“Azərbaycan polisi iğtişaşa baxmayaraq yenə də səbr nümayiş etdirib” – Əli Hüseynli

13:11 21.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycanda xalq-iqtidar birliyi möhkəm dayaqlara söykənir və belə bir birliyə xələl gətirmək məqsədilə ölkə daxilindəki radikal müxalifət, xaricdə isə bir sıra qüvvələrin fəaliyyətini qanunsuz aksiyanın keçirilməsində müşahidə etdik".

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Yeni Azərbaycan Partiyasında oktyabrın 19-da keçirilən icazəsiz aksiya ilə bağlı danışarkən deyib.

O bildirib ki, bir müddət əvvəl "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişikliklər edilib: “Bu qanunda bir sıra vacib məsələlər əksini tapıb, o cümlədən, sərbəst toplaşmaq hüququnu həyata keçirən insanların hüquq və mənafelərinin qorunması məqsədilə qanunda bir sıra məhdudiyyətlər qoyulub. Bu məhdudiyyətlər Avropa İnsan Haqları Konvensiyanda mövcud olan məhdudiyyətlərdir. Biz onları oradan götürərək bizim milli qanunvericiliyə köçürmüşük”.

Əli Hüseynli qeyd edib ki, hüquq mühafizə orqanları həqiqətən də qanunsuz aksiya zamanı adekvat davranıblar: “Təəssüf ki, Avropa Birliyi özünün qeyri-adekvat mövqeyini nümayiş etdirib, bir sıra beynəlxalq təşkilatlar bundan sonra da yəqin ki, edəcəklər. Amma Avropa Birliyinə üzv olan ölkələr Fransada, İspaniyada son dövrlər qanunsuz toplantılar zamanı polisin davranışı ilə Azərbaycan polisinin davranışını müqayisə etmək mümkün deyil. Azərbaycan polisi iğtişaş cəhdinə, qanunsuz aksiyaya baxmayaraq yenə də çox səbr və təmkinlə, qanun normalarına uyğun olaraq davranış nümayiş etdirib".

Komitə sədri təəssüflə qeyd edib ki, bir sıra Qərb təşkilatlarının, səfirliklərinin nümayəndələrinin qanunsuz toplantının keçirilməsi və prosesin müşayət olunmasına müdaxiləsi ilə bağlı artıq təkzibolunmaz sübutlar görünüb: “Hesab edirəm ki, xarici işlər orqanlarımız xarici ölkələrin burada akkreditə olunmuş xidmətlərinə bu barədə xəbərdarlıq etsinlər. Bu, yolverilməzdir. Hesab edirəm ki, ictimai təşkilatlar, peşə birliklərinin də bu məsələ ilə bağlı mövqeyi vacibdir”.

Siyasət rubrikasından digər xəbərlər