Aqrar sahədə təlimçilər üçün təlim proqramının tədrisi davam edir - FOTO

18:38 09.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə ölkə üzrə aqrar sahədə peşəkar təlimçilərin formalaşdırılması layihəsi davam edir.

Hafta.az Nazirliyə istinadən bildirir ki, təlimdən əvvəl iştirakçılara layihə barədə məlumat verilib. Qeyd olunub ki, layihənin məqsədi Kənd Təsərrüfatı Nazirliyinin təlimçi və təlim bazasını möhkəmləndirmək, aqrar sektorun müxtəlif sahələri üzrə ixtisaslaşmış mütəxəssislər hazırlamaq, Nazirliyin və fermerlərin gələcək təlim ehtiyaclarını daxili imkanlar hesabına təmin etməkdir.

Cari ilin avqust ayından başlayan layihənin son təlimləri Azərbaycan Dövlət Aqrar Universitetində keçirilir. Belə ki, Aqrar Xidmətlər Agentliyi, Aqrar Elm və İnnovasiya Mərkəzi və Azərbaycan Dövlət Aqrar Universitetinin mütəxəssislərinə təlimçilər üçün təlim proqramı tədris olunur.

Təlimlər yekunlaşdıqdan sonra hazırlanmış təlimçilər öz ilkin təlimlərini hazırlayacaq. Bu təlimlər peşəkar təlimçilər tərəfindən qiymətləndiriləcək.

Layihə çərçivəsində həmçinin, yeni təlim qiymətləndirmə və dəyərləndirmə mexanizmi və təlimçilər üçün yaddaş kitabçası hazırlanacaq. Gələn həftə layihənin yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, bu ilin avqust ayının 1-dən Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının Təhsil və təlim şöbəsinin təşkilatçılığı ilə ölkə üzrə aqrar sahədə peşəkar təlimçilərin formalaşdırılması layihəsinə start verilib. Layihə çərçivəsində aqrar sahənin əsas istiqamətləri üzrə 120 peşəkar təlimçinin hazırlanması nəzərdə tutulur.