Azərbaycan meyvəni daha çox hansı ölkələrdən alır? – Araşdırma

13:16 29.07.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan meyvə -tərəvəz istehsalı sahəsində MDB ölkələri arasında ən son pillələrdədir

Bu gün yerli bazarlarda alıclılara müxtəlif ölkələrdən idxal olunmuş  meyvə məhsulları təklif olunur. Müşahidələr göstərir ki, Azərbaycan xaricdən təkcə subtropik və tropik meyvələr idxal etmir. İdxal olunan meyvə məhsulları sırasında yerli iqlim şəraitdə yetişdilən gilas, şaftalı, ərik, çiyələk, alma, armud və s. kimi meyvələrə də rast gəlinir. Məsələn, bu gün Gürcüstan bazarında bir kiloqramı 40-50 qəpiyə təklif edilən Gürcüstan şaftalısı Azərbaycan bazarında 1manat 80 qəpik və ya 2 manat 20 qəpiyə təklif olunur. Bölgələrdə 40 qəpiyə təklif olunan eyniadlı yerli məhsul isə iri supermarketlərdə 1 manat 20 qəpik və ya 1 manat 40 qəpiyə satılır. İrandan gətirilən super əriyin kiloqramı 6-7 manat arasında dəyişir. Hazırda bazarlarda yerli əriyə nadir hallarda rast gəlmək olar. Satıcılar bunu ərik mövsümünün başa çatması ilə əlaqələndirirlər.

Yeri gəlmişkən, bu ilin ilk 5 ayı ərzində xarici ölkələrdən Azərbaycana 755 milyon 15,4 min dollar dəyərində yeyinti məhsulları gətirilib. Statistikaya görə, yanvar-may aylarında dəyər ifadəsində ən çox meyvə-tərəvəz, miqdar ifadəsində isə ən çox buğda idxal olunub. Belə ki, bu ilin ilk 5 ayında Azərbaycana xarici ölkələrdən 110,3 milyon dollar dəyərində 205,3 min ton meyvə-tərəvəz, 99,8 milyon dollar dəyərində 392,2 min ton buğda gətirilib. Nəticədə idxal olunan meyvə-tərəvəzin 1 kiloqramının gömrük dəyəri 53 sent (91 qəpik), buğdanın 1 kiloqramının gömrük dəyəri isə 25 sent (43 qəpik) olub.

Ümumilikdə, 2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən 156 ölkədən məhsul idxal olunub. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,5 faizi Rusiya, 15,0 faizi Türkiyə, 12,7 faizi Çin, 6,6 faizi Almaniya, 4,4 faizi ABŞ, 4,0 faizi Ukrayna, hər biri 3,5 faiz olmaqla İran və İtaliya, 2,7 faizi Birləşmiş Krallıq, hər biri 2,0 faiz olmaqla Koreya və Yaponiya, 1,7 faizi Fransa, 1,6 faizi Braziliya, 1,5 faizi Hindistan, 1,2 faizi Belarus, 20,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb. 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 2021-ci ilin yanvar-may aylarında buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər – 0,8 faiz, kartof – 14,7 faiz, çay – 6,7 faiz, təzə tərəvəz – 46,5 faiz, təzə meyvə – 1,4 faiz azalıb.

Maraqlıdır, görəsən, bu gün Azərbaycan daha çox hansı ölkələrdən meyvə idxal olunur? İdxal meyvələrinə hansı mövsümlərdə daha çox rast gəlinir? Tropik meyvələrlə yanaşı, ölkənin iqlim şəraitinə uyğun olan meyvə məhsullarının xaricdən gətirilməsinə səbəb nədir? Xaricdən idxal olunan meyvələr ekoloji baxımdan sağlamdırmı?

Məsələni hafta.az-a şərh edən kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, ümumiyyətlə, Azərbaycan meyvə -tərəvəz istehsalı sahəsində MDB ölkələri arasında ən son pillələrdədir:

“Açıq etiraf edək ki, bəzi ölkələrdə meyvə-tərəvəz istehsalı Azərbaycandan qat-qat ucuz başa gəlir. Məsələn, İranı götürək. Bu ölkədə meyvə-tərəvəz istehsalı çox ucuz başa gəlir. İranda dizel yanacağını kəndlilərə, fermerlərə bizim pulla 2 qəpiyə satırlar. Azərbaycanda isə dizel 80 qəpikdir, İrandan 40 dəfə bahadır. Eyni zamanda, İranda istehsal olunan məhsulu soyuducu anbarlarda uzun müddət saxlamaq da çox ucuz başa gəlir. Dediyim kimi, bu ölkədə həm elektrik enerjisi, həm də dizel istehsalçılara olduqca güzəştli qiymətə təklif olunur. Beləliklə, həmin məhsullar heç bir kimyəvi maddədən istifadə edilmədən uzun müddət saxlanıla bilir və istənilən vaxt da bazara çıxarılır. Monopolistlər İrandan məhsulu ucuz qiymətə alıb, burada dəfələrlə baha qiymətə təklif edirlər. Bilirlər ki, bizdə onsuz da yerli məhsul tələbatı ödəmir, həm də istehsal baha başa gəldiyindən istehsalçılar da istehsal prosesinə maraq göstərmirlər. Belə olan təqdirdə, monopolost qüvvələr öz qiymətlərini çox rahat şəkildə bazara diktə edə bilirlər”.

Ekspert vurğulayıb ki, hazırda Azərbaycan təzə meyvəni daha çox İran, Türkiyə, Gürcustan, Çin və Afrika ölkələrindən alır: “Daha çox alma, armud, şaftalı, ərik, sitrus meyvələri, bəzi hallarda üzum idxal olunur. Bir məqamı da vurğulayım ki, Azərbaycan son vaxtlar meyvə idxalını kəskin şəkildə artırıb. İxracımız azalıb, idxalımız çoxalıb. Bizim istehsal etdiyimiz məhsulun təəssüflər olsun ki, bir hissəsi zibilxanaya gedir. Bu onunla bağlıdır ki, bizdə məhsulun zamanında yığılması və həmin məhsulun soyuducu anbarlara yerləşdirilməsi, anbarlarda bir müddət saxlanılması prosesi vaxtlı-vaxtında aparılmır. Digər tərəfdən, bu proses çox baha başa gəlir. Mən başqa ölkələrdə də olmuşam, həmin ölkələrdə soyuducu anbarlar elə yerdə inşa olunur ki, hava isti olsa belə məhsulların saxlanılmasına təsir etmir. Bu məsələdə məhsulun yığılması, daşınması arasında məsafə çox önəmlidir. Digər bir məqam meyvənin yığım prosesidir. Bizdə fermerlərin əksəriyyəti meyvəni nə zaman yığmaq lazım olduğunu bilmir. Meyvə tam yetişməməlidir, bizdə onun tam yetişməyini gözləyirlər, tam yetişən meyvəni nəinki uzunmüddət, heç qısa müddətə saxlamaq olmur. Ona görə də yığımdan məhsulun soyuducu anbarlara yerləşdirilməsinə kimi olan dövr olduqca vacib sayılır. Bizdə bu dövrə əhəmiyyət vermirlər. Meyvə bir mərhələdə yetişdi, həmin etapda da məhsul bazara daşınır, satılan satılır, satılmayan da zibilliyə gedir. Beləliklə, yerli meyvə sezonu bağlanır. Bu fürsətdən istifadə edən möhtəkirlər isə bazara öz qiymətlərini diktə edirlər. Bizdə bazarda normal qiymət siyasətinin olmasını istəyiriksə, monopoliyanı aradan götürməliyik. Bu halda rəqabət mühiti yaranacaq və hansısa situasiyadan “yararlanmaq” istəyən sahibkarın cəzası isə müflisləşmək olacaq”.

Məsələnin iqtisadi tərəflərinə aydınlıq gətirən iqtisadçı-ekspert Akif Nəsirli bu gün Azərbaycana ən müxtəlif ölkələrdən təzə meyvə məhsulları idxal olunur:

“Bu məhsullar arasında sitrus, tropik meyvələrlə yanaşı, Azərbaycanın iqlim şəraitində yetişən meyvələr də var. Sitrus və tropik meyvələrin idxalı başadüşüləndir. Çünki ölkəmizin iqlim şəraiti həmin məhsulları yetişdirməyə imkan vermir. Sual oluna bilər ki, Azərbaycanın iqlim  şəraiti imkan verən məhsulları niyə idxal edirik? Səbəb olduqca sadədir, biz pomidor, xiyar, kartof, soğan, mövsümdə isə yemiş və qarpızdan başqa digər məhsullarda daxili tələbatı ödəyə bilmirik. Bu məhsullar üzrə də 80-90 faiz daxili tələbatı ödəmək imkanımız olur. Ona görə də bəzi məhsullar üzrə tələbatı 20 faiz, bəzi məhsullar üzrə 40-50 faiz xaricdən ödəmək məcburiyyətindəyik. Ümumilikdə, meyvə-tərəvəzə olan tələbatın 50 faizi xaricdən idxal hesabına qarşılanır. Amma bizə elə gəlir ki, yerli istehsalımız ola-ola məhsul idxal edirik. Lakin bir daha qeyd edirəm, məsələ burasındadır ki, bizim yerli istehsal kifayət qədər deyil. Məsələn, alma, armud, ərik, gilas istehsal edirik, amma kifayət qədər olmadığından xaricdən də alırıq. Ola bilər ki, alma yerli tələbatın 70-80 faizini qarşılasın. Amma ərik, şaftalı, gilas, armud tələbatı qarşılamır. Yerli istehsal tələbatı ödəsə, biz xaricdən çoxlu miqdarda məhsul da idxal etmərik”.

Ekspert vurğulayıb ki, əgər ölkəyə mövcud tələbatın 20 faizi dəyərində məhsul idxal edilərsə, bu qiymətlərdə ciddi dəyişiklik yaratmır: “Qeyd etdiyim göstərici 50 faiz və ya daha yuxarı olanda qiymət artımı müşahidə olunur. Çünki idxal 50 faiz və daha çox olanda artıq qiymət diktə edir. Bizdə məhsulların baha olmasının bir səbəbi də xaricdən gələn məhsulun diktəsidir. İnhisarçılar öz qiymətlərini diktə edir, yerli istehsal da az olduğuna görə, məcburdur ki, həmin qiymətlərə uyğunlaşsın”.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın üzvü, "Azad İstehlakçılar" Birliyinin sədri Eyyub Hüseynov deyib ki, ölkəyə idxal olunan meyvə-tərəvəz məhsullarının ekoloji cəhətdən keyfiyyətli olub-olmamasına AQTA və Kənd Təsərrüfatı Nazirliyi birlikdə nəzarət edir:

“Xaricdən meyvə idxal olunması təbii bir prosesdir. Çünki Azərbaycan bazarı dünya bazarına inteqrasiya olunmuş bir bazardır. Eyni zamanda, bazar iqtisadiyyatıdır, tələb varsa, təklif də var. Məndə olan məlumata görə, Azərbaycan Çindən, İrandan, Afrika ölkələrindən və s. təzə meyvə gətirir. Amma qiymət məsələsində bazarda şişirdilmiş qiymətlər diktə edir. Məsələn, banan MDB ölkələri arasında ən baha Azərbaycanda satılır. Biz bunu dəfələrlə dilə gətirmişik və bildirmişik inhisarçılıq meylləri aradan qaldırılmalıdır. Bunu ölkə Prezidenti də dəfələrdə çıxışlarında dilə gətirib. Çox təəssüf ki, ölkədə nə Antiinhisar Məcəlləsi var, nə də digər məsələr həllini tapır, nədənsə. aidiyyəti qurumlar bu məsələyə biganə yanaşırlar ”.

Oxunma sayı 2780