“Ayaks”ın təcrübəsindən yararlanacağıq” - Aydin Karaca

11:05 13.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

 “Avropada Türkiyə türkləri olaraq sayımız demək olar ki, 10 milyona yaxındır. Yalnız Almaniyada yüzlərlə Türkiyə adı ilə bağlı futbol komandalarımız fəaliyyət göstərir. Digər Avropa ölkələrini də bura qatsaq belə klublarımızın sayı minə çatır”. Bunu hafta.az-a Almaniyada fəaliyyət göstərən AZE Nakhchivan-Köln SK klubunun prezidenti Aydin Karaca deyib:

“Apardığım araşdırmalara görə Avropada Azərbaycan adına professional anlamda fəaliyyət götərən klub yoxdur”  Biz AZE Nakhchivan-Köln SK klubunu təsis etdiyimiz zamanlarda Avropada yalnız Avstriyanın paytaxtı Vyanada Qarabağ klubu vardı. Aldığımız son məlumatlara görə o klub da satılıb. Bu hal əlbəttə  təssüffedicidir. Arzu edərdik ki, Avropada Azərbaycan adına futbol klublarının sayı çoxalsın. Bu cür olması Azərbaycan futbolunun inkişafına ciddi töhfə verə bilər.

Hazırda Avropada fəaliyyət göstərən peşəkar Azərbaycan klubu yoxdur. Biz də qərar verdik ki, Azərbaycanla  bağlı olan futbol klubu təsis edək. Bununla bağlı  bir araşdırma etdik. Sevindirici haldır ki, Qarabağ futbol klubu artıq Avropada tanınır, Bakının güclü Neftçi və digər klubları var.   Naxçıvan kimi qədim tarixi və zənginlikləri olan bir bölgənin beynəlxalq arenada tanınan futbol klubu yoxdur, eyni zamanda blokadada olan bu muxtar vilayətin tanınmasına ehtiyac olduğunu düşünürük. Naxçıvanın tanınması demək, Azərbaycanın tanınması deməkdir. Həm də Azərbaycan tarixinə baxdığımız zaman bu bölgə həm tarixin həm də tarixi şəxsiyyətlərin vətəni olub. İnanıram ki, komandamızla Avropada Azərbaycanın səsi daha güclü eşidiləcək”.

O, əlavə edib ki, futbolda səbr çox önəmlidir: “Əgər gələcəyə yönəlik uğur əldə etmək istəyirsinizsə mütləq səbr edəcəksəniz. İlk növbədə uşaq futbolunun inkişafı barədə düşünmək lazımdır. Bir çox komandaların uğursuzluqlarının əsas səbəbi alt yapının yetişdirib əsas heyətə gənc oyunçu verməməsidir. Bunun nəticəsində maddi potensial transferlərə sərf edilir. Bu da gələcək dönəmdə maliyyə sıxıntılarının yaranmasına səbəb olur. Biz əsas diqqəti gənc oyunçuların yetişməsinə, futbolçu bazasının formalaşdırılmasına yönəltməyə qərarlıyıq.

Komandanı qurmaqda digər məqsədlərimizdən biri də Azərbaycanın futbol klubları üçün təlim məşq mərkəzi formalaşdırmaqdır. Gələcəkdə Azərbaycan futbol komandaları Kölnə gələrək təlim məşq toplanışlarını məhz bizim mərkəzimizdə həyata keçirə bilərlər. Bir sözlə Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik. Bu Azərbaycan klubları üçün də əlverişli imkan deməkdir”.  

A.Karaca əlavə edib ki, Avropa uşaq futbolunda çox böyük yol qət edib: “Bu anlamda  Avropanın təcrübəsindən yararlanmamaq mümkünsüzdür. Hollandiyanın xüsusən “Ayaks” ın təcrübəsindən yararlanmağı qərara almışıq. Avropanın digər komandaları ilə əməkdaşlıq edərək onların da təcrübələrindən yararlannmağı planlaşdırırıq.

Bütün qurumlarla qapımızın açıq olduğunuzu,  bəyan etmək istəyirəm. AFFA ilə əməkdaşlığa maraqlıyıq və bu məqsədlə AFFA rəhbərliyinə də müraciət etmişik. Ümid edirik ki AFFA rəhbərliyi müraciətimizi müsbət dəyərləndirəcək və bizimlə yaxından əməkdaşlıq edəcək. Eyni zamanda media vasitətənizlə Azərbaycan futbol klublarına da müraciət edərək onlarla əməkdaşlığa hazır olduğumuzu bəyan etmək istərdim”.

Klub rəhbəri onu da qeyd edib ki, klubun açılışı 15 fevral 2020-ci il tarixində Almaniyanın Köln şəhərində keçiriləcək: “Açılışa bir çox yerli alman futbol mütəxxəsisləri, başqa ölkələrin də futbol ekspertləri dəvət olunub.  Klubumuzun strategiyası, məqsəd və vəzifələrini  qonaqlarımıza və mediaya açıqlayacağıq.

Komandamızın açılışında iştirak etmək arzu edənlər, facebookda fəaliyyət göstərən səhifəmiz vasitəsi ilə bizi tapa və buradan müraciət edə bilər”.