Azərbaycan “Buta“sı Avstraliyada

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt
“Azərbaycanfilm“ kinostudiyası və “Butafilm“ şirkətinin müştərək istehsalı olan “Buta“ filmi “The Asia Pacific Screen Awards“ (APSA) kinofestivalının “ən yaxşı uşaq filmi“ nominasiyasında Çin, Avstraliya, İsrail filmlərilə mübarizə aparacaq.

“The Asia Pacific Screen Awards“ (APSA), Asiya kinosunun ən nəhəng forumlarından biri hesab olunur. Bu il festivalın “ən yaxşı bədii film“ nominasiyasında Berlin və Kann kimi nüfuzlu kinoforumların qalibləri “Bir dəfə Anadoluda“ (rejissor Nuri Bilgə Ceylan, Türkiyə) və “Nadir və Simina“ (rejissor Əsgər Fərhadi, İran) filmləri mübarizə aparacaqlar. Festivalın Azərbaycandakı rəsmi nümayəndəsi “Nərimanfilm“ şirkətidir. “Buta“ filminin rejissoru və prodüseri İlqar Nəcəf bu layihənin üzərində üç ildən çox işləyib. “Buta film“ şirkətini də dostları ilə birlikdə, məhz, layihəni reallaşdırmaq məqsədilə yaradıb. Filmin çəkilişləri üçün Gürcüstan, İran və Rusiyadan mütəxəssislər cəlb olunub. “Buta“ poetik dillə danışılan həyat hekayəsidi (həyatın hekayəsidi). Burda nakam, muradına çatan və yeni cücərməyə başlayan sevgilər, yaşam və ölüm yan-yana addımlayır. Güclülər və zəiflər var. Rejissor həyatı, yaşamaq uğrunda aparılan əbədi mübarizəni uşaqların timsalında- onların münasibətlərində, çəkişmələrində, dostluqlarında göstərib: Çünki uşaqlar həmişə həqiqəti deyirlər. Filmin qəhrəmanı balaca Buta dünyaya saf, təmiz, sadəlövh gözlərlə baxır. Bunda təəccüblü heç nə yoxdu, zira uşaq belə olmalıdı. Ancaq bu, həm də filmin ideya müəllifi və rejissoru İlqar Nəcəfin dünyagörüşündəki sadəlövhlüyün və saflığın əksidi. Filmin quruluşçu operatoru Georji Beridze də, bəstəkarı Cavanşir Quliyev də işlərində “sadəlik, saflıq və işıq“ prinsipini əsas götürüblər. “The Asia Pacific Screen Awards“ (APSA) festivalının profesional kinematoqrafçılarını da bu saflıq, sadəlik, üstəgəl ideyanın peşəkarcasına reallaşdırılması cəlb eləyib. “Buta film“ şirkəti, çəkilişlərdə göstərdiyi dəstəyə görə “Azərbaycanfilm“ kinostudiyasının rəhbərliyinə və şəxsən Xamis Muradova, filmin “The Asia Pacific Screen Awards“ (APSA) festivalında iştirakına təşkilati dəstək verdiyinə görə isə “Nərimanfilm“ şirkətinin prezidenti Nəriman Məmmədova minnətdarlığını bildirir.
Nigar
Oxunma sayı 36