“AŞPA üçün hüquq və ədalət prinsipi əsas deyil” – Azər Badamov

16:01 06.06.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak etdi. Ölkə başçısı açılışda rayonun bir qrup idmançısı qarşısında çıxışı zamanı Prezident İlham Əliyev proqram xarakterli olduqca vacib məqamlara toxundu.

Ölkə rəhbəri çıxışı zamanı bildirib ki, bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır:

“Biz bütün bu ittihamları artıqlaması ilə onların özlərinə qaytarırıq. Qoy, bir bəyanat versinlər ki, indi bu dünyada bəzi ölkələrdə nələr baş verir. Polis zorakılığı, nümayişçilərə qarşı tətbiq edilən güc, nümayişçilərin öldürülməsi, onların gözlərinin çıxarılması, kütləvi surətdə həbs edilməsi, jurnalistlərin döyülməsi, həbs edilməsi, bunlar harada baş verir? Qərb ölkələrində. Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və bizi də heç maraqlandırmır, onlar bu saxta seçkiləri tanıyıblar, yoxsa yox. Əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar”.

Millət vəkili Azər Badamov hafta.az-a açıqlamasında bildirib ki, AŞPA üçün hüquq və ədalət prinsipi əsas deyil. Millət vəkilinin fikrincə bu qurum üçün əsas müvafiq dairələrin sifarişlərini icra etmək, insan hüquq və azadlıqları şüarı altında müəyyən ölkələrin daxilində sabitliyi pozmaqla bizim kimi ölkələrin güclənməsinə və müstəqilliyin möhkəmlənməsinə xələl gətirməkdən ibarətdir:

“Bu gün ABŞ və Qərb ölkələrində insanlara qarşı polis zorakılığı, döyülmə, itlərə yedirtmə, atların təpikləri altında tapdalama və öldürmə halları baş alıb getməkdədir. AŞPA belə halları görməməzliyə vurur və heç nə baş verməmiş kimi susqunluqla qarşılayır. Azərbaycanda isə karantin rejimi pozanlara, ölkədə siyasi sabitliyi pozmağa və dövlət müstəqilliyinə xələl gətirmək istəyənlərə hüquqi tədbirlər görüldükdə AŞPA-nın yadına insan haqları düşür. Ədalətsizlik və sifarişlərin yerinə yetirilməsi AŞPA-nın əsas fəaliyyət istiqamətidir. Cənab Prezidentin qeyd etdiyi kimi AŞPA-nın bizim haqqımızda qəbul etdiyi, hazırladığı hesabatlar bizim üçün kağız parçasından başqa bir şey deyil. Heç kimin məsləhətinə ehtiyacımız yoxdur. AŞPA isə öz ikili standartlara əsaslanan mövqeyini davam etdirməkdə olsun. Biz hüquqi demokratik dövlət yaratmışıq və ölkəmizdə insan hüquq və azadlıqları yüksək qorunur".

Oxunma sayı 1988
Siyasət rubrikasından digər xəbərlər