“Dərsliklər tələbata uyğun yazılmalıdır“

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt

Vaqif Rüstəmov: “Tarixi dövrlərimizi əks etdirən vəsaitlərin təkmilləşdirilməsi daha yaxşı olardı“

Təhsil sisteminə qayğı dovlət başçısının, hökumətin daim diqqət mərkəzində olan məsələlərdəndir. Yeni məktəblərin tikilməsi, təmirə ehtiyacı olan tədris binalarının yenidən qurulması çox böyük sürətlə davam etdirilir. Eyni zamanda, ümumitəhsil məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi, müntəzəm olaraq müasir üslubda yaradılması, avadanlıqlarla təchiz olunması təhsilimizin daha keyfiyyətli və səmərəli olmasına böyük təkan verir. Təbii ki, bu sahədə yeni dərsliklərin, əlavə müasir tədris materiallarının çap olunması da xüsusi əhəmiyyət kəsb edir. Tanınmış tədqiqatçı-pedaqoq Vaqif Rüstəmov Azərbaycan təhsilinin bugünkü durumu ilə bağlı öz fikirlərini belə açıqladı: “Müstəqilliyimiz bərpa edildikdən sonra təhsilimizdə islahatların keçirilməsi, eyni zamanda, inkişaf etmiş dövlətlərin sisteminə inteqrasiya sürətlə davam edir. Amma bu gün təhsilimizin inkişaf kodeksləri sözün əsl mənasında əvvəlki təhsil sisteminin alternativi kimi özünü göstərə bilmir. Çünki biz köhnə təhsil sisteminin rədd etməklə yeni təhsil sisteminə keçmişik. Ancaq yeni təhsil sisteminin də tam gücü ilə fəaliyyət göstərməsində müəyyən amillər ortaya çıxır. Bu isə müvəffəqiyyət əldə edilməsinə maneçilik törədir. İlk oncə dərsliklər tam tələbata uyğun yazılmalıdır. Dünya təhsil sistemində dərsliklər ümumtəhsil məktəblərində çalışan müəllimlər tərəfindən tərtib edilir. Çünki onlar tədris dövründə siniflərdə şagirdlərin bilik və maraq səviyyəsinin tutumunu gözəl bilirlər. Ona görə də dərsliklər onların yaş dövrünə uyğun hazırlanır. Bizdə istər V sinif, istərsə də XI siniflərdə proqramların həcm tutumu və mövzunun əhatəsi heç də fərqlənmir. Bəzən bu mövzular elə tərtib olunur ki, o mövzular yalnız ali təhsil ocaqlarına və ya daha yuxarı elmi tədris sahələrinə uyğun gəlir. Seçilmiş mövzuların hər bir cümləsində müəllim və şagird arasında yaranmış çətinliklərin böyük bir hissəsi mövzuda olan sözlərin izahına sərf olunan vaxtdır. Yəni mövzuda anlaşılmazlıq olduğuna görə bu müəllimləri də çətinliklər qarşısında qoyur. Xüsusən tarix dərsliklərində mövzuların əhatəsi çox vaxt 5-10 səhifədən ibarət olur. Əslində isə həmin mövzular əhatəli olmaqla bərabər yığcam yazılmalıdır. İstər Azərbaycan tarixində, istərsə də ümumdünya tarixində bütün mövzuların əhatəsi çoxluq təşkil edir. Tarixi hadisələri əks etdirən rəsmlər, illustrasiyalar azlıq təçkil edir. Düzdür, dərsliklərə aid əyani vəsaitlər, elektron dərsliklər olduqca çoxdur. Sozsüz bu sahəyə bizim marağımız daha böyükdür və həvəslə tarixi mövzuları müasir üslubda keçmək üçün elektron və əyani vəsaitlərdən istifadə edirik. Şagirdlər də bu vasitəyə həvəs göstərir və ona maraqla yanaşırlar. Tarixi dövrlərimizi əks etdirən vəsaitlərin təkmilləşdirilməsi daha yaxşı olardı. Fikrimi konkret misallarla da izah edə bilərəm. Məsələn, V sinif Ata Yurdu dərsliyinin giriş hissəsi çoxlu bölmələr əsasında qədim tariximizdən üzü bəri olan dövrləri əhatə edir. Bu bölmədə göstərilən fikirlər 9-10 yaşında uşaqların qavramasında çətinlik törədir. Güman edirəm ki, bu dərsliyi hazırlayan müəlliflər uşaqların yaş senzini nəzərə almalıdırlar. Ata Yurdu Azərbaycan tarixinin epiqrafik formada olan bir dərsliyidir. Burada mövzular qısa, yığcam və sadə olmalıdır. Müəyyən çətin ifadələrin mövzunun özündə izahı verilməlidir. Əfsus olsun ki, çox vaxt nə onun izahı, nə də izahlı lüğəti dərslikdə göstərilmir. Bu da müəllimin dərsin tədrisində artıq vaxt itkisinə çevrilir. Belə fikirlər XI sinifdə də davam edir. Yuxarıda qeyd etdiyim kimi, dərsliklər bilavasitə elm adamları tərəfindən deyil, müəllimlər tərəfindən tərtib edilməlidir“.
Qələndər Xaçınçaylı