Antiazərbaycan şəbəkə vətəndaşların iradəsinə təsir imkanından tamamilə məhrumdur - Millət vəkili

15:06 07.07.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Tarix boyu həmişə inqilablar verdiklərindən daha çox məhv etdikləri ilə yadda qalıb. Sivil cəmiyyətlərdə xalqlar öz inkişafını təkamül yolu ilə təmin edir. Azərbaycan xalqı da məhz belə xalqlardandır. Əslində biz hazırkı inkişafımıza, inkişafımızı təmin edən ictimai-siyasi sabitliyimizə bu gün inqilab arzu edən radikalların inqilablarından, onun ağır fəsadlarından qurtularaq gəlib çıxmışıq. Ona görə də Azərbaycan xalqının ictimai yaddaşında inqilab və təkamül hadisələrini müqayisə edəcək şəhadət hələ də canlıdır və əsla icazə verməz ki, hansısa marginallar yenidən onun siyasi qədəri ilə oynasın. Bu gün milli birlik və bərabərlik, milli enerjini milli maraqlar ətrafında səfərbər etmək zamanıdır".

Bunu hafta.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Millət vəkili bildirib ki, gələcəyimizi təmin etmək üçün buna ehtiyacımız var. Kim bunu dərk etmirsə, deməli, xalqımızın maraqlarını dərk etmir: "Kim bunu dərk edərək qəsdən buna qarşı çıxırsa, deməli, xalqımızın rifahını, firavanlığını istəmir. Məsələnin ümum ictimai-siyasi tərəfinə gəldikdə isə ölkəmizdə radikalizmi şərtləndirən heç bir səbəb yoxdur. Postsovet məkanında da, müsəlman Şərqində də artıq ”inqilablar", “bahar”lar oynubazlığı başa çatıb. Hansı xalq bu siyasi tələyə düşübsə, onun əziyyətini çəkir və uzun müddət də çəkəcək. Hansı xalq bunlardan ibrət dərsi götürməyi bacarıbsa, öz tarixi inkişafının növbəti mərhələsinə qədəm qoyub və tərəqqi yolunu davam etdirir. Biz ikincilər sırasındayıq və inkişaf yolumuzu davam etdiririk".
Millət vəkilinin fikrincə, Azərbaycanda xalq və hakimiyyət birliyi hökm sürür. Azərbaycan prezidentinin bütün təşəbbüsləri xalqımız tərəfindən ən yüksək səviyyədə dəstəklənir: “Keçirilən bütün seçkilərin nəticələri göstərir ki, xalqımız cənab prezident İlham Əliyevin siyasətinə dəstək verir. Xalq həmişə öz Prezidentini müdafiə edib və edir. Arxasında xalqı dayanan prezident çox güclü olur. İlham Əliyev məhz bu cür prezidentdir. Ona görə də Azərbaycanda bundan sonra da hər hansı qarışıqlıq yaratmaq, inqilab etmək kimi məkrli planların reallaşdırılması mümkün deyil”.
Hikmət Babaoğlu bildirib ki, Azərbaycan xalqı daha uzaqgörən və müdrikdir, gördüklərindən və yaşadıqlarından daha düzgün nəticə çıxarmağı bacarır: "Lakin belə görünür, hakimiyyət hərisliyi bəzi marginal qrupların gözünü elə bağlayıb ki, inqilabların baş verdiyi ölkələrdə xalqın hansı faciələrlə üzləşdiyini görmür, bəlkə də görmək istəmir. İnqilablar ölkələrə demokratiya gətirmir və gətirə də bilməz. İnqilablar həm insanların küçələrə çıxaraq qarşıdurmaya getməsi xaos, anarxiya və özbaşınalığın əlamətləridir. Uzun çəkən qarşıdurmalar, küçə yürüşləri və toqquşmalar istehsalın normal ahəngini pozur, iqtisadiyyatda durğunluq və geriləmə yaranır, sahibkarlığa olduqca mənfi təsir göstərir, xalqın həyat səviyyəsi sürətlə aşağı düşür. Ölkələrarası əlaqələrin zəifləməsinə, bəzən isə korlanmasına, müqavilələrin vaxtında yerinə yetirilməsinə əngəl yaranır, təhlükəsizlik baxımından insanlar çəkindiyindən turizmə ciddi zərbə dəyir, dövlətin beynəlxalq imicinə kölgə düşür. Bu sadalananların hamısı qısa müddətdə “ərəb baharı”nı yaşamış ölkələrdə yaşanıb və bu gün də həmin ölkələr inqilabın fəsadlarını yaşamaqdadırlar. Keçilən yolların təcrübəsi və yekunu bir həqiqəti təsdiq edir ki, inqilablar xalqa yox, onun “ixrac edildiyi” ölkələrdə məkrli maraqları olan dünya güclərinə gərəkdir. Azərbaycan xalqı bütün bunları yaxşı dərk etsə də, marginal müxalif qruplar bunu dərk etmirlər. Ancaq onlar, deyəsən, fərqində deyillər ki, prezident İlham Əliyevin nailiyyətləri, ölkədə gedən inkişaf, quruculuq prosesləri qarşısında tamamilə undulublar, xalq onları yox sayır. Bu və digər reallıqlarla barışa bilməyən antiazərbaycançı şəbəkə davamlı təxribat cəhdləri ilə ölkə vətəndaşlarının iradəsinə təsir göstərmək imkanından tamamilə məhrumdur".

Oxunma sayı 1868
Siyasət rubrikasından digər xəbərlər