Avropada Rusiyanın maraqlarına xidmət edən siyasətçilər – SİYAHIDA KİMLƏR VAR?

13:56 21.05.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukraynada Rusiyanın hərbi müdaxiləsi ilə başlayan müharibənin üç ayı tamamlanmaq üzrədir. Bu müddət ərzində Ukrayna rəhbərliyinə müxtəlif siyasi vədlər verən Qərbdə Moskvaya qarşı loyal münasibəti olan siyasətçilər özlərini büruzə verməyə başladılar. Məhz onların lobbi fəaliyyəti nəticəsində Kremlin maraqlarının müdafiəsi Qərbin digər dövlətlərə münasibətdə daha çox şəxsi mövqelərdən çıxış edən siyasətçilər tərəfindən idarə edildiyi arqumentini gücləndirir.

Təbii ki, bu cür fəaliyyətin nəticəsi olaraq Ukraynada dağıntıların miqyası genişlənir, insan tələfatı artır, ölkənin illər boyu əldə etdiyi butun infrastruktur məhv olur. Biz eyni ssenarini 1988-1994-cü illərdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində artıq yaşamışıq. Həmin illərdə və sonrakı 30 illik danışıqlar dövründə işğal altındakı torpaqlarımızda maddi, mənəvi irsimizin məhv edilməsi, minlərlə soydaşlarımızın qətlə yetirilməsinə göz yuman, bir çox hallarda işğalçıya dəstək verərək Azərbaycanı ərazi güzəştlərinə məcbur etməyə çalışanlar indi eyni tələbləri Ukrayna qarşısında qoymaqdadır. Bəs Avropada hazırda Rusiyanın lobbi maraqlarını müdafiə edənlər kimlərdir, hansı ölkələrdir?

Bir müddət əvvəl Ukrayna Prezident Volodimir Zelenskinin Fransa Prezidenti Emmanuel Makron haqqında dedikləri siyasi zəlzələ effekti yaratdı. Onun sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə son qoymaq üçün danışıqlara vasitəçilik etməkdə uğur qazana bilməyib.

“Biz Rusiya üçün çıxış yolu axtarmamalıyıq və cənab Makron əbəs yerə bunu edir”, - deyə Zelenski bildirib. Prezident həmçinin bildirib ki, Makron Putinin simasını saxlamaq üçün Ukraynanın suverenliyi ilə bağlı müəyyən güzəştlər etməyi təklif edib.

“Bu, düzgün deyil”, - deyə Zelenski bildirib. O əlavə edib ki, avropalı liderlər illərdir Rusiyaya və Putinə yanaşmaq istəyirlər. O, bu vəziyyəti Hitlerin dünyanın yenidən bölünməsi haqqında düşünməsinə şərait yaradılması ilə müqayisə edib.

Seçkilərdə Makronun əsas rəqibi olan Marin Le Penin də Rusiyaya loyal münasibətdə olduğu heç kimə sirr deyil. 

Fransada ifrat sağların rəhbəri hələ 2017-ci ilin fevralında CNN telekanalına müsahibəsində Rusiya ilə bağlı mövqeyini açıq şəkildə ortaya qoymuşdu.  Sitat:

“Rusiyanın Avropanın digər ölkələri üçün hərbi təhlükə olduğunu deyirsinizsə, məncə, vəziyyəti təhlil edərkən yanılırsınız”.

Həmin müsahibədə Marin Le Pen Krımın ilhaqını dəstəkləyərək yarımadanın sakinlərinin “özünü ruslar kimi hiss etdiyini” vurğulamışdı. "Krımın tutulması olmayıb" deyə o bildirib. Həmin ilin martında Vladimir Putin Fransanın ifrat sağçı partiyasının rəhbərini Moskvada təmtəraqla şəxsən qəbul edib.

Bu görüşdən bir neçə il əvvəl, 2014-cü ilin payızında Marin Le Penin Birinci Çex-Rusiya Bankından doqquz milyon avro kredit aldığı məlum olub. Sonradan bank müflis oldu və fransız ifrat sağçılarının borcu Rusiyanın dövlət şirkəti Aviazapchast tərəfindən satın alındı. Bu zamana qədər Le Penin partiyası 9,14 milyon avro borcun yalnız bir milyondan çoxunu ödəyib.

Fransa prezidentliyinə keçmiş namizəd Valeri Pekressin də Rusiya ilə gizli əlaqələrinin olması heç kimə sirr deyil. O, Rusiya ilə bağlı siyasi baxışlarını belə şərh edir:

"Rusiyanın siyasi geostrateji mövqeyi olduqca "orijinal"dır. O, Asiya ölkələri ilə həmsərhəddir, bu Çinlə mürəkkəb və eyni zamanda çox yaxın münasibətləri özündə ehtiva edir. Və eyni zamanda Avropaya yönəlib. Rusiya həmişə qaçılmaz təhlükə hissi ilə yaşayıb. Vladimir Putinin siyasətinin niyə həmişə sərhədlərin qorunmasına yönəldiyini anlamaq üçün bunu başa düşmək lazımdır. Və buna görə də Rusiya sərhədlərində həmişə belə böyük gərginlik olur. Rusiyanın Avropa ilə dialoqa ehtiyacı var, ona diqqət lazımdır, tanınması lazımdır”. Pekress rus ədəbiyyatına, Dostoyevski və Tolstoya necə aşiq olduğunu, on beş yaşında “rus dilini təkmilləşdirmək” üçün 1980-ci illərdə Sovet İttifaqına getdiyini, Krımda Gənc Kommunistlər Liqasının düşərgəsinə səyahətinindən ağızdolusu danışır. Putinlə görüşünü xatırlayır və s. Pekress özü xatırlayır ki, onu Putinlə prezident Sarkozinin dövründə Fransanın baş naziri olmuş Fransua Fiyon tanış edib. İndi dövlət vəsaitlərinin mənimsənilməsi işi üzrə mühakimə olunan Fiyon Rusiyanın ən böyük neft-kimya şirkəti olan “Sibur”un direktorlar şurasının üzvüdür. Həm Fiyonun məhkəməsindən əvvəl, həm də sonra Valeri Pekress partiya yoldaşını müdafiə edib.

Avropada Rusiyanın lobbi siyasətini həyata keçirən digər bir dövlət isə Almaniyadır.

Belə ki, Almaniyanın keçmiş kansleri Gerhard Schröder son günlər Almaniya mətbuatının mərkəzi simalarından birinə çevrilib. Şərhçilər və araşdırmaçı reportyorlar iki əsas məsələyə diqqət yetiriblər.

Birincisi: Ukrayna ətrafında vəziyyətin kəskin şəkildə gərginləşdiyi bir vaxtda Rusiya strukturlarında dördüncü yüksək postu tutmaq təklifi alan Vladimir Putinin alman dostu tərəfindən Rusiyanın xeyrinə lobbiçilik fəaliyyətini necə qiymətləndirmək olar? (Söhbət Qazprom və Rosneft-dən gedir)

İkincisi, Şröder Almaniya Sosial Demokrat Partiyasında (SPD) uzun müddət fəaliyyət göstərən yoldaşları ilə birlikdə partiyanın kansleri Olaf Şolzun rəhbərliyi altında mövcud Almaniya hökumətinin Rusiya və Ukrayna ilə bağlı siyasətinə nə dərəcədə təsir göstərir?

Birinci suala media çox yekdilliklə cavab verir. Almaniyanın birinci telekanalı ARD qeyd edir ki, Rusiya prezidenti alman dostunu “maaş və sərəncam alan” kimi qələmə verib. Jurnalist eks-kanslerin Putinin Navalnının zəhərlənməsi ilə şübhəsiz heç bir əlaqəsi olmadığı, NATO manevrlərinin Rusiyanı təhdid etdiyi, Ukrayna ilə bağlı dediklərini xatırlayır.

Süddeutsche Zeitung qəzeti də eyni nəticəyə gəlir: "Keçmiş hökumət başçısı Almaniyada Vladimir Putinin ən yaxşı adamıdır. O, bu rolda öz varislərinə və ölkəsinə zərər vururmu - o, görünür, belə kateqoriyalar haqqında düşünmür".

Ancaq burada hər şey artıq daha mürəkkəbdir. Şröder Almaniyada “Qazprom”un, daha geniş mənada Rusiya və Kremlin maraqları üçün fəal lobbiçilik edən yeganə tanınmış sosial demokrat deyil. Bunu SPD funksionerlərinin Moskva ilə çoxsaylı əlaqələrinə getdikcə daha yaxından baxan alman media redaktorlarının sayının artması da təsdiqləyir.

Yanvarın sonunda n-tv kanalının portalı “partiya daxilində Rusiyaya qarşı öz siyasətini aparan bütöv qruplar” haqqında yazıb. Məqalədə xüsusilə qeyd olunurdu ki, belə əlaqələrin mərkəzlərindən biri Aşağı Saksoniya federal əyaləti və onun paytaxtı Hannoverdir. Bu, Şröderin partiya karyerasını qurduğu, üç dəfə baş nazir seçildiyi və hələ də əsas iqamətgahının olduğu şəhərdir.

“Die Zeit” nəşri “sosial-demokrat siyasətçilər şəbəkəsinin Putin və təbii qaza aldanmağa necə icazə verdiyini və beləliklə, Almaniyanı şantaj qarşısında müdafiəsiz hala gətirdiyini” deyir. Daha sonra konkret adlar çəkilir.  Almaniyanın ən böyük qaz anbarı olan Rehden qaz anbarının 2014-cü ildə Qazprom-a verilməsinə icazə verən SPD-nin digər keçmiş sədri Ziqmar Qabriel.  ABŞ sanksiyaları altında Şimal axını 2-nin tikintisini başa çatdırmaq üçün 2021-ci ildə himayəsi altında fond yaradılan Meklenburq-Ön Pommern Dövlət Baş Naziri Manuela Schwesig (Manuela Schwesig).

Almaniya Daxili İşlər Nazirliyi yanında parlamentin sosial-demokrat dövlət katibi İohann Saathoff. Yanvarın 5-də o, keçmiş kanslerlə Hannoverdə şam yeməyində, guya, öz təşəbbüsü ilə görüşüb. Onunla "Rusiyada vətəndaş cəmiyyətinin vəziyyəti" haqqında danışıb. Fakt budur ki, Zatoff Daxili İşlər Nazirliyinə keçməzdən əvvəl Almaniya Xarici İşlər Nazirliyində işləyib və orada Rusiya, Mərkəzi Asiya və Şərq Tərəfdaşlığı ölkələri ilə cəmiyyətlərarası əməkdaşlıq üzrə koordinator olub.

Frankfurter Allgemeine Zeitung qəzetinin yazdığına görə, yeni hökumətin yüksək rütbəli nümayəndəsi ilə görüş faktı “SPD-nin keçmiş kanslerin və indiki rus lobbiçisinin təsirindən nə dərəcədə qurtulduğuna dair şübhələr yaradır”.

Üstəlik, bu görüşdə daha iki keçmiş SPD sədri - 2014-cü ildən Alman-Rusiya Forumunun sədri Matias Platzek və hazırda SPD-yə yaxın olan Ebert Fondunun rəhbəri Martin Şulz iştirak edib.

İclasın digər iştirakçısı Rusiyanın Hannoverdəki fəxri konsulu, sosial demokrat Heino Wiese idi ki, onu Frankfurter Allgemeine Zeitung belə xarakterizə edir: "O, əvvəllər Şröderin seçki kampaniyalarını təşkil edirdi və Rusiya ilə əlaqə yaratmağa kömək edən bir firmaya sahibdir. Wiese Kreml və Rusiyanın Suriyadakı siyasəti haqqında müsbət danışır.

Bu siyahını uzatmaq da olar. Lakin görünən oldur ki, Ruiyaya dəstək nümayiş etdirən, öz şəxsi maraqlarını hə şeydən üstün tutan bu siyasilər və onların partiyadaşları üçün Ukrayna, Azərbaycan, bu dövlətlərin hərbi işğal zamanı nələr yaşadıqları, beynəlxalq hüququn kobud və güc yoluyla pozulması heç də maraqlı deyil.

Oxunma sayı 105