Avstraliyanın aviaşirkəti ən uzunməsafəli fasiləsiz uçuş həyata keçirir

21:14 14.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avstraliyanın “Qantas” aviaşirkətinin həyata keçirdiyi London-Sidney aviareysi mülki aviasiya tarixində ən uzunməsafəli fasiləsiz uçuş olacaq. “Boeing 787-9 “Dreamliner” təyyarəsi ilə yerinə yetirilən aviareys 19 saat sürəcək və ekipaj 17 800 kilometr məsafə qət edəcək.

Hafta.az CNN telekanalının saytına istinadla xəbər verir ki, göyərtəsinə 50 sərnişin, o cümlədən ekipaj üzvləri və aviaşirkətin baş direktoru Alan Coysun olduğu “Dreamliner” təyyarəsi Bakı vaxtı ilə saat 11:00-da Londonun Heathrow aeroportundan havaya qalxıb. “Project Sunrise” layihəsi çərçivəsində həyata keçirilən bu uçuş uzunmüddətli aviareyslərin insan səhhətinə təsiri üzrə tədqiqat məqsədilə yerinə yetirilir. Təyyarədə olan mütəxəssislər uçuş zamanı pilotların beyin fəaliyyətini, göyərtədə işıqlandırmanı müşahidə edir, habelə sərnişinlərin fiziki vəziyyəti, yuxusu və qidalanmasını öyrənirlər. Sözügedən uçuşun müddəti bundan əvvəlki Nyu-York-Sidney aviareysindən daha az, məsafəsi isə çoxdur. Təyyarə Rusiya, Qazaxıstan və Çin hava məkanlarından keçərək Avstraliyaya daxil olacaq. “Boeing 787-9 Dreamliner” laynerində 300 sərnişin yeri var, amma təyyarənin həddindən artıq yüklənməsi yanacaq israfına səbəb ola bilər və bu səbəbdən ekipajın qadın komandiri Helen Trenerry baqaj yükləri olmayan hava gəmisini idarə edir.

Oktyabrın 21-də yerinə yetirilən Nyu-York-Sidney aviareysində qütblər arasında olan saat fərqinə uyğunlaşmaq da ciddi problem kimi tədqiq olunub. Nyu-Yorkda təyyarəyə minən sərnişinlər saat əqrəblərini Sidney vaxtına dəyişiblər və Avstraliyanın şərq hissəsində qaranlıq düşənədək yuxuya getməyiblər. Bu tədbir uzunmüddətli uçuşun orqanizmə mənfi təsirinin qarşısını almaq üçün görülüb. Eyni zamanda, pilotlara və sərnişinlərə təklif olunan yeməklərin seçimi də diqqət mərkəzində olub: onlara diqqəti cəmləşdirməyə kömək edən ədvalı menyu təqdim edilib. Uçuşun yeddinci saatında sərnişinlərin yatması üçün göyərtədəki işıqlar söndürülüb, onlar geniş kreslolar olan biznes-klass salonuna keçiblər.

Londondan uçan təyyarənin də texniki imkanları fasiləsiz uçuş zamanı tam salon sərnişinlərin və baqaj yüklərinin ağırlığını daşımağa qadir deyil. Çünki belə olan halda yanacaq sərfi artır. Məhz bu səbəbdən “Dreamliner”in göyərtəsində cəmi 50 sərnişin var, baqaj bölməsi isə tamamilə boş saxlanılıb.

Qeyd olunur ki, fasiləsiz uzunmüddətli uçuşlar üçün təyyarə istehsalçılarının yeni laynerlərindən – “Boeing-777” və “Airbus-A350”dən istifadə ediləcək.