Ayın atmosferinin necə yarandığı müəyyən edilib

10:10 06.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Alimlər müəyyən ediblər ki, Ay atmosferi əsasən meteoritlərin zərbələri nəticəsində formalaşıb. Yerin peykində insanların nəfəs alması üçün hava olmasa da, göy cismi nazik atmosferlə əhatə olunub. Astronomlar bu atmosferin necə saxlanıldığı ilə çoxdan maraqlanırdılar.

Hafta.az-ın “Science Advances”ə istinadən yazdığına görə, elm adamları peyki davamlı olaraq vuran meteoritlər sayəsində atmosferin yeniləndiyini aşkar ediblər.

Təxminən 4,5 milyard il olduğu təxmin edilən Ay, həyatının ilk dövrlərində nəhəng meteor yağışlarına məruz qalmışdı.

Zamanla Günəş sistemindəki göy cisimləri arasında toqquşmalar kosmosdakı qayaları xeyli kiçildib. Lakin yeni araşdırmalara görə, Ay kiçik də olsa meteorlara məruz qalmağa davam edir və bunlar atmosferi doldurmaq üçün kifayət qədər təsir yaradır.

2013-cü ildə NASA tərəfindən buraxılan Lunar Atmosphere and Dust Environment Explorer (LADEE) kosmik gəmisi peykin atmosferini iki şeyə borclu olduğunu göstərdi.

Bunlardan birində Aya dəyən meteoritlər səthdəki materialları buxarlandıraraq onların yuxarı qalxmasına şərait yaradır. Bu maddələr ya kosmosa qaçır, ya da Ayda qalır, atmosferi yeniləyir.

Digər prosesdə isə günəş küləyi adlanan ulduzdan gələn yüksək enerjili hissəciklər enerjini səthdəki materiallara köçürür və eyni şəkildə atmosferi yeniləyir. Lakin alimlər bu iki prosesin atmosferin yeniləşməsində hansı rol oynadığını bilmirdilər.

Bu sirri aydınlaşdırmaq istəyən tədqiqatçılar NASA-nın Apollon missiyaları tərəfindən gətirilən Ay torpaq nümunələrini araşdırdılar. Alimlər 10 ayrı nümunədə kalium və rubidium izotoplarını analiz ediblər. Elementlərin müxtəlif versiyalarını təmsil edən izotoplar atom nüvəsində daşıdıqları neytronların sayı ilə müəyyən edilir. Daha çox neytron olan elementlər daha ağırdır.

Tədqiqatçılar daha ağır izotopların yerdə, yüngül izotopların isə atmosferdə qalma ehtimalının daha yüksək olduğunu deyirlər. Bundan əlavə, ağır və yüngül izotop nisbətlərinin meteoritdən və günəş küləyindən asılı olaraq dəyişəcəyi gözlənilir. Odur ki, yerüstü torpaqda qalan ağır izotopların miqdarı hansı prosesin rol oynaması haqqında fikir verməlidir.

Bunu hesablamaq üçün kompüter modeli yaradan tədqiqatçılar, Ay atmosferinin formalaşmasında meteoritlərin 70 faiz, günəş küləyinin isə 30 faiz paya malik olduğunu müəyyən ediblər.

Massaçusets Texnologiya İnstitutundan tədqiqatın həmmüəllifi Dr. Nikol Ni deyir: “Bizim tapıntılar Ayın səthi və atmosferinin uzun müddət ərzində necə qarşılıqlı təsir göstərdiyinə dair daha aydın təsəvvür yaradır və kosmik eroziya prosesləri haqqında anlayışımızı yaxşılaşdırır”.

Tədqiqatda iştirak etməyən elm adamları yeni tapıntıların digər göy cisimlərinin dərk edilməsinə kömək edə biləcəyini düşünürlər.

Böyük Britaniya Universitetindən Dr. Simon Barber deyir: "Aylarda və asteroidlərdə nazik atmosferlərin necə əmələ gəldiyini başa düşmək bizə bu cisimlərin necə müxtəlif olduğunu başa düşməyə kömək edə bilər".