“Tarixən İsrail - Türkiyə münasibətlərinin sərhədi olub“

15:15 19.10.2011
Yazını böyüt
Yazını kiçilt

Bülənt Aras: “1967, 1969 və 1980-ci illərdə də səfirliklər katibliklərlə əvəz olunmuşdu...“

İsrailin ətraf aləmdən təcrid vəziyyətdə saxladığı Qəzzaya yardım aparan “Mavi Mərmərə“ gəmisinə 9 nəfərin öldürülməsi ilə nəticələnən hücumundan sonra Ankara ilə Təl-Əviv arasında yaranmış gərginlik azalmaq bilmir. Əksinə, BMT-nin bu məsələdə İsraili günahsız, Qəzzanı mühasirədə saxlamasında isə haqlı elan edən məlum hesabatı bu iki ölkə arasında soyuq münasibətləri az qala düşmənçilik həddinədək dərinləşdirib. Bəs bundan sonra qeyd etdiyimiz düşmənçilik prosesi hansı müstəvidə inkişaf edəcək? İsrailin icazə verməyəcəyinə baxmayaraq, Qəzzaya yeni yardım karvanının göndərilməsinə az qalmış bu suallarla Türkiyənin Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, professor Bülənt Arasa müraciət etdik. Müsahibimiz söhbətə vəziyyəti daha da gərginləşdirən BMT-nin məlum hesabatına münasibət bildirməklə başladı.

- Hesabat heç də beynəlxalq ictimaiyyəti aldada bilməyəcək. Orada Qəzzanın mühasirə vəziyyətində saxlanılması, bu ölkə əsgərlərinin 9 türk vətəndaşı qətlə yetirməsi müəyyən formada əks olunub. Amma sənəd bütün hallarda İsrail tərəfin günahlarını ört-basdır etmək niyyəti güdüb. Bütün bunlara baxmayaraq, hesabatın İsrail tərəfin günahlı olduğunu beynəlxalq ictimaiyyətin nəzərinə çatdırdığını qətiyyən demək mümkün deyil.
- Bir halda ki, belədir, o zaman İsrail həmin sənədi niyə imzalamadı? Axı sənəd onun maraqlarına tam uyğun idi...
- Niyə də axı imzalamalıydı? İsrail əgər sənədə imza atsaydı, dünya birliyi başa düşəcəkdi ki, orada qeyd olunanlar tamamilə onu qane edir.
- O zaman demək olarmı ki, hesabat hazırlanarkən rəsmi Ankara İsraildən daha az işləyib araşdırma aparan qrupla?
- Hesab edirəm Türkiyə araşdırma aparan komissiyaya yetərincə dəlil-sübutlar, hüquqi mahiyyətli sənədlər təqdim edib. Komissiyanın tam müstəqil və bitərəf qərar verdiyi gözlənilirdi. Türkiyə həmişə BMT komissiyalarının qanuni fəaliyyət göstərdiyinə, haqqı nahaqqa qurban vermədiyinə inanıb. Bu səbəbdən də birdən-birə belə qərəzli bir nəticənin olacağını heç kim düşünməyib. Amma yenə deyirəm, Türkiyə hökuməti əlindən gələni edib, günah tamamilə komissiyanın üzərinə düşür.
- Son 10-15 ili götürsən, İsrail Livana hərbi hücumlar həyata keçirməsi, Suriyaya məxsus Colan təpələrini hələ də işğalda saxlaması, Qəzzanı mühasirəyə alması, “Mavi Mərmərə“yə qətllə nəticələnən basqın həyata keçirməsi və ardınca da BMT-nin bu hesabatı açıqlaması, sizcə nədən xəbər verir? İsrailin bu qədər özbaşınalıq etməsinin arxasında ABŞ görünmürmü?
- İsrail dünyanı başına alan böhrandan maksimum yararlanmaqdadır. Qlobal iqtisadi böhranın dərinləşməsi və eyni zamanda, qlobal təhlükəsizliyin təmin olunmaması fonunda regional güclər öz bögələrində “at oynatmağa“ başlayırlar. İndi bir məsələ var ki, ABŞ və Avropa Birliyi bögəyə təsir qüvvəsini itirib və qarşılığında yerli dövlətlər də heç nə etmək iqtidarında deyillər. Bütün bunlar israili istədiyi kimi davranmağa ruhlandırır.
- Bir vaxtlar Barak Obama hakimiyyətə gələndə hamı ABŞ-ın islam dünyasına münasibətinin dəyişəcəyini deyirdi...
- Amerika siyasətində qərarvermə prosesi olduqca mürəkkəbdir. Üstəlik, bu ölkə əhalisinin siyasi mövqeyi və yəhudi lobbisinin güclü təsirini nəzərdən qaçırmaq olmaz. Məncə ABŞ-ın İsrailin maraqlarını özününkündən üstün tutan bir dövlət kimi tanınması məhz bu baxışlardan irəli gəlir. Əslində Obamanın hakimiyyətə gəlməsi bəzi şeyləri dəyişib. Amma ABŞ - İsrail əlaqələri o qədər güclüdür ki, belə qısa vaxtda nəzərə çarpan dəyişiklik gözləmək mümkün deyil.
- Maraqlıdır ki, bu gün İsraildə iqtisadi-sosial səbəblərdən bəzi narahatlıqlar yaşanır. Necə bilirsiniz, hazırda İsrail əhalisi Netanyahunu dəstəkləyir?
- İsraildə heç də dünyanın digər ölkələrində baş verən xalq çıxışları təkrarlanmır. Bu bir oyundur. Orada yaşanan olaylar qədim yəhudi mədəniyyətindən qalma idarəetmə forması ilə yaradığı sionist ideologiyadan bəhərlənir. Aralıq dənizində türk qanı axıdan İsrail siyasətinin arxasında məhz bu düşüncə tərzi dayanır.
- Türkiyənin timsalında baş nazir Ərdoğan bu gün ərəb xalqlarının qəhrəmanına çevrilib. Hansı ki, ölkənizin ana müxalifətinin başçısı olan Kamal Kılıcdaroğlu “baş nazir ərəblərin sevgisini qazanmaqla başımıza oyunlar gətirdi“ deyir. Bəziləri isə bu fikirdədirlər ki, söz sahibi olan hər bir dövlət bəzən risklərə gedir və sair. Bu müstəvidə sizin fikriniz necədir?
- Məncə baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyənin maraqlarını öz istəkləri fonunda ortaya qoyub və uğurla müdafiə edib. Ərdoğanın ərəb dünyasında liderə çevrilməsinin təməlində demokratikləmə, insan haqları və ordu - mülkü əhali əlaqələridə dəyişiklik dayanır.
- Hazırda Türkiyə hökuməti İsraillə hər cür hərbi əlaqələri dondurduğunu elan edir, amma sonra raketdən müdafiə sistemini ölkə ərazisində yerləşdiməyə razılıq verir. Axı bu sistem İsrail torpaqlarını da qoruyacaq...
- Türkiyə NATO-nun üzvüdür və bu üzvlükdən doğan məsuliyyət daşıyır. Bundan əlavə, Türkiyənin son bir neçə ildə NATO-da göstərdiyi aktivlik əvvəlki bir neçə onillik ərzində göstərdiyi fəaliyyətlə müqayisədə daha güclüdür. Raketdən müdafiə sistemi NATO-nun neçə vaxtdır müzakirə olnan layihəsidir və onu İsralin təhlükəsizliyi səviyyəsinə endimək olmaz.
- Bildiyimiz kimi, hazırda Türkiyənin İsraillə diplomatik əlaqələri rəsmən 2-ci katib səviyyəsinə endirilib. Bunun sonu hara gedir sizcə?
- Türkiyə ilə İsrail arasında bundan əvvəl də belə diplomatik qalmaqallar yaşanmışdı - 1967, 1969 və 1980-ci illərdə səfirliklər beləcə katibliklərlə əvəz olunmuşdu, amma sonradan əlaqələr yenidən tam normala qayıdıb. Ümumiyyətlə, tarixən İsraillə Türkiyənin münasibətlərinin pisləşməsinin və yaxşılaşmasının müəyyən sərhədi olub. Türkiyənin şərtləri qəbul olunsa, vəziyyət yenidən düzələcək.
- Amma bu bir reallıqdır ki, Türkiyə - İsrail münasibətlərinin pisləşməsi bölgədə siyasi dəyşiklik yaradır...
- Bölgədə baş verən inqilablardan sonra yeni siyasi münasibətlər bərqərar olacaq. Amma nə Türkiyə, nə İsrail, nə də İran və sair kimi hansısa ölkə təkbaşına bu münasibətlərə stimul verə bilməyəcək. Məncə Türkiyə - İsrail gərginliyi bu məsələdə mənfi rol oynayacaq. Ən yaxşı çıxış yolu budur ki, ərəb ölkələri İsraillə əlaqələrində Türkiyədən örnək alsınlar. Baxın: baş nazir Ərdoğanın Qahirəyə səfərindən əvvəl misirli gənclər onu qarşılamaq üçün 1 milyon insanın imzasını toplamağa başlamışdılar. Məncə İsrail bu durumdan dərs almalıdır.
- Yeri gəlmikən, Ərdoğan Misirdə olarkən Qəzzaya gedəcəyini demişdi, amma getmədi...
- Qəzzaya gedəcəyi tarix dəqiq deyildi. Amma o, nə vaxtsa ora mütləq gedəcək. Əslində onun Qəzzaya getmək istəməsi mühasirədə qalan bir xalq üçün böyük əhəmiyyət daşıyır.
- İsrailin PKK-ya dəstək verdiyi də deyilir...
- Rəsmi Ankara ilə İsrial hökuməti arasında bu mövzuda müzakirə aparılmayıb. Şəxsən mən düşünürəm ki, heç bir dövlət hansısa terror təşkilatını dəstəkləməklə öz üzərinə məsuliyyət götürməz.
Vüsal Tağıbəyli