“Ermənistan qeyri-konstruktivlik göstərməkdə davam edir“

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev: “Ümidvaram, yaxın vaxtlarda münaqişə həllini tapacaq“

Dünən prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Azərbaycanda səfərdə olan Avstriya prezidenti Haynts Fişer və xanımı Margit Fişer ilə birgə görüşü olub. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin təkbətək görüşü keçirilib. Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub. Ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb. Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev görüş iştirakçılarına müraciətlə deyib: “Sizin səfəriniz bizim üçün, ölkələrimiz arasında əlaqələrin inkişafı üçün çox əhəmiyyətlidir. Əminəm ki, səfərin nəticələri çox uğurlu olacaqdır.
Biz bir sıra mühüm sənədləri imzalamağı və bir sıra müxtəlif məsələləri ətraflı müzakirə etməyi planlaşdırırıq. İkitərəfli münasibətlərin gündəliyi kifayət qədər genişdir. Biz Dağlıq Qarabağ münaqişəsinin həlli də daxil olmaqla enerji əməkdaşlığı, iqtisadi fəaliyyət sahələrində qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə etməyə hazırıq. Biz sürətlə inkişaf edən ikitərəfli münasibətlərimizdə yeni mərhələyə qədəm qoyuruq. Mən bilirəm ki, iqtisadi sahədə qarşılıqlı maraqlar vardır. İşgüzar dairələr arasında görüşlər keçiriləcəkdir. Mədəniyyət sahəsində də bizim yaxşı nəticələrimiz vardır. Mən düşünürəm ki, əməkdaşlığımızın səviyyəsindən qane ola bilərik. Əlbəttdə ki, Sizin səfəriniz bu əlaqələri daha da gücləndirir və əminəm ki, bu da çox yaxşı nəticələr verəcəkdir“.
Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer səmimi qəbul üçün minnətdarlığını bildirərək deyib: “Mən Sizin atanızın 2000-ci ildə Avstriyaya səfərini xatırlayıram. O vaxtdan on bir il keçmişdir, bir çox dəyişikliklər baş vermişdir. Böyük inkişaf vardır. Ölkəniz inkişaf tempi baxımından böyük addımlar atmışdır. Bu, çox təqdirəlayiqdir. Bu münasibətlə təbriklərimi bildirirəm. Mənə və məni müşayiət edən nümayəndə heyətinə səfərə dəvətinizə görə minnətdarlığımı bildirirəm. Sizin dəvətinizi böyük məmnuniyyətlə qəbul etdim. Nümayəndə heyətimizin tərkibi təkcə siyasətçilər və diplomatlardan ibarət deyildir. Bura, həmçinin işgüzar dairələrdən, elm, turizm və digər sahələrdən nümayəndələr daxildir“.
Daha sonra tərəflər arasında Ölkələrimiz arasında əməkdaşlığa dair sənədlərin imzalanma mərasimi olub. Avstriyanın “Krems Tətbiqi Elmlər Universiteti və Azərbaycan Turizm İnstitutu arasında əməkdaşlıq haqqında Saziş“i Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov və Krems Tətbiqi Elmlər Universitetinin idarəedici direktoru Hayns Boyer imzalayıblar. “SOCAR“ və “OMV“ şirkətləri arasında enerji layihələri üzrə Anlaşma Memorandumu“nu Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “OMV“ şirkətinin qaz və enerji məsələləri üzrə İdarə Heyətinin direktoru Gerhard Roiss imzalayıblar. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya Federal Nazirliyi arasında innovasiya və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya Federal Nazirliyinin Baş direktoru Andreas Rayxhardt imzalayıblar. Azərbaycanın Maliyyə Nazirliyi ilə Avstriyanın Federal Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumunu Azərbaycanın maliyyə naziri Samir Şərifov və Avstriyanın Federal maliyyə nazirinin müavini Andreas Şider imzalayıblar.
Sənədlərin imzalanma mərasimindən sonra dövlət başçıları mətbuat konfransı keçiriblər. Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış ediblər. Avstriyanın dövlət başçısını ölkəmizdə görməkdən bir daha məmnun olduğunu vurğulayan prezident İlham Əliyev deyib ki, Azərbaycan tərəfi bu səfərə böyük əhəmiyyət verir, çünki bu, Avstriya Federal Prezidentinin ölkəmizə ilk səfəridir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avstriya dövlətinin başçısına məlumat verdiyini qeyd edən prezident İlham Əliyev deyib ki, BMT və digər beynəlxalq təşkilatların qətnamələrinə baxmayaraq, Ermənistan məsələnin həllində qeyri-konstruktivlik göstərməkdə davam edir.
Dövlət başçısı ümidvar olduğunu bildirib ki, yaxın vaxtlarda münaqişə həllini tapacaq və Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək. Prezident İlham Əliyev vurğulayıb ki, ölkələrimiz arasında iqtisadi münasibətlər inkişaf edir və hazırda Azərbaycanda Avstriyanın 40 şirkəti fəaliyyət göstərir. Dövlət başçısı bu ilin əvvəlində Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında “Cənub“ qaz dəhlizi üzrə qəbul edilən bəyannamənin əhəmiyyətinə toxunaraq deyib ki, indi Azərbaycanın təsdiq edilən qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bu da həmin sahədə Avropa İttifaqı ilə əməkdaşlığa öz töhfəsini verəcək. Mədəniyyət sahəsində də əməkdaşlığı yüksək qiymətləndirən prezident İlham Əliyev bildirib ki, bu, xalqlar arasında münasibətlərə böyük töhfədir.
Azərbaycana böyük heyətlə gəldiyini qeyd edən Avstriyanın Federal Prezidenti Haynts Fişer bunun ölkəsinin Azərbaycan ilə münasibətlərə verdiyi böyük əhəmiyyətinin göstəricisi olduğunu vurğulayıb. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə təbriklərini çatdıran Avstriya dövlətinin başçısı əmin olduğunu bildirib ki, Azərbaycana gələn hər bir kəs son illərdə burada əldə edilən uğurlardan məmnun olacaq. “Avstriya Azərbaycan ilə diplomatik münasibətlər yaradan ilk ölkələrdəndir“, - deyən Haynts Fişer ölkələrimizin enerji sahəsində əməkdaşlığına toxunub. Avstriya dövlətinin başçısı qeyd edib ki, Avropanın enerji təhlükəsizliyi etibarlı əllərdədir. Bu sahədə müxtəlif layihələrin həyata keçirilməsi gözəl bazadır və bugünkü danışıqlar bir daha onu göstərib ki, Azərbaycan bu sahədə münasibətlərə böyük töhfə verir. Ölkələrimizin bir çox sahələrdə iqtisadi əməkdaşlığının inkişaf etdiyini deyən Avstriyanın Federal Prezidenti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb. Sonda dövlət başçıları jurnalistlərin suallarını cavablandırıblar.
Azad Əliyev