Azərbaycan Texniki Universitetində əməkhaqları artırılıb

21:51 22.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 22-də Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbədənkənar iclası keçirilib.

AzTU-dan hafta.az-a bildirilib ki, iclasda universitetin rektoru, professor Vilayət Vəliyev Prezident İlham Əliyevin apardığı uğurlu sosial siyasətdən danışıb, davamlı olaraq həyata keçirilən bu siyasətin ölkəmizin inkişafında prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Rektorun sözlərinə görə, Texniki Universitetin əməkdaşlarının sosial durumlarının daha da yaxşılaşdırılması məqsədilə sentyabrın 1-dən onların əməkhaqları artırılıb.

Professor Vilayət Vəliyev qeyd edib ki, əməkhaqlarının artırılması “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli Fərmanının icrası çərçivəsində həyata keçirilən tədbirlərin davamıdır. Belə ki, yeni tədris ilindən dövlət sifarişi ilə təhsil alanların sayının və onlara ayrılan təhsil xərclərinin artırılması ilə bağlı müvafiq qərarlar verilib. Həmin qərarlara əsasən müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının magistratura və rezidentura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2019-cu il sentyabrın 1-dən orta hesabla 30 faiz artırılıb.

Gündəlikdə duran digər məsələ - “Əməkhaqqının diferensiasiyası ilə bağlı tədbirlərin görülməsi haqqında” məlumat verən rektor qeyd edib ki, diferensial əməkhaqqı sisteminin tətbiqi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçiriləcək. Əməkhaqlarının diferensiasiyasında məqsəd pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında elm, tədris və özünüinkişaf fəaliyyət istiqamətləri üzrə sağlam rəqabət mühitini gücləndirməkdir. Beynəlxalq praktikanın və Azərbaycan universitetlərinin bu sahədəki təcrübələrinin öyrənilməsinin vacibliyini bildirən professor Vilayət Vəliyev vurğulayıb ki, AzTU diferensial əməkhaqqı sisteminin tətbiqində öz modelini yaratmaq niyyətindədir.

Elmi Şura əməkhaqlarının diferensiasiyası sisteminin işləmə mexanizmi üzrə komissiyanın formalaşdırılması üçün işçi qrupunun yaradılması barədə qərar qəbul edib.

İclasda gündəlikdə duran bir çox məsələlər ətrafında müzakirələr aparılıb. Rektor sənaye inqilabları fonunda elmi araşdırmaların vacibliyinə diqqəti yönəldərək qeyd edib ki, tədqiqat universitetinə çevrilə bilməyən ali məktəblər inkişaf edə bilməyəcək.