Azərbaycan və yaponiyalı seysmoloqlar Xəzərdə birgə tədqiqatlara başlaya bilər

17:47 20.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaponiyanın “OYO” şirkətinin vitse-prezidenti Toti Hakada, baş mühəndis Eiti Uoide və katibi Sumiuo Qgo Azərbaycana səfər ediblər.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən hafta.az-a verilən məlumata görə, qonaqlar mərkəzdə baş direktor, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə görüşüblər.

Görüşdə “OYO” şirkəti ilə Respublika Seysmoloji Xidmət Mərkəzinin uzun illərdən bəri əməkdaşlıq edildiyi və tərəflərin bu əlaqələrin daha da genişləndirilməsinə maraqlı olduqları vurğulanıb.

RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli qonaqlara hazırda mərkəz tərəfindən aparılan tədqiqatlar barəsində ətraflı məlumat verərək, ikitərəfli əlaqələrlə yanaşı, birgə regional layihələr həyata keçirilməsinə dair təklif verib. Baş direktor birgə əməkdaşlığın tərəflər üçün də faydalı olduğunu bildirib.

Müzakirələr zamanı Xəzər dənizində birgə seysmoloji tədqiqatların aparılması və RSXM-nin dənizdibi seysmik stansiyalarının quraşdırılmasına yaponiyalı mütəxəssislər tərəfindən dəstək verlməsinə də toxunulub.

“OYO” şirkətinin vitse-prezidenti Toti Hakada Xəzər dənizində birgə əməkdaşlıqla bağlı təklifi müsbət qarşılayaraq, bu istiqamətdə layihənin hazırlanmasının mümkün olduğunu deyib.

Hazırda Yaponiyanın okeanda sualtı stansiyalarının fəaliyyət göstərdiyini bildirən qonaq Xəzər dənizində dənizdibi stansiyaların quraşdırılmasının Azərbaycanda aparılan seysmoloji tədqiqatların keyfiyyətinə də müsbət təsir göstərəcəyini deyib.

Görüşdə Toti Hakada RSXM-nin baş direktorunu 2020-ci ilin sentyabrında Tokioda keçiriləcək Beynəlxalq Seysmoloji Simpoziuma dəvət edib. Dəvət RSXM-nin baş direktoru tərəfindən qəbul edlib. Həmçinin tərəflər hazırda dünyada seysmoloji sahədə aparılan tədqiqatlarda istifadə edilən yeni cihazlar və texnologiyalara dair də fikir mübadiləsi aparıblar.

Siyasət rubrikasından digər xəbərlər