Ağstafada göl ətrafında raket, mərmi tapılıb

18:00 18.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağstafanın Ağgöl kəndi ərazisində silah-sursat tapılıb.

Bu barədə hafta.az-a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

2019-cu il 18 Sentyabr tarixində saat 12:03-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Ağstafa rayonu, Ağgöl kəndi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə göl kənarına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub.

Əl qumbarasının ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilən zaman əlavə olaraq 1 ədəd 100 mm-lik top mərmisi (BR-412) və 1 ədəd təlim məqsədli (tərkibində heç bir partlayıcı maddə olmayan) PQ-2 raketi aşkar olunub.

Aşkar olunmuş partlamamış hərbi sursatlar (PHS) zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.