“Azərbaycan Əfqanıstanı bütün sahələrdə dəstəkləyir" - Səfir

19:47 17.09.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanın ölkəmizdəki səfirliyi Milli Gün münasibətilə rəsmi qəbul təşkil edib. Dövlət və hökumət rəsmilərinin, millət vəkillərinin, ölkəmizdə akkreditə olunmuş xarici diplomatik korpusun, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə öncə hər iki dövlətin himnləri səsləndirilib.

Əfqanıstanın ölkəmizdəki səfiri Xeyrullah Spelenayı Əfqanıstan-Azərbaycan münasibətlərinin inkişafından söz açıb. O, Azərbaycanın hər zaman Əfqanıstanı bütün sahələrdə dəstəklədiyini deyərək, buna görə hökuməti və xalqı adından Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Əfqanıstan-Azərbaycan Birgə İşçi Qrupunun iqtisadi və ticarət əməkdaşlığını təşviq etmək və genişləndirmək üçün ilk iclasının Bakıda keçirildiyini deyən diplomat iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığının təşviqi və genişləndirilməsi ilə bağlı protokol imzalandığını da xatırladıb. Onun sözlərinə görə, bu ilin birinci yarısında ölkələrimiz arasında ticarət əlaqələrin həcmi 56 milyon dollardan çox olub.

Səfir bildirib ki, Əfqanıstanın Ticarət və Sənaye Nazirliyi Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə birlikdə bu il oktyabrın 11-dən 14-dək Bakıda Əfqanıstan məhsullarının sərgisini keçirməyi planlaşdırır.

Bu ilin oktyabr ayında Qoşulmama Hərəkatı Təşkilatının Zirvə toplantısının Bakıda keçiriləcəyini deyən səfir əlavə edib ki, Əfqanıstan prezidenti və xarici İşlər naziri həmin görüşdə iştirak etmək niyyətindədirlər.

Azərbaycanın hökuməti adından tədbirdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə əlamətdar gün münasibətilə əfqan xalqını təbrik edib. Bildirib ki, iki ölkə arasında əlaqələr tarixi köklərə malikdir, hər iki xalqı tarix və mədəniyyət birləşdirir. Müxtəlif sahələrdə əlaqələrimiz sürətlə inkişaf edir. Azərbaycanda keçirilən “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransı ölkələrimiz arasında münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin inkişafına xüsusi təkan verib.

Ramin Quluzadə qeyd edib ki, Əfqanıstanın Bakı-Tiflis-Qars dəmir yolu xəttindən faydalanması bu ölkənin inkişafına böyük töhfə verəcək.

Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Əfqanıstanın ölkəmizin ədalətli mövqeyini və ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirib. Qeyd edib ki, Azərbaycanla Əfqanıstan arasında ticarət dövriyyəsinin həcmi artıb. Ölkələrimiz arasında enerji, kənd təsərrüfatı, nəqliyyat və müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün potensial mövcuddur.

Əfqanıstanla Azərbaycan arasında tarixən sıx dostluq əlaqələri mövcud olub. Günümüzdə Azərbaycan Əfqanıstana 3 istiqamətdə yardım edir. 1. Azərbaycan hərbçiləri NATO-nun Əfqanıstandakı missiyasının tərkibində iştirak edirlər. Hazırda Azərbaycanın 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandadır. 2. Azərbaycan Əfqanıstanın müxtəlif sahələrinə ianələr ayırır; məsələn: 2017-ci ilin sonuna qədər Azərbaycan Əfqanıstan Ordusunun müasirləşdirilməsi üçün 2 milyon avro xərcləyib. Azərbaycan Əfqanıstanın təhsil və təlim, infrastruktur və nəqliyyatının inkişafına da maliyyə yardımları ayırır. 3. Əfqanıstanın dövlət strukturlarında çalışan işçilərə Azərbaycanda müxtəlif sahələr üzrə təlimlərin keçirilir. Bu təlimlər Azərbaycan Xarici İşlər Nazirliyindən tutmuş Diplomatiya Akademiyası və müxtəlif nazirliklərə qədər stukturları əhatə edir.

Əfqanıstan Azərbaycanın müstəqilliyini 21 dekabr 1991-ci ildə tanıyıb. Ölkələrimiz arasında diplomatik münasibət isə 1994-cü ildə yaradılıb. Azərbaycanın Türkmənistandakı səfiri həm də Əfqanıstanda akkreditə olunub. Hazırda bu diplomatik missiyaya səfir Həsən Zeynalov başçılıq edir. Əfqanıstanın Bakıda səfirliyi isə 2012-ci ilin noyabrında açılıb. Hazırda Əfqanıstanın ölkəmizdə səfiri Xeyrullah Spelenayıdır.

 

P.S. “Həftə içi” qəzetinin kollektivi olaraq Əfqanıstanın ölkəmizdəki səfirliyinin, səfir Xeyrullah Spelenayı başda olmaqla, bütün diplomatlarını təbrik edirik.

Siyasət rubrikasından digər xəbərlər