“Bələdiyyələrə əlavə torpaq verməyə imkanımız yoxdur“

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt

Qərib Məmmədov: “Meşələri verək ki, onu da qırıb təzədən satsınlar?“

“Bu vaxta qədər bizə torpaqların qanunsuz zəbt edilməsi və digər belə problemlərlə bağlı 8 min şikayət daxil olub. Qanun pozuntularından 4 mini mütəxəssislər tərəfindən aradan qaldırılıb“. Bu fikirləri dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə dünən keçirdiyi mətbuat konfransında Dövlət və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.
O həmçinin vurğulayıb ki, 3,5 mln. əhaliyə torpaq mülkiyyəti verilib: “Ümumiyyətlə, ötən 20 ildə Azərbaycanda aqrar torpaq islahatları sahəsində 150-dən çox rəsmi sənəd qəbul olunub ki, bu da torpaq islahatlarına təkan verib. İslahatlar indiyədək davam etdirilir. Müstəqilliyin bərpasından sonra 232 kolxoz və sovxoz ləğv olunub, onlara məxsus torpaqlar əhaliyə paylanıb. Bundan başqa, bələdiyyələr yaradılanda onların sayı 2666 idisə, sonradan 2774-ə qədər artırılıb, daha sonra isə 1718-dək azaldılıb. Məcburi köçkünlərin məskunlaşdırılmasına gəlincə, bu günə qədər onlara 1582,8 ha ərazi ayrılıb. Bu ərazilər onlar üçün qəsəbələrin salınması, həyətyanı sahələr və kənd təsərrüfatı ilə məşğul olmaq üçün verilib. Həmin ərazilərdən 12,0 hektarı Abşeron, 627,4 hektarı Ağcabədi, 20 hektarı Göygöl, 634,4 hektarı isə Beyləqan və Füzuli rayonlarında ayrılıb“. Son vaxtlar yerli bələdiyyələrə əlavə torpaq sahələrinin ayrılması məsələsinin gündəmə gətirilməsinə münasibət açıqlayan komitə sədri buna rəhbərlik etdiyi qurumun imkanı olmadığını deyib. Hazırda ölkədə 1 718 bələdiyyənin fəaliyyət göstərdiyini önə çəkən Q.Məmmədov xatırladıb ki, onlara vaxtında dövlət torpaqlarının 23,5 faizi verilib. Türkiyədə bələdiyyələr tərəfindən onlara ayrılan torpaqlarda təsərrüfatlar yaratdıqlarını misal çəkən komitə sədri bildirib ki, Azərbaycan bələdiyyələri bunu edə bilməyib: “Onlar torpaqların böyük hissəsini satıb, az bir qismini isə icarəyə veriblər. Bunu bələdiyyələr vaxtında düşünməli, torpaq alış-verişi ilə məşğul olmalı deyildilər, əksinə, onlara ayrılan torpaqlardan səmərəli istifadə etməli idilər“. Dövlətin torpağının məhdud olduğunu xatırladan Q.Məmmədov bildirib ki, hazırda ölkədə 2,3 mln. hektar ərazi yaylaq-qışlaq torpaqları üçün verilib, 1,2 mln. hektarı meşə fondu, 200 min hektar isə su fondunun balansındadır: “Bələdiyyələrə torpağı haradan verək? Meşələri verək ki, onu qırıb təzədən satsınlar? Bir sözlə, Azərbaycanın o qədər ərazisi yoxdur ki, bələdiyyələrə əlavə torpaq sahəsi verilsin“. Sərhədlərin delmitasiyasına da toxunan komitə sədri MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycanın bu prosesi başa çatdırdığını söyləyib. Onun sözlərinə görə, Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana rəsmi səfəri zamanı iki ölkə arasında sərhədlərin delimitasiyasına dair yekun sənədlər imzalanıb: “Bu isə o deməkdir ki, Rusiya Azərbaycanın müstəqilliyini mövcud sərhədlər daxilində tanıyır“. Komitə sədri qeyd edib ki, hazırda Gürcüstanla Azərbaycan arasında sərhədlərin delimitasiyasına dair aparılan danışıqlar başa çatmaq üzrədir: “İki ölkə arasındakı sərhədlərin ümumi uzunluğu 480 km-dən bir qədər çoxdur. Bunun 300 km-dən çoxu razılaşdırılıb“. Q.Məmmədovun sözlərinə görə, “Bakı-Tiflis-Ceyhan“, “Bakı-Tiflis-Ərzurum“, “Bakı-Supsa“ və “Oğuz-Qəbələ-Bakı“ layihələri çərçivəsində komitə tərəfindən xəritələr də çəkilib: “Eləcə də Bakıda “Nəqliyyatın intellektual idarəetmə sistemi“ layihəsi çərçivəsində sifarişli xəritələr hazırlamışıq. Koreya, İsveçrə və Yaponiyadan alınan qrantlar hesabına bir sıra layihələr, o cümlədən kadastr, xəritəçəkmə, topoqrafiya və s. işləri həyata keçirmişik. Biz müasir rəqəmli xəritələr çəkirik ki, bu da o vaxtkı xəritələrdən daha dəqiqdir“. Komitə sədri öz açıqlamasında onu da söyləyib ki, Azərbaycanda əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində prezident İlham Əliyevin göstərişi ilə 203 min hektar sahədə əkin sahələri üçün yer ayrılıb. Bakıda fəaliyyət göstərən bəzi ali təhsil ocaqlarının paytaxtdan kənar digər yerlərə köçürülməsi və onların tikintisinə görə hansısa ərazidə torpaq sahəsinin ayrılmasına gəlincə, Q.Məmmədov bunun üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət daxil olmadığını vurğulayıb. Ancaq bununla yanaşı, Q.Məmmədov deyib ki, DTXK-yə hökumət tərəfindən rəsmi müraciət olunarsa, bu məsələyə baxıla bilər: “Ümumiyyətlə, hansısa ərazidə məktəb, yaxud tələbə yataqxanasının tikintisinə torpaq sahəsinin ayrılması üçün rəsmi müraciət olunması mütləqdir. Ola bilsin ki, bu məsələ ilə bağlı hansısa fikirlər var. Ancaq bu barədə bizə məlumat daxil olmayıb. Müraciət olunarsa, məsələyə baxıla bilər“.
Sevinc