Avropa Parlamentində hər hansı bir tədbir keçirilməyib

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt

Ayhan Dəmirçi: “Problemlərdən danışmağın mənası yoxdur“

Avropa Şurası Parlament Assambleyasının 32 deputatı Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış separatçı qurumun - “Dağlıq Qarabağ Respublikası“nın müstəqil dövlət kimi tanınması ilə bağlı birgə bəyanatla çıxış ediblər. Sənədi imzalayan deputatlar Avropa Şurasına üzv dövlətləri “Dağlıq Qarabağ Respublikasının qanuni seçilmiş hakimiyyəti“ ilə sıx əməkdaşlığa çağırıblar. AŞ PA-da yayılan sənəddə bildirilir ki, “Dağlıq Qarabağ Respublikası“ da Azərbaycan, Ermənistan və Gürcüstanla eyni vaxtda müstəqilliyini bəyan etsə də, hələ də Avropa Şurasına üzv qəbul olunmayıb. Qeyd edək ki, sənədə imza atanlar sırasında AŞ PA Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçisi Jorj Kolombye də var. Maraq doğuran imza sahiblərindən biri isə Belçikadan olan deputat Fatimə Səididir.
Belçikada fəaliyyət göstərən Türkiyə və Azərbaycan diasporu bu cür toplantı və təkliflərə qarşı etirazını bildirməlidir. Amma bu etiraz foması necə olmalıdır?
“Həftə içi“nə müsahibəsində Azərbaycan Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi məsələyə aydınlıq gətirdi.
- Belçikadan olan deputat Fatma Səidi türk deyil, məndə olan məlumata görə, ərəbdir. Avropada hər partiyanın öz maraqları var və kiminsə hansısa sənədə səs verməsində təəccüblü heç nə yoxdur. AŞ PA-da ümumilikdə 47 dövlət və onların 320-yə yaxın təmsilçisi var. Bunların çox az bir qismi təklif verib. Onlar da burada erməni lobbisinə yaxın olan şəxslərdir. Əslində bu məsələlərə ciddi yanaşmaq və prosesləri diqqətlə izləmək lazımdır. Lobbi işləri də bu tipli çalışmalarla başlayır. AŞ PA-da qrupu olan hər bir ölkə bu cür təklifləri verə bilər.
- Belçikada fəaliyyət göstərən türk və azəri diasporu bu məsələ ilə bağlı hansı addım ata bilər?
- Əvvəlcə güclü təsir imkanlarına malik və oturuşmuş lobbi fomalaşmalıdır. Belçikada fəaliyyət göstərən Türkiyə və Azərbaycan diasporu bu cür toplantı və təkliflərə qarşı etirazını bildirməlidir. Amma bu etiraz foması necə olmalıdır? Birincisi Azərbaycan diasporunun nümayəndələri Avropa Birliyində keçirilən bu tipli toplantılara qatılmalıdır. İkincisi, diaspor təşkilatları olaraq qrup yaradıb belə toplantılar keçirməli və təkliflər verməliyik. Üçüncüsü, Avropa parlamentariləri ilə yaxıq münasibətlər qurulmalı, Azərbaycan gerçəklikləri bu şəkildə dilə gətirilməlidir. Həmçinin bu parlamentarilərlə Avropa Parlamentində toplantılar təşkil edilməlidir. Dördüncüsü, kiçik qruplar yaradaraq Azərbaycanı maraqlandıran toplantılara qatılmalı və digər tədbir iştirakçılarını məlumatlandırmalıyıq. Bu tipli prosesləri həyata keçirmək üçün də güclü bir dəstəyə ehtiyac var. Əks təqdirdə, atılan bütün addımlar boş sözlərdən ibarət olacaq.
- Ümumiyyətlə, oradakı Azərbaycan və Türkiyə diasporunun Belçika, eləcə də Avropa Parlamentinə təsir imkanları hansı səviyyədədir?
- Belçikada fəaliyyət göstərən Azərbaycan və Türkiyə diasporunun Avropa Parlamentində təsiri məncə çox zəifdir. Azərbaycan həqiqətlərinin Avropa Parlametində səsləndirilməsində çətinlik müşahidə olunur. Bunun səbəbi də lobbi və təşkilatlarımızın zəif olmasından qaynaqlanır. Əgər güclü bir lobbimiz olsa, əlbəttə ki, bizlərin də müsbət nəticə verən fəaliyyətimiz ola bilər. Avropa Birliyində keçirilən çalışmalar və toplantılar əsasən Azərbaycan səfirliyi tərəfindən təşkil edilir. Qeyri Hökumət Təşkilatı adı altında Azərbaycan Belçika Dostluq Cəmiyyəti səfirliyə dəstək verir. Azərbaycan Belçika Dostluq Cəmiyyəti tərəfindən Avropa Parlamentində 2-3 tədbir keçirilib. Bundan başqa, QHT adı altında Azərbaycanla bağlı Avropa Parlamentində hər hansı bir tədbir keçirilməyib. Burdan da anlaşılır ki, diaspor və lobbi olaraq zəif durumdayıq.
- Nəyə görə bu yöndə toplantılar və müzakirələr aparılmır, layihələr həyata keçirilmir?
- Əslində bu sual problemlərə bir işarədir. Bunları açıq söyləmək lazımdır. Mən bir neçə dəfə Azərbaycan dövlət rəsmiləri və QHT təmsilçiləri ilə görüşüb müzakirələr aparmışam. Onlara Avropa və Azərbaycanda keçiriləsi olan önəmli layihələr barədə məlumat vermişəm. Müzakirələr zamanı bu layihələr dəstəklənib. Amma əməli işə gələndə bunların hamısı söz olaraq qalıb, praktiki heç nə həyata keçirilməyib. Danışmalı çox şey var. Amma danışmağımızın da bir mənası yoxdur.
Əli Zülfüqaroğlu