Azərbaycan Avropa İttifaqının enerji və ticarətlə bağlı bir sıra məsələlərdə daha çevik yanaşma göstərməsini gözləyir - Hikmət Hacıyev-VİDEO

11:07 22.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev Belçikanın nüfuzlu "Euroactive" xəbər portalına müsahibə verib.

Hafta.az müsahibəni təqdim edir:

- Avropa İttifaqı-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti necədir, yeni ticarət sazişinə yaxınıqmı?

Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri onun xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Biz Avropa İttifaqı ilə bir çox müxtəlif sahələrdə əməkdaşlıq edirik. Azərbaycan ticarət sahəsində Avropa İttifaqının mühüm tərəfdaşlarından biridir. Həmçinin, Azərbaycandakı əsas investorlar da əsas etibarilə Avropa İttifaqı ölkələridir. Azərbaycan və Avropa İttifaqı təhlükəsizlik, nəqliyyat və eneji sahələrində yaxından əməkdaşlıq edir. Xüsusən enerji sahəsində Azərbaycan və Avropa İttifaqı strateji tərəfdaşlıq münasibətlərinə malikdir.

Bu il xüsusən ona görə əhəmiyyətlidir ki, biz TAP layihəsinin son hissəsini də tamamlayacağıq və artıq yay fəslinin ortalarında TANAP və TAP boru kəmərləri vasitəsilə Azərbaycan qazı fiziki olaraq Avropa İttifaqının ərazisinə daxil olacaq.

Biz, həmçinin Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesini başlatmışıq. Sənəd üzrə danışıqlar Avropa İttifaqı və Azərbaycan arasında hələ də davam edir. Müəyyən fundamental məsələlər var ki, tərəflər onlarla bağlı fərqli baxışlara malikdir. Bunula belə, hər iki tərəf konstruktiv yanaşma göstərməklə, mövqeləri yaxınlaşdırmaq istiqamətində birgə iş aparır. Saziş layihəsinin demək olar ki, doxsan faizi razılaşdırılıb. Lakin enerji və ticarətlə bağlı bir sıra məsələlər var ki, biz Avropa İttifaqının daha çevik yanaşma göstərməsini gözləyirik. Hesab edirik ki, Avropa İttifaqı sazişlə bağlı preferensial ticarət və ya digər ifadə ilə aqressiv ticarət yanaşması göstərməməlidir. İnanırıq ki, bu anlayışı əsas tutmaqla biz danışıqlarda irəliləyişə nail ola bilərik. Çünki bu məsələlər Azərbaycan üçün də strateji əhəmiyyətə malikdir. Bizim öz daxili islahatlar prosesimiz, iqtisadi prioritet və təşəbbüslərimiz var. Bu səbəbdən qarşılıqlı faydalı yanaşma göstərilməli və saziş elə tərtib olunmalıdır ki, o hər iki tərəfin ehtiyaclarına cavab versin.

- Son müsahibələrindən birində Prezident İlham Əliyev Şərq Tərəfdaşlığı siyasəti ilə bağlı elə də nikbin deyildi. Bu, dəyişibmi?

Mənim Prezidentim ümumilikdə Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə və bir çox sahələrdəki əməkdaşlığına toxundu. Şərq Tərəfdaşlığına gəldikdə, mənim Prezidentim bir daha qeyd etdi ki, Şərq Tərəfdaşlığı müxtəlif ölkələri bir araya gətirən çərçivədir və biz də bu prosesin tərkib hissəsiyik. Biz Şərq Tərəfdaşlığı proqramında iştirak edirik. Hazırda Şərq Tərəfdaşlığının bundan sonrakı inkişafı ilə bağlı danışıqlar və müzakirələr gedir. Lakin bizim üçün bu prosesin bütün tərəfdaşları əhatə etməsi və onlar arasında dərəcələndirmə aparılmaması olduqca vacibdir. Həmçinin, Şərq Tərəfdaşlığı elə tərtib olunmalıdır ki, tərəfdaş ölkələrin tələb və ehtiyaclarını ödəsin və həmin ölkəyə uyğun olsun. Azərbaycan Şərq Tərəfdaşlığını ümumi çərçivə kimi görür. Biz Şərq Tərəfdaşlığı çərçivəsində hər hansı bir donor dəstəyi və ya maliyyə yardımı axtarışında deyilik. Bizim bu geniş formatdan istifadə etməkdə məqsədimiz Avropa İttifaqı ilə əməkdaşlığımızı daha da genişləndirməkdir.

- Sizin fikrinizcə, Şərq və Qərb arasında bağlantıların yaxşılaşdırılmasında Azərbaycanın rolu nə olmalıdır?

- Ümumiyyətlə, “İpək Yolu” konsepsiyası Azərbaycanın bu məsələyə baxışı ilə üst-üstə düşür. Çünki Azərbaycan tarixən qədim İpək yolunun üstündə yerləşmişdir. Bu səbəbdən bu yol və Xəzər dənizi boyunca biz öz Mərkəzi Asiyalı tərəfdaşlarımızla birgə müxtəlif bağlantı mexanizmləri təsis edirik. Bu, yalnız nəqliyyata aid deyil. Bu, həm də informasiya və kommunikasiya texnologiyalarına aiddir. Azərbaycan Xəzər dənizi boyunca Mərkəzi Asiya, o cümlədən Çin və digər tərəfdaşları ilə birgə yeni fiber optik xətt inşa edir. Biz, həmçinin “İpək Yolu”nun dəniz və hava komponentləri üzərində işləyirik. Qısası, işlər yaxşı gedir. Biz Çin və Avropa İttifaqı arasındakı böyük ticarət dövriyyəsi potensialının fərqindəyik. Xüsusən də artıq istifadə verilmiş və tam işlək vəziyyətdə olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə Azərbaycan orta dəhliz qismində bu məsələdə öz rolunu oynaya bilər. Biz Avropa İttifaqından olan tərəfdaşlarımızla birgə çox işlər görə bilərik. Azərbaycan İran və Rusiya ilə birlikdə Şimal-Cənub istiqamətində də bağlantılar xətti yaratmağa çalışır. Azərbaycanın dəmir yolu sistemi Rusiyanın dəmir yolu sisteminə yaxşı inteqrə edilib və əlaqələndirilib. Hazırda biz Hindistan okeanı hövzəsi ölkələrindən Avropanın şimalına malların qısa müddət ərzində çatdırıla bilməsi üçün iranlı tərəfdaşlarımızla birgə işləyirik. Bunlar bizim tərəfdaşlarımızla birgə üzərində çalışdığımız imkanlardır. Düşünürük ki, artıq bu istiqamətdə yaxşı tərəqqi əldə olunub.

- NATO-Azərbaycan əlaqələrinin hazırkı vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Ötən il biz Azərbaycanın 1994-cü ildə qoşulduğu Sülh Naminə Tərəfdaşlıq Proqramının 25-ci ildönümünü qeyd etdik. O vaxtdan bəri NATO ilə əməkdaşlıq Azərbaycanda təhlükəsizlik və müdafiə islahatları sahəsində mühüm rol oynayıb. Müxtəlif NATO proqramları çərçivəsində verilən təhsil, təlim və məşğələlər Azərbaycanın öz müdafiə qabiliyyətini artırması və bu sahədə aparılan islahatlar prosesində mühüm vasitə olmuşdur. Hazırda Azərbaycan NATO tərəfindən etibarlı və öz öhdəliklərinə sadiq bir tərəfdaş kimi qəbul edilir. Mən qürur hissi ilə deyə bilərəm ki, bu gün Azərbaycan əsgərləri NATO müttəfiq və tərəfdaş ölkələri ilə çiyin-çiyinə Əfqanıstanda terrorizmlə mübarizə aparır və bu ölkəyə sülh və əmin-əmanlıq gətirməyə çalışır. Azərbaycan, həmçinin NATO müttəfiq və tərəfdaş ölkələri üçün həyati əhəmiyyətli yüklərin nəqliyyatında tranzit və logistik qovşaq kimi də mühüm rol oynayır. Biz inanırıq ki, siyasi məsləhətləşmələr və dialoqun daha da inkişaf etdirilməsi üçün potensial var. Brüsselə səfər çərçivəsində biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, ümumi siyasi və regional məsələlər üzrə “29+1” (NATO + Azərbaycan) formatında müzakirələr apardıq. Bu mənə NATO müttəfiq və tərəfdaş ölkələrindən olan həmkarlar və dostlara münaqişə barədə məlumat vermə imkanı verdi.

- Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı duruşunu necə qiymətləndirərdiniz?

Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı prinsipial və qəti mövqeyini müsbət qiyməndiririk. Bu mövqe Avropa İttifaqı və Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədində bir daha öz təsdiqini tapmışdır. Biz bu siyasətin xüsusilə də Avropa İttifaqının Vahid Xarici və Təhlükəsizlik Siyasəti sənədinin yerinə yetirilməsinə dair Avropa Parlamentinin qətnaməsində davam etdirildiyini görürük. Bu, Avropa İttifaqının bütün Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı öhdəlik xarakterli bir sənəddir. Bizim üçün bu, olduqca vacibdir və biz bu mövqeni təqdir edirik. Həmçinin, düşünürük ki, Helsinki Yekun Aktı və beynəlxalq hüquqdan irəli gələn bu fundamental prinsiplər heç bir ayrı-seçkiliyə yol vermədən, bütün Şərq Tərəfdaşlığı ölkələri də daxil olmaqla bütün münaqişələrə münasibətdə tətbiq edilməlidir. Biz bu siyasətin davam etdirilməsini və ATƏT, BMT və bəzi digər platformalarda Aİ-nin mövqeyi kimi əks etdirilməsini istərdik. Çünki ərazi bütövlüyü hər bir ölkə üçün vacib şərtdir.

- Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hər hansı perspektiv görürsünüzmü?

Mənim Prezidentim tərəfindən də deyildiyi kimi, təəssüf ki, ötən il münaqişənin həlli baxımından itirilmiş il olmuşdur. Biz bu münaqişənin həlli üçün hər hansı bir xüsusi hərəkət görə bilmirik. Əksinə, biz Ermənistan tərəfindən qeyri-məhsuldar, destruktiv siyasətin şahidi olduq. Danışıqlar prosesinin artıq təsis olunmuş formatının mövcudluğuna baxmayaraq, erməni tərəfi bu formatı dəyişməyə cəhd etdi. Ermənistan və Azərbaycan bu münaqişənin tərəfləridir və ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəçilərdir. Daha sonra erməni tərəfi çox yüksək səviyyədə “yeni ərazilər, yeni müharibələr” və “bir santimetr belə ərazinin qaytarılmayacağını” dedi. Nəhayət, Ermənistanın Baş naziri Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində “Dağlıq Qarabağ Ermənistandır” dedi. Bu, suveren bir dövlətin ərazisinin digər bir ölkənin rəhbəri səviyyəsində açıq şəkildə ilhaq edilməsi deməkdır. Bu, tamamilə qəbuledilməzdir. Bu, nəinki danışıqlara zərbə vurur, bütövlükdə danışıqlar prosesini dağıdır. Biz həmsədr ölkələrə, beynəlxalq ictimaiyyətə ismarıc göndərdik ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi!

- Yaxanıza taxdığınız nişan nəyi simvolizə edir?

- Bu nişan Azərbaycanda baş vermiş Qara Yanvar hadisələrinin 30-cu ildönümünü simvolizə edir. Hələ Sovet vaxtları idi və Sovet İttifaqının rəhbəri Mixail Sergeyeviç Qorbaçov Azərbaycanda fövqəladə vəziyyət elan edərək 26 min nəfərlik qoşunu Azərbaycana yeritdi. Yeganə məqsəd müstəqillik və azadlıq haqqında düşünən Azərbaycan xalqının iradəsini qırmaq, onu qorxutmaq idi. Tanklar və əsgərlər heç bir fərq qoymadan mülki etirazçılara qarşı gücdən istifadə etdi. Nəticədə 140 insan qətlə yetirildi, bir neçə yüz insan yaralandı. Onlar azadlıq, müstəqillik və ədalət istəyən günahsız mülki vətəndaşlar idi. Bu, Sovet rəhbərliyi tərəfindən kütləvi cəzalandırmanın bir elementi idi. Bu, müharibə və bəşəriyyətə qarşı cinayət idi.

Oxunma sayı 121