düşən obyekt mehmanxana kimi istifadəyə yararsız oldu. Ona görə də sökülməsi və yerində ona oxşar binanın inşası gündəmə gəldi. Deyilənlərə görə, obyekt tanınmış iş adamı İsgəndər Xəlilova məxsusdur. Lakin layihə gizli saxlanıldığından obyektin neçə mərtəbəli olacağı və onun hansı adla adlandırılacağı bilinmir.

“Bakı“ və “Gənclik“
unudulub

Bir neçə il öncə “Gənclik“də əsaslı təmirə başlanılsa da, 3 ildir proses naməlum səbəbdən dayandırılıb və giriş qapıları bağlı qalıb. 1960-cı illərdə tikilmiş “Bakı“nın rəhbərliyi ilə Türkiyənin “Budak“ şirkəti obyektdə təmirin aparılmasına razılaşsalar da, binanı satın alan “Alyans“ şirkəti onu sökməyə başlayıb. Bir neçə aydan sonra söküntüyə fasilə verilib. Əvəzində obyektin ərazisində 14 mərtəbəli 2 “göydələn“ inşa edilir. Onlardan biri “Alyans“a, digəri isə “İnşaat-il“ tikinti şirkətinə məxsusdur.
Nərimanov rayonunda Təbriz küçəsi - 2-dəki “Qarabağ“ turist mehmanxanasını “Uğur-97“ şirkəti 2004-cü ildə özəlləşdirib və həmin ilin aprel ayında sökmə əməliyyatına başlanılıb.
Orada park və istirahət mərkəzi, fəvvarələr salınmaqla bir neçə bloklu mehmanxananın tikilməsi gözlənilsə də, söküntü prosesi naməlum səbəbdən dayandırılıb və obyekt 3 ildir nəzarətsiz qalıb.

“Moskva“nı 37 mərtəbəli mehmanxana əvəzləyəcək

1970-ci illərin sonunda “Abşeron“ və “Azərbaycan“ otellərinin layihəsinin müəllifi, tanınmış memar Mikayıl Hüseynovun təklif etdiyi yeni layihə əsasında “Moskva“ tikilib. 1980-ci ildə istismara verilən mehmanxananın ümumi sahəsi 15.233 kvadratmetr olub. Bir müddət öncə sökülən “Moskva“nın yerində “Azinko-holdinq“ şirkəti 157 milyon dollarlıq 37 mərtəbəli mehmanxana kompleksini tikir.
“ANT-inşaat“ şirkətinin sökdüyü 17 mərtəbəli “İnturist-Azərbaycan“ mehmanxanasının yerində isə “Barova-tikinti“ MMC 5 ulduzlu “Hilton-hotel“ tikir. Onu da bildirək ki, yerli əhəmiyyətli və tarixi-memarlıq abidələri sırasında “Bakı“ 2872, “Köhnə “İnturist“ 3385, “Qarabağ“ 2875, “Abşeron“ isə 3395-ci yeri tuturdu.

Borclu mehmanxana...

“Abşeron“un fəaliyyətini qəfil dayandırması və sökülməsi ictimaiyyətdə hələ də çaşqınlıq yaratmaqdadır. Çünki əsl səbəblər hələ də dəqiq bilinmir. Deyilənlərə görə, gəlir olmaması üzündən borc içində üzən mehmanxananın sökülməsi yeganə çıxış yolu imiş. 1985-ci ildə tikilmiş 16 mərtəbəli “Abşeron“da 1 və 2 nəfərlik, lüks və yarılüks, həmçinin bir ailəvi otaq olmaqla 343 rahat nömrə olub. Onun nömrələrindən Azadlıq meydanına, Dənizkənarı Milli Parka və Bakı buxtasına açılan mənzərə, həmçinin çox rahat teatr, kino, muzey, ticarət və biznes mərkəzlərinə yaxın olması oteli cəlbedici edib. Fəaliyyəti dövründə milyonlarca insan onun qonağı olub. Qonaqların oteldə çevik qeydiyyatı, həmçinin aviabilet və turist səyahətlərinin sifarişi, avtomobil icarəsi və digər xüsusi xidmətlər 1-ci mərtəbədə yerləşən və 24 saat fəaliyyət göstərən qəbul şöbəsində həyata keçirilib. Mehmanxana şəhərciyinə 3-cü mərtəbədəki 70 nəfərlik “MUSCAD“, eləcə də“Grand City Club“ restoranları, “MUSCAD“ barı, xırda dükanlar, konqres zalları və 3-cü mərtəbədəki bilyard zalı, quru və kimyəvi təmizləmə otağı, avtomobil parkı, videokitabxana, vestibüldə daha çox futbol və pivə həvəskarlarının sevdiyi və 1-ci mərtəbədə yerləşən yeməkxana-bar, “Pasha Travel“ səyahət agentliyi yerləşib. 10-cu mərtəbədə qonaqlar 24 saat fəaliyyətdə olan internet xidmətlərindən istifadə ediblər. Tədbirlərin keçirildiyi konqres zallarına sahəsi 200 kvadratmetr olan “Grand City Club K3-1“, sahəsi 50 kvadratmetr olan “Grand City Club K3-2“, sahəsi 600 kvadratmetr olan Şərq konfrans otağı daxil olub. Göründüyü kimi, normal şəraitə malik “Abşeron“un heç də borc içində üzməsi inandırıcı görünmür. Amma onun borclu qaldığı qurum olub. 2002-ci il aprelin 7-dən qüvvədə olan “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında“ qanuna əsasən, bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən ödənişin alınması həyata keçirilməlidir. Həmin qanunun 9.1.4-cü maddəsində göstərilir ki, həmin ödəniş hər bir şəxs üçün sutkada şərti maliyyə vahidinin 1 mislindən çox olmamaqla müəyyən edilir. Sözügedən xidmətləri göstərən obyektin müdiriyyəti bu ödənişi müvafiq bələdiyyələrə ayda bir dəfə ödəməlidir. Ancaq ödənişi ödəmədiyindən “Abşeron“ rəhbərliyi ilə Səbail bələdiyyəsi arasında uzun illər problem yaşanıb.

Narkomanların məskəni?

“Abşeron“un adı əxlaqsızlıq və narkomanların məskəni kimi də hallanırdı. Hətta məşhur “ekstazi işi“ məhkəmə prosesindən məlum olub ki, yasaqlanmış həblərdən oteldə geniş istifadə edilib. Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə dindirilən boksçu, maşın ustası Əli İsmayılov ifadəsində göstərib ki, Bakının sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamov onu, tanışları Lera, Fərəh, Ruslan Rüstəmovu Dövlət Statistika Komitəsinin yaxınlığındakı evlərinə çağırıb. Mahir mətbəxdə cibindən çıxardığı 5 həbdən 1-ni yarı bölərək 1 paranı Əliyə, digərini Ruslana verib. Həbləri qəbul etdikdən sonra “Abşeron“a bilyard oynamağa gediblər. Əli həbin təsirini hiss etməyib. Bundan sonra Mahir ona 1 ədəd bütöv həb verib. Həbi “Rebdul“ içkisi ilə qəbul edən Əli 20 dəqiqə sonra onun təsirini hiss edib, öz hissləriylə bağlı maraqlı şeylər danışıb. Ekstazi Əlini necə cəlb edibsə, növbəti gün yenə istəyib. Yenə də Lera, Fərəh, Ruslan və Mahirlə birlikdə “Abşeron“ mehmanxanasına gediblər və hamısı ekstazi qəbul edib.

Beşulduzlu hotel

Hazırda “Abşeron“un sökülmə prosesinə traktorlar cəlb edilib. Binanın üst qatında kranlar və ekskavatorlar işləyir. Prosesin nə zaman başa çatacağı bilinməsə də, o, yenidən qurulduqdan sonra beşulduzlu hotelə çevriləcək. Təsdiqlənmiş eskizə görə, şüşə və betondan ibarət olan obyektin xarici görünüşü tamam dəyişəcək. Xüsusən hotelin şəffaf şüşə ilə bağlanacaq damı tanınmaz olacaq. Onun sonuncu mərbələrinin “metallik“, ümumilikdə binanın özününsə “xay-xek“ stilində qurulması planlaşdırılır. Hoteldə 200 nömrə, həmçinin konfrans-zal, biznes-mərkəz və bir neçə restoran fəaliyyət göstərəcək. Layihənin müəllifi İngiltərə arxitektoru Teylor Çepmendir. “Pasha Construction“ şirkətinin həyata keçirdiyi yenidənqurma işlərinin 2010-cu ildə başa çatacağı gözlənilir.


Təbriz Vəfalı
Oxunma sayı