Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisi öz işinə başladı

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt
Bakıda “İteca Caspian LLC“ şirkəti və onun tərəfdaşı olan “İTE Group PLC“ şirkətinin təşkilatçılığı ilə 5-ci Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisi başlayıb. Sərginin açılışında çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov sərgidə 15 ölkədən 103 təhsil müəssisəsi və təhsil qurumunun iştirak etdiyini açıqlayıb. O bildirib ki, sərgidə təhsil imkanları təklif edən ali təhsil müəssisələri ilə yanaşı, Azərbaycan universitetlərinin məzunlarına iş təklif edən şirkətlər də var: “Çox sevindiricidir ki, Bakıda fəaliyyətə başlayacaq otel komplekslərinin hərəsi 350-370 iş yeri təklif edir. Onlar Azərbaycanda turizm proqramları üzrə kadr hazırlayan müəssisələrin məzunlarına üstünlük verirlər. Bu qədər təhsil və iş imkanlarının təklif olunması gənclərimizə xaricdə təhsil baxımından yaxşı seçim etmək imkanı verir“.
Nazir müavini qeyd edib ki, ötən illərlə müqayisədə bu il sərgidə iştirak edən şirkətlərin coğrafiyası, həm də karyera və təhsil imkanları təklif edən şirkətlərin sayı xeyli artıb.
“İteca Caspian LLC“ şirkətinin direktor müavini Bəhruz Hidayətzadə deyib ki, sərgiyə qatılanların 40 faizi yeni iştirakçılardır. Sərginin ümumi ekspozisiyasının 70 faizini xarici təhsil müəssisələri, 30 faizini isə yerli iştirakçılar təmsil edir. Ümumilikdə sərginin ekspozisiyasına 75-dən çox ödənişli və ödənişsiz fakültə daxildir. Sərgi daha çox yaşı 16-dan yuxarı olan ziyarətçilər üçün nəzərdə tutulub. Bu il Azərbaycanda “Turizm ili“ olduğundan sərgidə 23 təhsil müəssisəsi turizm sahəsi üzrə ixtisasları təqdim edir.
Sərgidə Azərbaycan Diplomatik Akademiyası (ADA) da iştirak edir. ADA-nın stendində təhsil ocağının bu il başlayan beynəlxalq münasibətlər və biznesin idarə olunması üzrə bakalavr proqramları, 2009-cu ildən həyata keçirilən diplomatiya və beynəlxalq münasibətlər üzrə magistr proqramı (MADİA), ixtisasartırma layihələri (Xarici siyasət proqramı və Xəzər hövzəsi ölkələrinin öyrənilməsi proqramı) barədə ətraflı məlumat əldə etmək mümkün olacaq.
Sevda Zahidqızı